Ermənistan prezidentinin istefasının PƏRDƏARXASI - TƏHLİL

Ötən il Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri görünür bütün suallara cavab vermədi və bu işğalçı ölkədə ciddi daxili siyasi böhrandan çıxa bilmədi. Bu, yenicə istefa verən Ermənistan prezidenti Armen Sarkisyanın bəyənatından da aydın şəkildə bəlli olur və bu istefa, əslində həqiqətən də Ermənistandakı vəziyyəti səciyyələndirir.

Heç kim üçün sirr deyildi ki, Ermənistan prezidenti Sarkisyan bu ölkədə siyasi fiqurdan başqa bir şey deyildi. Qərarların qəbul edilməsində də Sarkisyanın rolu yox idi, hadisələrə müdaxilə etmək kimi bir şansından da danışmağa dəyməz. Erməni prezidentin bu ölkədəki rolu İngiltərə Kraliçasının rolundan zərrə qədər fərqlənmirdi və onun varlığı sanki simvolik xarakter daşıyırdı. Məhz bu baxımdan onun istefası çoxdan gözlənilirdi və bu istefanın heç kimdə təəccüb doğurmaması özü də deyiləni təsdiqləyir. Uzaq başı insanları təəccübləndirən Ermənistan prezidenti Armen Sarkisyanın öz vəzifəsindən istefası barədə bəyan etməsinin belə gec baş verməsi ola bilər.

Doğrudur, Ermənistan müxalifəti hesab edir ki, Sarkisyan prezident institutunu hakimiyyəti cilovlayan mexanizmə özü çevirə bilməyib. Müxalifət fraksoyasının rəhbəri Seyran Ohanyan bəyan edib ki, Armen Sarkisyan sadəcə tezliklə başlaya biləcək xarici və daxili siyasi proseslərdən yayınmağa çalışır. Onun sözlərinə görə, Sarkisyan öz öhdəliyini yerinə yetirə bilmədi. Ohanyan eyni zamanda Sarkisyanın məhz xaricdən istefa verməsinə təəssüfləndiyini də bildirib və qeyd edib ki, Armen əgər nəyisə sübut etmək istəyirdisə, burada olmalı, fəaliyyətini də davam etdirməli idi. Lakin gəlin görək, Ermənistan prezidenti fəlaiyyətini davam etdirə bilirdimi, yaxud bu fəaliyyəti davam etdirmək üçün ona imkan verilirdimi? Verilmirdi və Ermənistanın baş naziri Nikol Paşinyan bütün səlahiyyətləri öz əlində cəmləşdirmişdi və bu səlahiyyətləri Armen Sarkisyana vermək fikrində də deyildi, hərçənd bu barədə söz də vermişdi.

Ermənistan cəmiyyətində Armen Sarkisyanın istefası ciddi rezonans doğurduğu artıq özünü göstərməkdədir. Təkcə müxalifət fraksiyasından olan Seyran Ohanyan deyil, “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Xaçatur Sukiasyan da onun istefasına münasibət bildirməkdən çəkinməyib və Ermənistan prezidentini, onun bu addımını lağa qoyub. “Prezident kimi fəaliyyətə başlamazdan əvvəl Armen Sarkisyan konstitusiya ilə tanış olmalı idi”, deyən Sukiasyan bildirib ki, Armen Sarkisyanın bu vəzifəyə başlayanda da konstitusiyaya görə məhdud səlahiyyətlərə malikdir olduğunu bilirdi. Sukiasyan sual edir ki, niyə Sarkisyan dörd ildən sonra səlahiyyətlərinin olmamasını səbəb gətirərək belə bir qərara indi gəlməli oldu?

Təbii ki, Armen Sarkisyanın öz istefası barədə bəyan etməsi səbəbsiz deyil və bu məsələni Ermənistan cəmiyyətinin öz maraqları kontekstində izah etməsi də anlaşılandır. Amma biz heç də demirik ki, erməni cəmiyyətində deyilən bütün bunlar tam reallığı əks etdirir. Səbəblər əlbəttə çox ola bilər, amma əsas səbəb bu işğalçı ölkədə qarışıqlığın, xaosun, hərcmərciliyin, hakimiyyətsizliyin olması, qanunların işləməməsidir, hansıki Armen Sarkisyan özü də bundan çıxış yolunu tapa bilməyib. Əksinə, Sarkisyanın yeni seçki kampaniyası və yeni vəzifədə yeni səlahiyyətlər şansı olması arzusu var və Ermənistan prezidentinin indi malik olduğu nominal deyil, o real hakimiyyəti əldə etmək barədə də düşünür. Həmçinin, Armen Sarkisyan Nikol Paşinyanın bütün güc rıçaqlarına malik olmasından və baş nazirin hərəkətlərinə görə çoxlu sayda neqativlərin məhz Ermənistan prezidentinin üzərinə düşməsindən çox qorxur və ən azından bundan boyun qaçırır. Yəni, Ermənistanda ciddi daxili siyasi böhran fonunda Sarkisyan Paşinyan üçün reputasiya xərclərini çəkməyə hazır da deyildi, razı da.

Prezidenti Armen Sarkisyan və baş nazir Nikol Paşinyan arasında konstitusiya islahatları məsələsində fikir ayrılığının olduğu məlum məsələ idi. Bunu erməni cəmiyyəti də bilirdi. İndi Ermənistan prezidentinin istefası barədə bəyan etməsi məhz bu cəmiyyətdə fikir ayrılıqları ilə də izah olunur. Bəzi ermənilər hesab edirlər ki, prezidentlə baş nazir arasında olan fikir ayrılıqları dövlət başçısının istefası ilə nəticələnib. Sözsüz ki, Sarkisyan tərəfindən bu qərarın hökumət başçısına qarşı çıxmaq üçün siyasi iradəsinin olmaması səbəbindən verildiyi də istisna edilmir. Yəni, Armen fəaliyyətdə olduğu dörd il ərzində ancaq Nikolun qərarlarını təsdiqləməkdən başqa özündə bir iradə tapa bilməyib və bunu az qala hər kəs bilir.

Ermənistan prezidenti Armen Sarkisyanın qəflətən istefa verməsinin ətrafında müxtəlif mülahizələr, fikirlər səsləndirilir, hansıki, əsas motiv olaraq onun açıqlamış oldugu bəyanatda da vurguladıgı kimi, daxili və xarici siyasətə təsir imkanlarının məhdud olmasıdır. Diqqətə çatdıraq ki, Sarkisyanın göstərdiyi səbəb, eləcə də dövriyyəyə buraxılan mülahizələr bir növ, aysberqin görünən hissəsi, suyun üzündə olan tərəfidir. Erməni siyasətinin dərin qatlarında nələrin baş verdiyi haqqında informasiya hələlik məhduddur və aysberqin suyun altında qalan üçdə iki hissəsində hələ nələr olduğu bir müddətdən sonra ortaya çıxacaq, eyni ilə erməni yalanları kimi. Ancaq, hələlik ortada bir sıra məqamlar var və bu məqamlar Ermənistan prezidentinin istefası barədə bu addımı barədə düşündürür.

Öz istefasını bəyan etdiyi zaman Sarkisyan açıq-aşkar şikayətlənir ki, Ermənistan formaca parlament respublikasıdır, ancaq mahiyyət tam fərqlidir. Bir sözlə, bu işğalçı ölkədə prezident səviyyəsində etiraf olunur ki, qanunlar kobud şəkildə pozulur, onlara əməl edilmir, forma ilə məzmun arasında kəskin fərq var. Yəni, bu erməni prezident tam aydın şəkildə bildirir ki, prezident və hökumətin səlahiyyətləri arasında dizbalans var, qrumlararası ahəng də yoxdur və bu, dövlət idarəetməsində ugur qazanmaga imkan verə bilməz. Sarkisyan dövlət idarəetməsində ikibaşlılığın siyasi menecmentliyin qarşısında ciddi problem olduğunu da önə çəkir. Əslində, sadalananlar Armen Sarkisyanın haqlı oldugu məqamlardır və Ermənistanda hansı ikibaşlı hakimiyyət olduğu sirr də deyil. Ermənistan konstitusiyasında belə bu ölkənin prezidentinin məhdud səlahiyyətləri göstərilərək onun abstrakt mahiyyət daşıdığı rəsmi şəkildə qeyd olunur və məlum məsələdir ki, bu minvalla prezident müxtəlif siyasi təmayüllərin hədəfinə çox rahat gəlir, hansıki bununla Sarkisyan gec də olsa razılaşmaqdan imtina etmək qərarına gəldi.

Belə bəlli olur ki, Nikol-Armen mübarizəsində birinci qalib gəldi və Ermənistan prezidenti öz məğlubiyyəti ilə barışmalı oldu. Baxmayaraq ki, 44 günlük müharibədən sonra Armen Sarkisyan xüsusilə aktivləşmişdi və öz aktivliyi ilə də erməni baş nazirin qərarlar qəbul etməsində hardasa problemlər yaradırdı, sonda bu mübarizədən Nikol Paşinyan qalib çıxdı. Ən azından belə görünür ki, Armen Sarkisyan öz vəziyyəti ilə barışmadı, baxmayaraq ki, Nikol ona səlahiyyətlərini artıracağını söz vermişdi. Çünki, Sarkisyan başa düşdü ki, Paşinyan onu aldadır və səlahiyyətlərinin artırılması vədi sadəcə onu “yola gətirmək” üçündür.

Bilirik ki, Paşinyan dırnaqarası islahatlara, xüsusilə konstitusiya islahatlarına hazırlaşır və bu dəyişikliklərdə prezident səlahiyyətlərinin artırılması da onun planında olub. Əslində, onun planında olan Sarkisyanın səlahiyyətlərini artırmaq yox, öz məqsədləri durur. Bu avantürist yaxın zamanda səlahiyyətləri artırılan və hətta bütün səlahiyyətləri ələ keçirən bir prezident olmaq niyyətindədir və indi Sarkisyanın istefası bu planının gerçəkləşəcəyi barədə Nikolun ümidlərini bir qədər də artırıb. Bu baxımdan Sarkisyanın istefasında Paşinyanın barmağının olduğu da inandırıcıdır və çox güman ki, geniş səlahiyyətlər əldə etmək planını tezləşdirmək üçün Nikol Armeni istefaya məcbur edib. Bu həm də özünü Ermənistan prezidentinin, “reallıq budur ki, dövlət başçısı, bəzən ailəsi müxtəlif siyasi qrupların hədəfində olur”, ifadəsində də təsdiqləyir. Dolayısı ilə Sarkisyan bildirmiş oldu ki, onun ailəsi belə hədəfə alınıb və buradan da nəticə hasil olur ki, Ermənistan prezidentinə ailəsi üzərindən belə təzyiq edilib.

Sarkisyan gec də olsa başa düşdü ki, onun prezident kim fəaliyyətini davam etdirməsi nəticədə baş nazir Nikol Paşinyanın oyunlarına ortaq olmaq kimi qiymətləndiriləcək. Səlahiyyətlərinin olmaması, yaxud məhdud olması fonunda bir də oyunlara, Paşinyan kimi hiyləgərin oyunlarında günahkar olmamaq üçün Sarkisyan sadəcə oyundan qaçdı. Eyni ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının lideri Artur Vanesyan və onun timsalında istefa verən digərləri kimi, qaçıb yaxasını kənara çəkməyi tərcih etdi. Elə məhz budur əslində erməniləri özündən çıxaran, çünki onlar öz oyunlarını, oyunbazlıqlarını hamıdan yaxşı başa düşürlər, çünki oyunu quran da, oyunçu da özləridirlər. Paşinyanın isə “inqlan” adlandırdığı çevriliş zamanı da, ondan sonra da oynadığı oyunları şeytan belə oynaya bilməzdi və bunu yaxşıca dərk edən Sarkisyan qaçıb aradan çıxmağı doğru yol saydı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə