"Konstitusiya yalnız hüquqi sənəd deyil,..." - ŞƏRH EDİLDİ

"1995-ci ilin noyabr ayının 12-də qəbul etdiyimiz Konstitusiya, Azərbaycan milli dövlətçiliyi tarixində mühüm və əlamətdar bir hadisə idi. Bu, yalnız hüquqi sənəd kimi deyil, həm də yeni yaranmış müstəqil dövlətimizin siyasi və hüquqi əsaslarını müəyyən edən tarixi mərhələ idi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, həmin dövrdə ölkəmiz hələ müstəqilliyin ilk illərini yaşayırdı və dövlət quruculuğu üçün güclü hüquqi bazanın yaradılması xüsusi əhəmiyyət daşıyırdı. Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycan, suveren və demokratik dövlət olaraq beynəlxalq aləmə daha möhkəm şəkildə inteqrasiya edə bildi: "Bu il 30 illiyini qeyd etdiyimiz Konstitusiya göstərir ki, 1995-ci ildə müəyyən edilmiş norma və prinsiplər - xüsusilə ərazi bütövlüyü, suveren hakimiyyət və dövlətçilik ideyaları - zamanın sınağından çıxaraq özünü təsdiqləyib. Bu, Konstitusiyanın hazırlanmasında və qəbul edilməsində mövcud olan dərin hüquqi-siyasi analiz və uzaqgörənlik nəticəsində formalaşan prinsiplərin nə qədər dəqiq və düzgün olduğunu sübut edir. Həmin prinsiplər bugünkü müstəqil Azərbaycan dövlətinin güclənməsi və beynəlxalq nüfuzunun artması üçün möhkəm təməl təşkil edir.

Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də ictimai münasibətlərin tənzimlənməsi, daxili siyasətin inkişafı, xarici siyasətin müəyyənləşdirilməsi, hakimiyyət bölgüsü, demokratik təsisatların möhkəmləndirilməsi və fərdi azadlıqların qorunması kimi geniş sahələri əhatə edən strateji bir sənəddir. Konstitusiyanın müddəaları ölkədə sosial ədalətin, vətəndaş hüquqlarının və demokratik dəyərlərin qorunmasını təmin edərək milli dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. Bu gün Azərbaycanın davamlı inkişafı, iqtisadi qüdrəti, beynəlxalq nüfuzu və güclü dövlət strukturu məhz Konstitusiyanın təmin etdiyi hüquqi və siyasi baza sayəsində mümkün olub. Ölkəmiz bu tarixi mərhələdə hüquqi dövlət prinsiplərinə, demokratik təsisatlara və suverenliyə bağlı olaraq inkişaf edir. İlk milli Konstitusiyanın qəbul olunması ilə yaradılmış bu hüquqi və siyasi baza həm də xalqın milli birliyinin, dövlətçilik iradəsinin və gələcəyə baxışının ifadəsidir".

Nəticə etibarilə, 1995-ci il Konstitusiyası yalnız tarixi bir sənəd deyil, həm də Azərbaycanın bugünkü və gələcək inkişafının, dövlətin güclənməsinin və demokratik prinsiplərin qorunmasının təminatçısıdır. Bu baxımdan, Konstitusiya hər bir azərbaycanlı üçün milli dövlətçiliyin, hüququn və suverenliyin simvoludur.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə