“20 Yanvar bizi qərənfildən zəfər rəmzi xarıbülbülə götürən günün başlanğıcıdır” - Aygün Attar

“20 Yanvar hüzün günümüz olmaqla yanaşı, qəhrəmanlıq tariximizin yazıldığı gündür. 20 Yanvar həmdə bizi hüzün, kədər ifadəsi olan qərənfildən zəfərin rəmzinə çevrilən xarıbülbülə götürən günün başlanğıcıdır”. Bu fikirləri Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) rəhbəri, professor Aygün Attar 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Ankarada keçirilən anım mərasimindən sonra SİA-ya açıqlamasında bildirib.

32 il öncə müstəqilliyinə qovuşmaq üçün ayağa qalxan bir millətin verdiyi qurbanlar, şəhidlər bahasına qazandığı özgürlüyün Azərbaycanın Türkiyədəki səfirliyivə TADƏHF-lə birlikdə Ankarada qeyd edildiyini vurğulayan A.Attar deyib ki, bu tədbirə azərbaycanlılar və türkiyəlilərlə yanaşı türk dünyasından olan insanların da qatılması onu deməyə əsas verir ki, bu şərəfli gün bütün türk dünyasına şamil olunur.

“Gördüyünüz kimi Ankaradakı Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində gerçəkləşdirdiyimiz bu tədbirdə salon necə qələbəlik idi. Belə bir günün xatirələrini anmaq nə qədər kədərli olsa da, eyni zamanda çox qürurludur. Bu qəhrəmanlıq hekayəsinin təkrar-təkrar hafizələrdə canlandırılması, gələcək nəsillərə ötürülməsi baxımından çox vacibdir”, deyə bildirən A.Atarın fikrincə, “20 Yanvar” həm siyasi, həm tarixi, həm də mənəvi baxımdan Azərbaycanı Qarabağ zəfərinə və torpaqlarımızın, ərazi bütövlüyünün tamamlanmasına aparan gündür: “20 Yanvar günü Bakıda idim, qarlı və çoxsoyuq hava şəraiti olmasına baxmayaraq, Şəhidlər Xiyabanı insan izdihamı ilə dolu idi. Milli ruhumuzun oyaq olmasına bir daha əmin oldum və bundan bir daha qürur duydum”.

Professor Şəhidlər Xiyabanında 20 Yanvar, Qarabağ şəhidləri ilə bərabər, Qafqaz İslam Ordusunun şəhidlərinin birgə uyumasına diqqət çəkərək bildirib ki, Bakının ən yüksək məkanlarından birində əbədiyyətə qovuşan türklük ruhunun Azərbaycan və Türkiyə qardaşlığını da əbədi yaşadacağına inanır: “Türkiyə-Azərbaycan əlaqələri iki ölkə arasındakı münasibətlərin fövqündədir. Çünki, iki dost ölkə arasında dostluq, əməkdaşlıq əlaqələri ola bilər. Amma Azərbaycanla Türkiyənin arasında qardaşlıq və müttəfiqlik əlaqələri mövcuddur. Ona görə də beynəlxalq müstəvidəki əlaqələr və hüquqi baxımdan da dünyada bu münasibətlərə bərbər tutulan ikinci bir alternativ yoxdur. Bu dünyada tayı-bərabəri olmayan, gözəl bir nümunədir.

1990-cı ildən üzü bəri bu 32 ildə Türkiyə-Azərbaycan əməkdaşlığı müttəfiqlik əlaqələrinə çevrildi, hər sahədə diaspor əlaqələrindən mədəniyyət və digərlərinə qədər əlqələrimiz inkişaf etməkdədir. Hüquqi olaraq bu, Şuşa Bəyannaməsində də öz əksini tapdı. Zatən, Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsində də Qarabağ zəfərinin və Türkiyə-Azərbaycan müttəfiqliyinin çox önəmli rolu var. Bu, bütün türk dünyası üçün örnək təşkil edəcək nümunədir”.

Sevil Hilalqızı Ünal,
Xüsusi olaraq SİA üçün, Ankara

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...