Azərbaycan bu statusun gələcəkdə də daşıyıcısı olacaq - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"Azərbaycan Prezidentinin Ukraynaya son səfəri onu göstərir ki, həm Azərbaycan, həm də Ukrayna iqtisadi sahədə münasibətlərin intensivləşməsinə start verirlər". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə deyib.

İlqar Vəlizadə bu barədə fikirlərini belə izah edib: "Burada müxtəlif sahələrdə əməkdaşlıq xüsusi önəm kəsb edir. Nümunə kimi kənd təsərrüfatı sahəsini göstərmək olar. İlk dəfə olaraq Azərbaycan Ukranyadan kifayət qədər böyük əraziləri uzunmüddətli olaraq icarəyə götürüb. Bu ona görə edilir ki, buğda və buğda məhsullarının yetişdirilməsi, sonra Azərbaycana gətirilməsi ilə Azərbaycanın bu məhsula olan tələbatı kifayət qədər ödənə bilsin. Çünki bizim yerlərimiz, torpaqlarımız yüksək buğda məhsulları təmin etmək üçün kifayət etmir. Ona görə də bu addım atılır.

Digər tərəfdən enerji sahəsində bizim münasibətlərimiz fəal inkişaf edir. Azərbaycan Ukraynada təqribən 60 yanacaqdoldurma məntəqəsinə malikdir. Ukraynada 4 neft bazası Azərbaycana məxsusdur. Mən elə düşünürəm ki, bu da kifayət etmir. Çox güman ki, bu rəqəmlərin sayı gələcəkdə artacaq və Azərbaycan Ukrayna enerji bazarında daha tutarlı, daha möhkəm və əsaslı yer tutacaq. Eyni zamanda onu demək lazımdır ki, Azərbaycan Ukraynanın əsas yanacaq təminatçılarından biridir. Yəqin ki, Azərbaycan bu statusun gələcəkdə də daşıyıcısı olacaq. Bu da ikitərəfli münasibətlərin təməlini təşkil edən bir sahədir. İqtisadi münasibətlərin inkişafı ilə yanaşı, əlbəttə, burada hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi çox vacib bir şərtdir. Yenə də, bu amil görüşdə ön plana çəkildi. Bu da ikitərəfli siyasi əlaqələrə təkan verəcək".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə