İtaliyada 20 Yanvar faciəsinin ildönümü ilə bağlı seminar keçirilib

Azərbaycanın İtaliyadakı səfirliyinin təşəbbüsü, İtaliyanın Şərqi Avropa Tarixi üzrə Araşdırmalar Mərkəzinin (CSSEO) Arxiv Kitabxanasının və Leviko Terme şəhərində Azərbaycan üzrə Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar “1990: Azərbaycanın Qara Yanvarı” adlı seminar keçirilib. Seminar ölkədə pandemiya ilə bağlı məhdudiyyətlər nəzərə alınaraq videoformatda təşkil edilib.

SİA xəbər verir ki, Şərqi Avropa Tarixi üzrə Araşdırmalar Mərkəzinin sədr müavini Masimo Librdinin moderatorluğu ilə keçirilən seminarda CSSEO-nun Arxiv Kitabxanasının direktoru, Azərbaycan üzrə Araşdırmalar Mərkəzinin rəhbəri professor Fernando Orlandi, İtaliya-Gürcüstan Mərkəzinin rəhbəri, Cənubi Qafqaz üzrə tədqiqatçı Klaudia Palazzo, Roma Sapienza Universitetinin Avropa tarixi üzrə fəlsəfə doktoru Dariush Rahiminia, Sapienza Universitetinin tədqiqatçısı, Azərbaycanla bağlı çoxsaylı məqalə və kitabların müəllifi, professor Daniel Pommier, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış ediblər.

“Qorbaçov sovet xaosu və Bakıya hərbi müdaxilə” mövzusunda çıxış edən professor F.Orlandi ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərin əvvəllərində bölgədə baş verən proseslər, o cümlədən 20 Yanvar faciəsinə gətirib çıxaran hadisələrlə bağlı ətraflı məlumat verib.

Ardınca “Qara Yanvar: Bakıya qarşı siyasi büro” mövzusunda çıxış edən tədqiqatçı K.Palazzo bildirib ki, yanvarda baş verən faciəvi hadisələr həm qlobal, həm də yerli siyasətdə dönüş nöqtəsi oldu: “Azərbaycan üçün bu, dərin sarsıntı idi və bununla da xalqın müstəqillik arzusu daha böyük vüsət aldı. Bu hadisələr qarşısında baş verən repressiyaların zorakılığını susdurmaq və boğmaq üçün dəfələrlə edilmiş cəhdlərə baxmayaraq, Qorbaçovun özünün “demokratik” ritorikası qəti şəkildə etibarını itirdi. SSRİ rəhbərliyi Bakıda baş verən hadisələrdə özünün əsl qanlı və barışmaz simasını göstərdi, azərbaycanlıların cəsarətli mübarizəsi isə sovet rəhbərliyi altında olan bütün xalqlar üçün paradiqmatik nümunə və ilham mənbəyi oldu”, - deyə o qeyd edib.

“Qara Yanvarın nəticələri: Azərbaycanın yenidən dirçəlişi” mövzusunda çıxış edən D.Rahiminia isə deyib: “Qara Yanvar faktiki olaraq Azərbaycanın Sovet İttifaqından uzaqlaşmasının başlanğıcını qoyan hadisədir. Azərbaycan xalqının artan müstəqillik istəyi 1920-ci ildəki demokratik cəhddən sonra indiki Azərbaycan Respublikasının yaranmasına səbəb olan dönməz bir prosesə təkan verdi”. O, 1990-cı il yanvarın 20-dən dərhal sonra baş verən və növbəti ildə müstəqilliyin elan olunmasına qədər olan müxtəlif siyasi hadisələri təhlil edib.

Ardınca “Azərbaycan cəmiyyətində 20 Yanvar irsi” mövzusunda çıxış edən professor D.Pommier bildirib: “Qara Yanvar Azərbaycan xalqının müstəqillik və modernləşmə axtarışında ağır repressiyalara məruz qaldığı bir hadisədir. Bütün böyük faciəvi hadisələr kimi, bu epizod da ölkənin kollektiv kimliyinin formalaşmasında, onu əldə etdiyi müstəqilliyə doğru sövq edən önəmli amilə çevrildi”.

Seminarda son olaraq səfir Məmməd Əhmədzadə “Qara Yanvar Azərbaycanın müstəqilliyinin bərpasının təkanverici qüvvəsi kimi” mövzusunda çıxış edib. 20 Yanvar faciəsinə səbəb olan hadisələr və bu faciənin acı nəticələrini xatırladan səfir faciə ilə bağlı informasiya blokadasının yarılması, baş verənlərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və faciəyə layiqli siyasi-hüquqi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri haqqında məlumat verib. Diplomat, habelə baş vermiş bu faciənin dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmasından və Azərbaycan xalqının öz gələcəyini yalnız müstəqil Azərbaycanda görməsindən danışıb. Bundan başqa, müstəqilliyin bərpasından sonrakı ilk illər ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsində xalqımızın üzləşdiyi faciələr barədə də məlumat verib.

Səfir ötən ildən başlayaraq 20 Yanvar şəhidlərimizi tamam fərqli bir vəziyyətdə yad etdiyimizi, Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsinin nəticəsində torpaqlarımızı işğaldan azad etdiyini, Qarabağ həsrətimizə son qoyulduğunu və üçrəngli bayrağımızın azad olunmuş bütün ərazilərimizdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində ucaldıldığını vurğulayıb. Habelə əlavə edib ki, Vətənimizin müstəqilliyinin və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu şaddır, çünki onların qanı yerdə qalmayıb.

Diplomat Azərbaycanın bölgədə yeni reallıqlar yaratmasından, işğaldan azad olunmuş ərazilərdə qısa müddət ərzində həyata keçirilən bərpa və yenidənqurma işlərində əldə olunmuş önəmli nəticələrdən və bölgədə sülhün bərqərar olunması istiqamətində fəaliyyətindən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...