“20 Yanvar” müstəqillik tariximizin şanlı səhifəsidir” - PARTİYA SƏDRİ ŞƏRH ETDİ

“20 yanvar Azərbaycan Xalqının azadlıq uğrunda mübarizə günüdür”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, 20 yanvar günü Azərbaycanın müstəqillik tarixinin şanlı səhifəsidir.

“Hər kəs bu şanlı tarixi yaxşı bilməlidir. Bilməlidir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib. Nəticə etibarilə, 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Baxmayaraq ki, bu Qorbaçovun böyük günahının nəticəsi idi, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir hal idi və eyni zamanda, o zamanki Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsi idi. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.

20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu, deyə bilərik. Məhz bu faciədən sonra ölkədə milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, milli idealogiyanın təməli qoyuldu, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördüyünü canıyla, qanıyla sübut etdi.

Bu gün fürsətdən istifadə edib, Azərbaycan xalqına dərin hüznlə başsağlığı vermək istəyirəm. Belə vətənpərvər xalqı olan dövlətin bayrağını heç kimsə endirə bilməz. Azərbaycanımızın üç rəngli nazlı hilalı hər zaman dalğalanacaq! Yaşasın Mütəqil Azərbaycan!”, deyə Əsli Kazımova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...