20 yanvar faciəsi ilə bağlı gənclər nə düşünür? - SORĞU

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi MixailQorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Mövzu ilə bağlı SİA gənclər təşkilatlarının fikirlərini öyrənməyə çalışıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, bu il 20 Yanvar hadisələrinin 32-ci ili tamam olur: "1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində və bir sıra bölgələrimizdə keçmiş Sovet ordusunun hərbiçilərinin ağır artilleriya zirehli texnikası tərəfindən müxtəlif qırğınlar törədildi. Azərbaycan həmin gecədə yüzlərlə şəhid verdi. Təbiidir ki, bunlar təsadüfi hadisə deyildi. Bununla Sovet ordusu, həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan müxtəlif şəxslər, eyni zamanda sovet hakimiyyətində olan şəxslər xalqımızın milli birlik, azadlıq uğrunda olan mübarizəsini, demokratiya və azadlıq istəyini boğmağa çalışırdı. Bu, Sovet ordusu tərəfindən, Azərbaycanın həmin dönəmdəki rəhbərliyi tərəfindən atılan çox amansız, qəddar addımlar idi. Təbii ki, bununla Azərbaycan xalqının demokratiya və azadlıq hisslərinin qarşısı alına bilməzdi. Əksinə bu hadisələr vəziyyəti tamamilə daha da dəyişdi.

Düşünürəm ki, 20 Yanvar hadisələri tarixi torpaqlarımızın, Azərbaycanın suverenliyinin, sahib olduğumuz müstəqilliyimizin əsas amilini, əsas mənasını başa düşmək üçün hər bir azərbaycanlı tərəfindən çox dərindən öyrənilməli məsələlərdir. Həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan şəxslərin səriştəsiz, öz maraqlarına, mənafelərinə uyğun olan yanaşmalarına baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin Moskvada SSRİ-nin mərkəzində ortaya qoyduğu mövqe oldu. Bu mövqe bütün dünyaya 20 yanvar qırğınlarını, Azərbaycan xalqının başına gətirilən faciəvi olayları bütün dünyaya çatdırdı. 20 Yanvar hadisəsinin səhəri günü Ümummilli Lider Azərbaycanın Moskvadakı Daimi nümayəndiliyinə gedərək 20 yanvar hadisəsini kimlər tərəfindən, nə üçün törədildiyini tam dəqiqliklə izah etdi. Düşünürəm ki, Ümummilli liderin məhz bu səyi nəticəsində bütün dünya Azərbaycan xalqının başına gətirilən oyunlardan agah oldu. Ümumilikdə bütün bunlar özü-özlüyündə Azərbaycanın müstəqilliyinin necə şərəfli və çətin bir dönəmdən keçdiyini göstərdi. Düşünürəm ki, hər bir Azərbaycan gəncinin bu hadisələri dərindən öyrənməsi onun birbaşa mənəvi borcudur. Bizim də başlıca vəzifələrimizdən biri bu hadisələrin qəti şəkildə unudulmasına imkan verməmək və özümüzdən sonrakı nəsillərə bunu ötürməkdən ibarətdir".

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nigar Hüseynova: "Azadlıq uğrunda aparılan milli kimlik mübarizəmizdən, tariximizin qanlı və şanlı səhifəsi olan 20 yanvar hadisələrindən artıq 32 il ötür. Lakin damarlarında azadlıq və mübarizə qanı axan Azərbaycan xalqı qəhrəman Vətən övladlarının xatirəsini unutmur və daim fəxarət hissi ilə yad edir. Vahid milli ideya ətrafında birlik olan vətənpərvər xalqımızın təməlini qoyduğu müstəqilik ideyası bu gün də Azərbaycan gəncliyinin əsas amalıdır. Məhz bu istiqamətdə geniş tələbə gənclər kütləsinə malik olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən silsilə tədbirlər keçirilməkdədir. 17-20 yanvar tarixlərində baş tutan “Azadlığa gedən yol” həftəsi ərzində təşkil olunmuş layihələrə yüzlərlə gənc qoşularaq tarixi unutmadıqlarını və hər zaman fəxr və ehtiram hissi ilə yad edəcəklərini göstəriblər. Belə ki, aktiv şəkildə fəaliyyət göstərən “Hədəf 5%” və “ÇƏTİR” proqramları çərçivəsində tələbələrimiz paytaxt və regionlardakı Şəhidlər Xiyabanları ziyarət etmiş, hadisələrin şahidləri, tarixçilərlə görüşlərdə iştirak edərək maariflənə biləcəkləri məlumatlar əldə etmiş, müxtəlif konfranslarda yüksək iştirakçılıq göstərmişlər.

Bütün bunlar bir daha sübut edir ki, Vətənin azadlığı və suverenliyi uğrunda canından keçənlər unudulmur və vətənpərvərlik, dövlətçilik ruhu nəsildən nəslə ötürülür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük haqq mübarizəsində qazanılmış misilsiz qələbə Vətənə sonsuz sadaqət hissi olan gənclərimiz sayəsində baş tutmuşdur. Milli ruh, milli layaqət qələbəsi ərazi bütövlüyümüzün təmin olunması, uğrundan canından keçmiş bütün şəhidlərimizin ruhunun şad olması ilə nəticələndi".

"İRƏLİ" İctimai Birliyinin sədri Şahin Rəhmanlı: "20 yanvar xalqımızın həyatında dönüş anı, qəhrəmanlıq salnaməsidir. 32 il bundan öncə xalqımız Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi açaraq öz azadlıq mübarizəsinin təməlini qoydu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu hissələrinin Bakı şəhəri və ətraf ərazilərə yeridilməsi nəticəsində 147 nəfər mülki şəxs xüsusi amansızlıqla qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə qeyri-qanuni həbs edilib, xeyli insan isə itkin düşüb. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Xalqımızın bir daha belə faciələr yaşamaması üçün, bu tarixi unutmaması üçün hər il dövlət səviyyəsində çoxsaylı tədbirlər keçirilir. Bu tədbirlərin məntiqi nəticəsidir ki, 20 Yanvar milli birliyimizin, mübarizliyimizin rəmzi kimi gənc nəslin formalaşmasında da mühüm rola malik olub. Gənclərimiz hər zaman ümummilli məsələlərdə yüksək fəallıq nümayiş etdirir, həmçinin ölkəmizin müstəqilliyinə, ərazi bütövlüyünə qarşı yarana biləcək istənilən təhdidə qarşı hazırlıqlıdır. 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin ideoloji amillərinə nəzər salsaq, burada “Qanlı Yanvar” hadisələrinin rolunu da qeyd edə bilərik. Millətimiz 30 il əvvəl əliyalın şəkildə tankların qarşısına çıxdığı kimi, 30 ildən sonra da Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək, düşmənin “qorxaq”, “döyüşkən olmayan” mifini qıraraq xalqımızın ruhunun hələ diri olduğunu bütün dünyaya sübut etdi.

"İRƏLİ" İctimai Birliyi vətənpərvər, tarixinə, milli dəyərlərinə sahib çıxan, intellektual, rəqabətədavamlı gənclərimizin formalaşması üçün daim çalışır. 20 Yanvar tarixinin, şəhidlərimizin gənc nəslə təbliği, onların xatirəsinin əbədiləşdirilməsi üçün müxtəlif layihələr, tədbirlər icra edir. Bu il, şəhidlərimizin xatirəsinə ucaldılmış “Əbədi Məşəl” abidəsinin təsvirinin 200 dən artıq gəncin iştirakı ilə yaradılması ilə flaşmob keçirilmiş, hər bir şəhidin xatirəsinə dilək fənərləri səmaya buraxılmış, 20 Yanvar faciəsinin tanıdılması istiqamətində twitterdə #20January #BlackJanuary #Azerbaijan həştəqləri ilə aksiya keçiriləcək, həmçinin sabah gənclərimizlə “Şəhidlər Xiyabanı”nı ziyarət edəcəyik. Gənclərimizə aşılamağa çalışırıq ki, Azərbaycan hazırkı qüdrətinə təsadüfi şəkildə gəlib çatmadı. O şəhidlərimizin qanı, xalqımızın birliyi ilə möhkəmləndi, cənab Ali Baş Komandanın siyasi səriştəsi və sarsılmaz iradəsi ilə yüksəldi. Əminliklə deyirəm ki, Azərbaycan xalqı tariximzdə silinməz izlər qoyan “Qara Yanvar”ı və onun qurbanlarını unutmur və şübhəsiz ki, heç vaxt da unudulmayacaq. Xalqımız daim faciə qurbanlarını dərin ehtiramla yad edəcək. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin, sarsılmaz birliyimizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaq".

"Davam" Gənclər Hərəkatının baş katibi Nigar Aslanova: "20 Yanvar faciəsi Azərbaycan XX əsr tarixinin ən dəhşətli hadisələrindən biridir. Bu, xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Biz illərlə bu günü dərin hüznlə qarşılamışıq, amma 2020-ci ilin Şanlı Zəfəri nəticəsində artıq Şəhidlər Xiyabanında daha böyük qürur hissi ilə addımlayırıq. “Davam” Gənclər Hərəkatı olaraq bu günlə bağlı bir sıra əməli addımlar atmağı planlayırıq. Belə ki, hər il olduğu kimi bu il də hərəkatın katibliyi və üzvləri tərəfindən Şəhidlər xiyabanı ziyarət edilərək şəhidlərimiz ehtiramla yad olunacaq. Bununla yanaşı maarifləndirici sosial media kampaniyası həyata keçirəcəyik. 100-dən çox gəncin iştirakı ilə müxtəlif dillərdə hazırlanmış tezislər sosial şəbəkələrdə, xüsusilə “Twitter” üzərində paylaşılacaq".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...