20 yanvar xalqımızın qanı, canı ilə yazdığı qəhrəmanlıq salnaməsidir - BAŞ REDAKTOR MÜNASİBƏT BİLDİRDİ

“20 yanvar faciəsi dövlət müstəqilliyimizin əldə edilməsi yolunda xalqımızın qanı, canı ilə yazdığı qəhrəmanlıq salnamələrindən biridir. Bu olayların üzərindən 32 il keçməsinə baxmayaraq xalqımız 20 yanvar şəhidlərinin əziz xatirəsini hər il yad edir, onların bizlərə qoyduğu mirasa layiqincə sahib çıxır”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin Baş redaktoru Sevinc Seyidova deyib.

S.Seyidova bildirib ki, qanlı yanvar qırğınının əsas səbəbkarları başda Mixail Qorbaçov olmaqla SSRİ-nin keçmiş rəhbərliyində təmsil olunan şəxslərin heç biri bu olaylara görə cinayət məsuliyyətinə cəlb edilmədi: “30 ildən çoxdur ki, aparılan təbliğat, maarifləndirmə işlərinə baxmayaraq hələ də 20 yanvar faciəsinə beynəlxalq səviyyədə layiqli qiymət verilməyib. Bunun əsas səbəbi isə yenə də ikili standartlardır. Azərbaycana dost, qardaş ölkələr hər il 20 yanvar faciəsinin ildönümü ilə bağlı xalqımıza dəstək nümayiş etdirib müxtəlif bəyanatlar verir, kədərimizi bölüşdüklərini bildirirlər. Lakin verilən siyasi bəyanatlar faciənin miqyası ilə müqayisədə tərs mütənasiblik təşkil edir. Bu səbəbdən biz mətbuat olaraq, cəmiyyət olaraq hamımız 44 günlük Vətən Müharibəsi dövründə əldə etdiyimiz birliyi, həmrəyliyi qoruyaraq xalqımızın qan yaddaşı olan 20 yanvar, Xocalı və digər faciələrlə bağlı yorulmadan, usanmadan beynəlxalq səviyyədə təbliğat aparmalıyıq. Həqiqətlərin olduğu kimi dünya səviyyəsində qəbul edilməsinə qədər bu fəaliyyət davam etdirilməlidir. Bir daha həm qanlı yanvar, Xocalı, həm də 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olan vətən övladlarına rəhmət diləyir, əziz xatirələrini daima qəlbimizdə yaşadacağımızı bildirirəm”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə