Xalq-Prezident birliyinin yeni nümunəsi ŞƏRH

Xalq-Prezident birliyinin yeni nümunəsi ŞƏRH

Prezident İlham Əliyevin unikal keyfiyyətlərindən biri də qətiyyətli lider kimi yorulmadan islahatlara istiqamətlənməsidir. O, iqtisadiyyatda, daxili və xarici siyasətdə, dövlət quruculuğunun bütün istiqamətlərində tükənməyən yeniliklərə köklənməyi bacaran nadir dövlət başçılarındandır. Bu baxımdan, Azərbaycan Prezidentinin bu il yanvarın 12-də yerli telekanallara verdiyi müsahibə həm də dövlətlə mətbuat arasındakı münasibətlərdə tətbiq olunan yenilik kimi qiymətləndirilə bilər. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi 30 illik qısa bir zaman kəsiyini əhatə etsə də, biz əsrlərlə ölçülən sonsuz yeniliklərin, ardıcıl aparılan islahatların və davamlı inkişafın şahidiyik. Bütün bunlar təbii ki, Azərbaycan Prezidentinin ardıcıl olaraq islahatlara və sosial rifahın yüksəlməsinə göstərdiyi səylərin nəticəsidir. İdeoloji müstəvidə sonuncu müsahibəni nəzərdən keçirəndə görürük ki, bu tədbir artıq bütün dünya liderlərinin keçirdikləri illik mətbuat konfranslarının təkrarı deyil. Birinci diqqətçəkən odur ki, tədbirə dəvət alan televiziya kanallarının sayı çoxdur və onlar müxtəlif təmayüllüdür. Biz əsasən ona alışmışdıq ki, belə geniş müsahibə adətən bir kanala verilir və orada jurnalistin müsahiblə dialoquna yer qalmır. Bu baxımdan beş yerli televiziya kanalının iştirakı ilə keçirilən müsahibə daha sanballı və daha canlı təsir bağışlayır.

Tədbirin belə dialoq formatında keçirilməsi həmçinin dövlətin birinci şəxsinə gündəmi maraqlandıran daha çox sualların verilməsinə, cavabların daha maraqlı, daha əhatəli olmasına səbəb olur. Bu baxımdan təsadüfi deyil ki, 3 saata yaxın davam edən müsahibədə ölkə əhalisini və beynəlxalq ictimaiyyəti maraqlandıran, rahatsız edən əksər məsələlər qaldırılmış və onlara ətraflı cavablar verilmişdir. Onu da qeyd edək ki, dünyada dövlət başçılarının mətbuatla görüşləri qəbul edilmiş prosedur qaydalarından biridir. Nadir halda istisna ola bilər ki, hər hansı bir lider belə tədbirdən imtina etsin. Birinci şəxslərin mətbuat konfranslarının keçirilməsi üçün vahid qaydalar mövcud deyil və hər bir liderin komandası bu tədbirləri bir-birindən o qədər də fərqlənməyən üslubda təşkil edir. Məsələn, Amerika Birləşmiş Ştatlarında mətbuat nümayəndələri ilə ildə bir dəfə keçirilən görüşlər ziyafət kimi təşkil olunur. Klinton, kiçik Buş, Obama belə məclisləri aprel ayında keçirirdilər. Amma Tramp ilk dəfə bu ənənəni gözlənilmədən və səbəbini izah etmədən pozaraq mətbuat təmsilçiləri ilə şam yeməyindən imtina etdi. Bu, əslində, başa düşülən idi. Çılğın hisslərini cilovlamaqda özünə əziyyət verməyən Tramp hakimiyyətə gəldiyi gündən məğlub edildiyi son anadək ABŞ mətbuatı ilə yola gedə bilmədi.

Almaniyada federal kansler hər yay 200 nəfərə yaxın jurnalistin iştirakı ilə mətbuat konfransı keçirir və bu görüş adətən 80-100 dəqiqə arasında olur. Belarus Prezidenti Lukaşenko ilin əvvəlində və sonunda böyük mətbuat konfransları keçirir. Dəvət alan mətbuat təmsilçilərinin əvvəlki illərdə sayı 400-ə çatırdısa, 2014-cü ildən onların sayı 50-yə endirildi. Fransada illik mətbuat konfransları hər il iyulun 14-də - Bastiliyanın alındığı gün təşkil olunur. Amma Emmanuel Makron da bir neçə il əvvəl, ümumiyyətlə, ənənəvi illik mətbuat konfranslarından imtina etmişdir. Seçicilərdən alqış əvəzinə şapalaq qazanan Makron belə bir məzəli izahat verdi ki, “onun mürəkkəb düşüncə tərzi jurnalist sorğularının formatı ilə uzlaşmır”. Beləliklə, aydın görünəni odur ki, dünyada dövlət və hökumət başçılarının mətbuat konfransları ilə bağlı vahid, hamı tərəfindən qəbul edilmiş format yoxdur. Bu tədbirlər bənzər olduqları qədər də fərqlidirlər.

Azərbaycan müstəqilliyini bərpa etmiş gənc dövlət olmasına baxmayaraq, belə tədbirlərin keçirilməsində bir çox ölkələrdən daha zəngin təcrübəyə malikdir. Xüsusən 44 günlük Vətən savaşı zamanı dövlətimizin başçısının xarici mətbuat nümayəndələrinə verdiyi müsahibələr bu zənginliyin ən ideal təsdiqidir. Bir də biz onun şahidiyik ki, Azərbaycan Prezidenti sıravi insanlar üçün hamıdan yaxın və açıq olan dövlət başçılarındandır. Çünki İlham Əliyev cəmiyyətlə əlaqələrin inkişafına xüsusi önəm verir. O, bölgələrə səfərlərində də vaxt taparaq insanlarla görüşür, onların dərd-səri ilə maraqlanır, eyni zamanda xalqa gələcək perspektivləri izah edir. Ən əsası isə qətiyyətli lider kimi hamını öz ətrafında birləşdirməyi və bütün qüvvələri səfərbərliyə almağı bacardığını ortaya qoyur.

Qısa xülasələr

1.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib. Bizdə isə ilin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur.

"Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, bizdə xarici ticarət balansının saldosu müsbətdir. Çünki dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Bizdə isə ilin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. İqtisadiyyatla məşğul olan hər bir adam bunun nə dərəcədə əhəmiyyətli olmasını görür. Əlbəttə ki, ilk növbədə, manatın sabit qalmasına bunun ən böyük təsiri var. Uzun illər ərzində manat sabitdir və həm ölkə əhalisi bundan faydalanır, həm də manata inam böyük dərəcədə artıb. Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər".

2.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində ATƏT-in Minsk qrupu barədə də danışıb.

Azərbaycan Prezidenti jurnalistin "ATƏT-in bu Minsk qrupu faktiki olaraq 30 il müddətində heç bir irəliləyişə nail olmadı və Azərbaycan öz gücünə istər beynəlxalq hüququ, istərsə də BMT-nin məlum qətnamələrini özü təmin etdi. Münaqişə həll olunandan sonra isə Minsk qrupu bir neçə bəyanat verdi və ondan sonra yoxa çıxdı. Onlardan heç xəbər də yoxdur. Sizdə hər hansı məlumat varmı? Onlar nə işlə məşğuldurlar?” sualına maraqlı cavabı ilə diqqət çəkib.

Minsk Qrupunun fəaliyyətini aşağı qiymətləndirən dövlət başçısı, suala zarafatyana cavab verib: "Yox, məndə də məlumat yoxdur. Hesab edirəm ki, onlar indi yubiley tədbirlərinə hazırlaşırlar. Çünki bildiyiniz kimi, Minsk qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir”.

Teymur Babazadə

YAP Lənkəran rayon təşkilatı gənclər birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə