Ermənistan parlamentində növbəti qarşıdurma

“Ermənistan” blokunun deputatları vitse-spiker Ruben Rubinyanı Türkiyəyə simpatiyada ittiham ediblər, o isə cavab olaraq müxalifətçilərə hücum edib

Yanvarın 17-də Ermənistan parlamentində keçirilən növbəti iclas zamanı qarşıdurma yaşanıb. SİA xəbər verir ki, bu barədə erməni KİV-ləri yazırlar. Məlumata görə, hətta vəziyyət o qədər çərçivədən çıxıb ki, parlamentin vitse-sədri müxalifətçi deputatların üzərinə hücum etməyə çalışıb.

“Məsələ ondadır ki, parlamentin iclası zamanı hakim “Vətəndsaş sazişi” partiyasından olan vitse-spiker, Ermənistan tərəfindən Türkiyə ilə normallaşma komissiyasının xüsusi nümayəndəsi Ruben Rubinyan bir anlıq iclas zalını tərk etmək məcburiyyətində qalıb. Onun olmadığı müddətdə müxalifətçi deputatlar növbəti ittihamlar səsləndiriblər. İttihamlarda da məhz vitse-spikerin adı hallanıb və o, Türkiyəyə simpatiya nümayiş etdirməkdə günahlandırılıb. Ruben Rubinyan zala geri döndükdə isə o, mikrofonu yandıraraq həmin vaxt çıxış edən həmkarının sözlərini kəsib və “Ermənistan” blokunun deputatlarına tərəf səslənib”, erməni KİV-ləri yazır.

Ruben Rubinyandan müxalifətçi deputatlara: “Sizinlə nə istəsəm edə bilərəm”

“Mən Ripsime Stambulyana xəbərdarlıq elan edirəm və mənə elə gəlir ki, sizdə anlayış yoxdur. Mən sizin parlament fraksiyanızı sakitləşməyə dəvət edirəm, əks halda mən sizinlə nə istəsəm, nəyi lazım bilsəm onu da edərəm. Gedin özünüzlə məşğul olun”, deyə qəzəblənmiş vitse-spiker bildirib.

Ona cavab olaraq isə zaldan “bacarmazsan” səsləri eşidilib

Bu vəziyyət isə Rubinyanı daha da hövsələdən çıxarıb və o, heç bir söz demədən kreslosundan ayağa qalxaraq müxalifətçilərə qarşı hərəkət edib. Lakin qarşıdurma daha da böyüməmiş digər deputatlar onu sakitləşdirə biliblər və Rubinyan öz yerinə qayıdıb, sonra isə fasilə elan edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə