Azərbaycanın Ermənistandakı 74 məktəbi dağıtması fikri reallığı əks etdirmir - SİYASİ EKSPERT AÇIQLADI
"“Human Rights Watch” təşkilatının 2021-ci il üçün dünya ölkələrində vəziyyətlə bağlı açıqladığı hesabatda Azərbaycan və Ermənistan ilə bağlı nüansların həqiqətə qəti şəkildə uyğun olmaması diqqəti cəlb edir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu bir daha onu göstərir ki, beynəlxalq təşkilat bu cür prinsipial məsələlərdə tam təhrif olunmuş və həqiqətə uyğun olmayan hesabatlar, mövqelər nümayiş etdirməklə əslində Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir: "“Human Rights Watch” təşkilatının Azərbaycana qarşı münasibəti aydındır. 1993-1994-cü illərdən bu günə qədər “Human Rights Watch” təşkilatında insan hüquqları ilə bağlı, münaqişə zonalarında insan hüquqlarına əməl olunub-olunmaması məsələsinə münasibətdə həmişə qeyri-dəqiq və qeyri-obyektivlik görmüşük. Bu dəfə də guya Azərbaycanın Ermənistandakı 74 məktəbi dağıtması, Ermənistanın da Azərbaycandakı 51 məktəbi dağıtması barədə söylənilən fikir də özünün qeyri-dəqiqliyi ilə diqqəti cəlb edir. Əvvəla nisbəti elə götürüblər ki, guya Azərbaycanın Ermənistanda dağıtdığı məktəblərin sayı Ermənistanın Azərbaycanda dağıtdığı məktəblərin sayından çoxdur".
Aydın Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, əslində “Human Rights Watch” təşkilatı Azərbaycanın və təcavüzkar Ermənistanın bu məsələdə məsuliyyətini və əməllərinin cinayət kimi yozulmasını bərabərləşdirir: "Azərbaycan Ermənistan ərazisinə bir dəfə də olsun güllə atmayıb. Belə olan halda Ermənistanda hansısa məktəbin Azərbaycan tərəfindən dağıdılması ilə bağlı fikir tamamilə absurddur və həqiqətə qəti şəkildə uyğun deyil. “Human Rights Watch” təşkilatının bu hesabatı qərəzlidir. İstər müharibədən əvvəl, istərsə də müharibədən sonra artıq dünyanın gördüyü və əmin olduğu reallıqların hələ də “Human Rights Watch” təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dünya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədli şəkildə hərbi hücum və təcavüz obyektinə çevirən Ermənistandır. Belə olan halda Azərbaycanın guya Ermənistandakı 74 məktəbi dağıtması fikri tamamilə absurddur və reallığı əks etdirmir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB