“Human Rights Watch” demokratiyanın faciəsidir

Öz torpaqlarını işğaldan azad edən ölkə nə zamandan “haqsız” çıxıb?

“Human Rights Watch” (“HRW”) kimi təşkilatların zaman-zaman Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı çıxması kimsəyə sirr deyil, həm də təəccüblü deyil. Təəccüblü deyil ona görə ki, adıçəkilən qurum ölkəmizdə mövcud olan təməlli uğurların hər birini məhz riyakarcasına, yalan və böhtanlarla qaralamağa cəhdlər göstərib.

Digər yandan, hər hansı bir hesabatlarını yaydıqda belə bu hesabatların daha əvvəlki hesabatlardan heç bir fərqi olmayıb. Necə deyərlər, bəzi abzasları dəyişərək onları ictimailəşdirib. Beləliklə də, əsas “vəzifəsini” icra edib, yəni aldığı sifarişlərini həyata keçirib.

O da əbəs deyil ki, “HRW” bilavasitə erməni maraqlarına işləyən təşkilat kimi tanınır və bu qurumun son hesabatı da həmin reallığı sübuta yetirir. “Human Rights Watch”ın fəaliyyəti heç vaxt müsbət, həqiqətə söykənən, vicdanlı amillərə söykənməyib və onun əsas məqsədi qarayaxma kampaniyaları aparmaq, eləcə də haqlı ilə haqsızın yerlərini dəyişik salmaqdan ibarət olub. Bu qurum haqqında indiyə qədər hər hansı təqdirəlayiq ifadə eşitmək də demək olar ki, mümkün olmayıb.

Deputat: “Bu, haqq-ədalətin qarşısında səddin çəkilməsidir”

“Təəssüf ki, haqqın-ədalətin carçısı olduğunu iddia edən Human Rights Watch, əslində, öz “dəyərlərinə” daban-dabana zidd olan siyasət yürüdür”. SİA xəbər verir ki, bu fikirləri millət vəkili Elman Nəsirov mövzu ilə bağlı mətbuata verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, xüsusilə, son hesabat təşkilatın qeyri-ciddi və qərəzli olduğunu sübut edir, çünki orada Ermənistanı İkinci Qarabağ müharibəsində zərərçəkən tərəf kimi təqdim edir: “Təsəvvür edin, 30 il müddətində Azərbaycan torpaqlarını işğalda saxlayan dövlət işğal etdiyi ərazilərdə faktiki olaraq vandalizm siyasəti həyata keçirib, bizim bütün milli-mənəvi sərvətlərimizi, məscidlərimizi məhv edib, qeyri-insani davranış ortaya qoyub. Müharibə dövründə isə cəbhədən uzaq məsafədə yerləşən yaşayış məntəqələrini ballistik raketlərlə atəşə tutub, oradakı mülki əhalini hədəfə alıb. İndi isə belə bir dövlət müharibədə zərərçəkən dövlət kimi qələmə verilib. Hesab edirəm ki, bu, demokratiyanın faciəsidir”.

Söz yox ki, özünü demokratik dəyərlərin daşıyıcısı kimi təqdim edən təşkilatlar belə qərəzli hesabatlarla demokratiyanı gözdən salırlar. Deputatın sözlərinə görə, hazırda dünyanın ən böyük problemi haqq-ədalətin qarşısında səddin çəkilməsidir. “Bu reallıq fonunda isə Azərbaycan dövləti, Prezident İlham Əliyev dünyada ədalətin bərpası üçün mübarizə aparır”, deyə o bildirib.

Beləliklə, sözügedən fakt onu da göstərir ki, bu gün dünyada çoxqütblülük vəziyyəti yaranıb və bu vəziyyət bəşəriyyəti məhv etməyə yönəlmiş düşünülmüş addımdır. O cümlədən, fakt budur ki, xristian klubu adlı qərb birbaşa ədalətsizlik və haqsızlıq üzərinə qurulmuş tərəfdir. Və bu kimi tərəflər nə qədər cəhd etsələr belə öz istədikləri nəticələrə gələ bilməyəcəklər. Xüsusilə, Azərbaycana qarşı qərəzləri necə ki, ayaq tutub yeriməyib, bundan sonra da yeriməyəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə