14 YANVAR 1992-Cİ İL - BİR MİLLƏT, İKİ DÖVLƏT QARDAŞLIĞININ QURULMASININ 30 İLLİYİ TƏHLİL
14 yanvar 1992-ci il - Bir millət, iki dövlət, Azərbaycan – Türkiyə qardaşlığının qurulmasının 30-cu ildönümü. Mühüm tarixi hadisə olan «Bir millət, iki dövlət», Azərbaycan –Türkiyə dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü fəxr və ruh yüksəkliyi ilə qeyd edilir. "Dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin, müttəfiqliyinin inkişafı və möhkəmlənməsində Sizin xidmətləriniz əvəzsizdir". Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi təbrik məktubunda əksini tapıb."Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik.Əminəm ki, bu günün reallığı və xalqlarımızın qürur mənbəyi olan nümunəvi Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillərə strateji yol xəritəsi, əbədi və sarsılmaz miras olaraq qalacaqdır», - Azərbaycan Prezidentinin məktubunda bildirilib.
Azərbaycan – Türkiyə münasibətləri son 30 ildə
Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub, Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub. Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqust ayında açılmışdır. 1993-cü ilin yanvar ayında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın Baş konsulluqları təsis edilmişdir. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir.
Ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha inkişaf etdirilməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.Son 30 ildə Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış münaqişədə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edir və iki ölkə arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsi davam etdirilir.
Bu gün artıq Türkiyənin Şuşada açılacaq növbəti Baş Konsulluğundan danışırıq, şükürlər olsun! Qardaş ölkə 44 günlük Vətən Müharibəsində Azərbaycanı bir an belə, yalnız buraxmadı! Heç zaman unutmayacağıq bu yaxşılığı, bu qardaşlığı! 1918-ci ildə Bakı işğaldan azad ediləndə də, 2020-ci ildə Şuşaya zəfər bayrağımız sancılanda da. Hələ ötən ilin iyulunda Ermənistan Tovuz rayonuna təcavüz edəndə ilk təpki və xəbərdarlıq Türkiyədən gəldi. O zaman Cümhurbaşqanı, böyük lider Rəcəb Tayyib Ərdoğan “bu, Ermənistanın boyunu aşan təcavüzdür”, deyərək erməninin himayədarlarına açıq xəbərdarlıq etdi. Elə Ankaranın daim Bakının yanında olmasının məntiqi nəticəsiydi ki, Ermənistanın dəstəkçiləri gizli yardımlar etsələr də, aşıq şəkildə təcavüzkarın yanında olmaqdan çəkindilər, dünyanın ən güclü ordularından birinə sahib Türkiyə ilə üz-üzə gəlməkdən yayındılar.
Dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri həm xalqlarımız, həm də dünya birliyi üçün əsl nümunədir
Möhkəm və sağlam təməllər üzərində qurulmuş Türkiyə-Azərbaycan münasibətləri bütün sahələrdə davamlı şəkildə inkişaf edir. Artıq hər kəs görür və anlayır ki, “Bir millət, iki dövlət” kəlamı sadəcə deyim deyil, siyasi, iqtisadi, mədəni, mənəvi, hərbi, geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapan əməkdaşlıq formatıdır. Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. İllər öncə Ermənistanın qatil rəhbəri Praqada keçirilən, Türkiyənin təmsil olunmadığı “Şərq Tərəfdaşlığı” sammitində “dərə xəlvət, tülkü bəy” yanaşmasından çıxış edərək qardaş ölkənin ünvanına saxta ittihamlar, hədyanlar söyləyəndə Azərbaycan Prezidenti İlham Əliyev “Türkiyə burda yoxsa da, mən burdayam və sizin cavabınızı verəcəyəm”, söyləməklə dünyanı mat qoymuşdu, eyni zamanda bütün Türk dünyasının ürəyini fəth etmişdi. Eyni zamanda Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”, mövqeyi ilə Türk birliyi mesajını verdi dünyaya.
Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri həm xalqlarımız, həm də dünya birliyi üçün əsl nümunədir.Bir sözlə, bu gün bir daha hər kəs anlamış oldu ki, Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan dostluq və qardaşlığı maraqlar, mənfəətlər üzərində qurulmayıb, quru sözlərdən ibarət deyil, sözdə, əməldə, konkret fəaliyyətdədir.
Bu günə qədər bu iki dövlət qoşa qanad kimi, birlikdə addımlayıb, birlikdə bir çox möhtəşəm qələbələrə, nailiyyətlərə, uğurlara imza atıb, bundan sonra da birlikdə addımlayaraq, növbəti parlaq qələbələrə, zəfərlərə imza atacaqlar.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB