Prezidentin bu insanlara münasibəti cəmiyyət üçün bir nümunədir - ŞƏRH EDİLDİ

Prezidentin bu insanlara münasibəti cəmiyyət üçün bir nümunədir - ŞƏRH EDİLDİ

"Heç şübhəsiz ki, əlillərin reabilitasiyası, onların müalicəsi, o cümlədən ehtiyacı olanların ölkədən kənar müalicəsinin həyata keçirilməsi üçün dövlətimiz tərəfindən lazımi işlər görülür. Cənab Prezidentin ötən ilki sərəncamı ilə yaradılmış “YAŞAT” Fondu qısa müddət ərzində bu sahədə olduqca böyük işlər gördü". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Musa Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəni şərh edərkən deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu yenə də humanitar missiyasını davam etdirərək bu qəbildən olan insanların həm müalicəsi, həm reabilitasiyası, həm də digər sosial müdafiə tədbirləri ilə bağlı işləri ardıcıl olaraq həyata keçirir: "Bu insanların təqaüdlərinin artırılması, pensiyalarının, müavinətlərinin artırılması istiqamətində də dövlətin gördüyü işlər diqqətə layiqdir. Eyni zamanda cənab Prezident bu qəbildən olan insanların məşğulluq məsələsini də önə çəkdi və dövlətin bu sahədə gördüyü işlərlə yanaşı özəl sektorların sahibkarlarının da sosial məsuliyyət məsələsini də vurğuladı. İndiyə qədər bu qəbildən olan 6 minə yaxın insan işlə təmin olunub. Heç şübhəsiz ki, bu insanlar bizim cəmiyyətimiz üçün çox qiymətli insanlardır. Cənab Prezidentin və Birinci vitse-prezidentin bu insanlara münasibəti cəmiyyət üçün bir nümunədir və hər birimiz bu insanlara lazımi qayğını, diqqəti göstərməliyik".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə