“Prezidentin müsahibəsində hadisələrin düzgün qiyməti verilir” - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli jurnalistlərə verdiyi müsahibə günün reallıqlarını əks etdirdiyinə görə ictimaiyyət tərəfindən həm rəğbətlə qarşılanıb, həm də geniş əks-səda yaradıbdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, bu müsahibədə əksini tapan ifadələr bu gün dövrlə, zamanla əlaqədar bir çox problemlərə aydınlıq gətirir və ölkədə, eləcə də xarici aləmdə baş verən hadisələrin əsaslı, düzgün qiymətini verir.
“Cənab Prezident Azərbaycan üçün, Azərbaycan xalqı üçün vacib olan bir çox məsələlərə aydınlıq gətirdi. Bu, əlbəttə ki, münaqişənin aradan qaldırılması ilə əlaqədar qarşıda duran vəzifələrdir, həmin vəzifələrin həll olunması yolunda atılan addımlardır ki, cənab Prezident bu məsələlərin aydın şərhini verməklə dünyaya bir daha sübut etdi ki, o sülhün, əmin-amanlığın qarşılıqlı əməkdaşlığın, qonşuluq şəraitində, mehriban şəraitdə yaşamağın tərəfdarıdır.
Əlbəttə ki, bu gün sərhədlərdə baş verən hadisələr belə bir qənaətə gəlməyə əsas verir ki, Azərbaycan dövləti, Azərbaycan xalqı qalib olmaqla bərabər öz inkişafının aydın yollarını görür və dövlət rəhbəri sülh yolunu seçməklə xalqın rifahı, dövlətin təhlükəsizliyi yolunda inamlı addımlar atmaqdadır. Bu, müsahibədə də özünü göstərdi və cənab Prezident bildirdi ki, biz müharibədə qalib ölkəyik, Ermənistanın sülh müqaviləsini imzalayıb-imzalamamasından asılı olmayaraq biz öz vəzifələrimizi yerinə yetiririk və bu vəzifələrin yerinə yetirilməsində bundna sonra da qətiyyətliyik. Sözsüz ki, sülhün olması bizdən çox Ermənistan dövləti üçün faydalıdır, çünki bu dövlətin, bu xalqın bugünkü vəziyyəti hamıya məlumdur və Ermənistanda baş verən hadisələr bir daha göstərir ki, bu ölkədə hakimiyyətsizlikdir, siyasi dairələr arasında həmrəylik, birlik yox dərəcəsindədir, ölkə rəhbəri, baş nazir dövləti idarə etməkdə acizdir və əlbəttə, bu hallar yenidən müharibənin qızışdırılmasına, müəyyən dairələrin revanş götürmək həvəsinə düşməsinə imkan yaradır. Azərbaycan Prezidenti qətiyyətlə bildirdi ki, biz bütün maneələri dəf etməyə, bütün çətinlikləri aradan qaldırmağa qadirik və 44 günlük müharibə də bunu bir daha sübut etdi.
Sözsüz ki, Azərbaycanın, Azərbaycan xalqının qazandığı qələbələr möhtəşəmdir, tarixidir və bu bir çox dövlətlər tərəfindən, bir çox beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmişdir. Ancaq həm də cənab Prezident bir daha qeyd etdi ki, bizim haqq işimiz haqqı sevənlər, sülhə tərəfdar olanlar tərəfindən dəstəklənsə də, lakin çox təəssüflər olsun ki, müəyyən dairələr hələ də Ermənistanın təcavüzkar siyasətinə lazımi qiymət vermir və onları dəstəkləməkdə, onları yeni münaqişəyə qızışdırmaqda davam edirlər. Ölkə rəhbəri beynəlxalq təşkilatların, xüsusilə Minsk Qrupunun fəaliyyətinə də bir daha diqqəti cəlb etdi və bildirdi ki, Minsk Qrupu bundan sonra ancaq müəyyən humanist tədbirlərin həyata keçirilməsi ilə əlaqədar öz itirilmiş nüfuzunu müəyyən qaydada bərpa edə bilər.
Cənab Prezident ölkədə müəyyən məsələlərə də diqqəti cəlb etdi. Sözsüz, bu, kadrların məsuliyyətinin artırılması, məmurlara qarşı, dövlət qulluqçularına qarşı tələbkarlığın artırılması ilə əlaqədardır və bütün bu hallar sözsüz ki, bizim inkişafımıza, ölkənin tərəqqisinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına yönəldilən tədbirlərdir. Əlbəttə ki, geniş müsahibəni hərtərəfli təhlil etmək, ona qiymət vermək bir çıxışın əhatəsi deyil. Bu müsahibədə əksini tapan fikirlər, qarşıya qoyulan vəzifələr, gələcəkdə görülən işlər üçün nəzərdə tutulmuş planlar, lahiyələr, sözsüz ki, Azərbaycan xalqının gələcəyinə, ölkəmizin qüdrətlənməsinə, inkişafına xidmət göstərir. Azərbaycan vətəndaşı, hər bir insan ölkə rəhbərinin bu fikirlərini dəstəkləyir və ölkənin inkişafı üçün əlindən gələni əsirgəməmək əzmindədir”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB