Prezident İlham Əliyev: "Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər" ŞƏRH

Prezident İlham Əliyev: "Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər" ŞƏRH

Son 18 ildə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmışdır. Görülən işlər təsdiq edir ki, ölkədə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də xüsusi həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərkən bildirdiyi kimi, "Bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik".

"BU KATEQORİYADAN OLAN TA AXIRINCI İNSAN MƏNZİLLƏ, AVTOMOBİLLƏ TƏMİN OLUNANA QƏDƏR BU MƏSƏLƏ İLƏ MƏŞĞUL OLACAĞIQ"

Şəhid ailələri, müharibə əlilləri dövlət tərəfindən mənzillərlə təmin olunublar. "Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib", - deyə Cənab Prezident bildirib. Dövlət başçısı müharibə iştirakçılarının və qazilərin minik avtomobilləri ilə təmin olunduğunu diqqət çəkib və onlara 7400 avtomobilin verildiyini də qeyd edib. Növbədə duranlar isə yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. "Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq".

Dünyanın heç bir ölkəsində bu kateqoriyadan olan insanlara bu şəkildə qayğının göstərilməsinə təsadüf olunmur. "Bu həssas kateqoriyadan olan insanlara müəyyən dərəcədə təsəlli vermək və onların dərdinə şərik olmaq üçün biz bu addımı atırıq", - deyən dövlət başçısı bildirib ki, əlbəttə, bu, böyük vəsait tələb edir: "İndi hər kəs bilir ki, bir mənzilin qiyməti neçəyə başa gəlir və bu, büdcə üçün böyük bir yükdür. Amma biz bu yükün altına girmişik və sona qədər bu işi aparacağıq, bu kateqoriyadan olan ta axırıncı insan mənzillə, avtomobillə təmin olunana qədər bu məsələ ilə məşğul olacağıq".

"MÜHARİBƏ ZAMANI ƏLİNİ, QOLUNU, AYAĞINI İTİRMİŞ QAZİLƏRƏ ƏN MÜASİR PROTEZLƏR TƏQDİM EDİLİR"

Vətən müharibəsində yaralanmış hərbçilər son illərdə yaradılmış müasir reabilitasiya infrastrukturundan istifadə edilməklə həmin hərbi qulluqçuların effektiv reabilitasiya xidmətləri ilə təminatı işləri aparılıb. Vətən müharibəsinda yaralanmış hərbçilərdən artıq 2515 nəfərə əlillik dərəcələri, Prezidentin aylıq təqaüdü və əlilliyə görə pensiya, yaxud əllliyə görə müavinət təyin olunub. Eyni zamanda, 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin edilib. "Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərə ən müasir protezlər təqdim edilir. Bu proses artıq başa çatmaq üzrədir. Onları normal həyata qaytarmaq üçün biz bunu edirik, özü də bu protezlər ən son texnologiyadır" – deyən Prezident bildirib ki, bunların Avropanın ən qiymətli, ən bahalı, ən son texnologiyası olan protezlər olduğunu vurğulayıb: "Hətta indi əlini, qolunu itirmiş insan da artıq normal həyata qayıda bilər. Yəni, bu, əsas faktorlardır. Əlbəttə ki, bu siyasət və Mənim bu kateqoriyadan olan insanlarla daim təmaslarım cəmiyyətə də göndərilən çox ciddi siqnaldır".

Ötən il ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan 1200 nəfər reabilitasiya ilə təmin olunub. Əlbəttə ki, bu gün müharibə iştirakçısı olmuş insanların işlə təminatı da diqqətdə saxlanılır. Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Görülən işlər dövlətimizin şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə olan münasibətinin təzahürüdür. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu siyasət davamlı xarakter daşıyır. Azərbaycan dövləti bu qəbildən olan insanların qayğı və ehtiyaclarını diqqətdə saxlayır, sosial problemlərinin həlli istiqamətində ardıcıl işlər görülür.

Bununla da şəhid ailələrinin, müharibə iştirakçılarının sosial müdafiəsi ildən-ilə yaxşılaşır, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə