Bəzi qüvvələr vaxtaşırı bu cür təxribatlarla sülh prosesini pozmağa çalışır - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ
"Ermənistanla Azərbaycan sərhəddinin Kəlbəcər istiqamətində baş verən atışma və nəticədə bir əsgərimizin şəhid olması anlaşılan deyil və narahatedici məqamdır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Siyasi şərhçi qeyd edib ki, çünki son Brüssel görüşündən sonra tərəflər arasında sülh prosesi ilə bağlı müsbət bir dinamika müşahidə olundu. Hətta, Azərbaycan bunun qarşılığında erməni hərbiçilərini qarşı tərəfə təhvil verərək ciddi bir addım atdı. Bunun qarşılığında Ermənistan baş naziri Nikol Paşinyan nizamlanma prosesi ilə bağlı müsbət fikirlər bildirdi, Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkib hissəsi olan Qarabağ ərazisində yaşamasını bildirən fikirlər səsləndirdi. Bu arada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması baxımından bu yaxında ikitərəfli görüşlər keçirilməlidir. Belə görsənir ki, hansısa qüvvələr vaxtaşırı bu cür təxribatlar və gərginliklər yaradaraq sülh prosesini pozmağa çalışır.
Vüqar Əhmədov bu barədə fikirlərini belə izah edib: "Çünki inanmıram ki, rüsvayçı məğlubiyyətdən sonra Ermənistan yenidən müharibə arzulasın. Ən azından Paşinyan hakimiyyəti bunun tərəfində deyil, çünki o gücdə olmadığını anlayır. Lakin xarici qüvvələr görünür ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması və münasibətlərin normallaşmasında maraqlı deyil və vaxtaşırı belə təxribatlara əl ataraq bu prosesi ləngidirlər. Nəticədə hər iki tərəf bu prosesdən ziyan çəkir. Bu gün regionda sülhün əldə olunmasına ən çox çalışan tərəf Azərbaycandır. Təsadüfi deyil ki, Qarabağın quruculuğu istiqamətində atdığı əməli addımlar da bunu sübut edir. Lakin təəssüf ki, elə qüvvələr var ki, onlar qurub yaratmaq deyil, yalnız dağıtmaqdan zövq alırar və regionu da yalnız elə görmək istəyirlər. Ermənistan cəmiyyəti özündə iradə tapıb öz daxillərində belə qüvvələrə yox deməlidir. Əgər Ermənistanın Türkiyə və Azərbaycanla gediş-gəliş və kommunikasiyası bərpa olunsa əminəm ki, bu sülhün bərpası və normallaşma prosesində çox böyük töhfə verəcək. Bütün tərəflər bu istiqamətdə çalışmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB