Ermənistan MN-nin 21 yaşlı qeyri-hərbçi köməkçisi? ETİRAZ

Ermənistan MN-nin 21 yaşlı qeyri-hərbçi köməkçisi? ETİRAZ

Müxalifətçi kəsimlər 21 yaşı bir qızcığazın hərbi strukturun önəmli vəzifəsinə yiyələnməsini bütövlükdə müdafiə sisteminin tənəzzülü kimi qiymətləndiriblər

Ermənistanın müdafiə naziri Suren Papikyanın 21 yaşlı Mane Markosyanı özünə köməkçi götürməsi ölkədəki siyasi-ictimai dairələrin səs-küy yaratmalarına səbəb olub. SİA xəbər verir ki, Sputnik-Armeniya-nın verdiyi məlumata görə, zərif cinsin nümayəndəsi olması ilə yanaşı, həm də heç bir hərbi mükəlləfiyyəti olmayan qeyri-hərbçinin ölkənin müdafiəsi yönündə fəaliyyət göstərən mühüm güc strukturuna cəlb edilməsi narahatlıq mənzərəsini yaradıb.

Müdafiə nazirinin müavini Arman Sarkisyan: “Əgər KİV-lərə inansaq, onda müdafiə nazirliyində ciddi “kadr talanı” aparılır”

Lakin maraqlıdır ki, nazir Suren Papikyanın müavini Arman Sarkisyan yaranan narazılıqların əbəs olduğunu deyib və onun sözləri vəziyyəti daha da gərginləşdirib. “Ermənistanın 21 yaşlı yeni köməkçisinin böyük həyat təcrübəsi ola bilər”, deyən müdafiə nazirinin müavininin ifadələri “topa tutulub”.

Xüsusilə müxalifətçi kəsimlər 21 yaşı bir qızcığazın hərbi strukturun önəmli vəzifəsinə yiyələnməsini bütövlükdə müdafiə sisteminin tənəzzülü kimi qiymətləndiriblər.

Arman Sarkisyan KİV-lərin başlatdığı hücumlara da özünəməxsus münasibət bildirib. “Əgər KİV-lərə inansaq onda müdafiə nazirliyində ciddi “kadr talanı” aparılır. Ancaq əslində heç bir problem yoxdur və sadəcə bir neçə dəyişiklik olub və onları “talan” kimi xarakterizə etmək olmaz”, deyə müdafiə nazirinin müavini deyib və onu da bildirib ki, 21 yaşı Mane Markosyanın hərbi sferada bilgilərə malik olmaması heç bir əhəmiyyət daşımır.

Mane Markosyan Suren Papikyan baş nazirin müavini olarkən də onun köməkçisi olub

“Nazir müavininin köməkçisinin hərbi sferasına aid bilgilərinin olmaması heç bir problem yarada bilməz”, Sarkisyan deyib.

Daha bir maraqlı detal da nəzərdən yayınmayıb. Jurnalistlərin “21 yaşlı insanın hansı həyat təcrübəsindən danışmaq olar ki” sualına cavab olaraq “böyük həyat təcrübəsi” deyə bildirib və belə danışmağın doğru olmadığını da qeyd edib.

Qeyd edilir ki, Mane Markosyana aid deklarasiya registrində onun bioqrafiyasının iki məqamı qeyd olunub. Belə ki, Markosyan hazırkı müdafiə naziri Suren Papikyan baş nazirin müavini vəzifəsini daşıyarkən də onun köməkçisi kimi çalışıb. İndi isə müdafiə nazirinin köməkçisi olaraq fəaliyyət göstərir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə