Paşinyan Sankt-Peterburq görüşünə diplomatik nizam qaydalarında yanaşır - POLİTOLOQ ŞƏRH ETDİ

Paşinyan Sankt-Peterburq görüşünə diplomatik nizam qaydalarında yanaşır - POLİTOLOQ ŞƏRH ETDİ

"Bu gün MDB-nin qeyri-rəsmi sammitində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın görüşünün keçirilməsi gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, ümumilikdə Sankt-Peterburqdakı görüş qeyri-formal olsa da, önəmli məsələlərin müzakirəsi həyata keçirilə bilər: "Moskva, Soçi və Brüsseldən sonra Sankt-Peterburqdakı görüş onu göstərir ki, 2021-ci ildə Azərbaycan və Ermənistan lideri arasında görüşlərdə intensivlik müşahidə olunur. Görüşlər məhz MDB-yə aid olan məsələlər olsa da, müşahidə edirik ki, MDB meydançalarında keçirilən görüşlərdə, Ermənistan və Azərbaycan liderləri arasında gərginlik müşahidə olunur. Ermənistanda faşizmin qəhrəmanlaşdırılması, onlara heykəl ucaldılması, küçə və prospektlərin faşistlərin adı ilə bağlı olması bunun bariz nümunəsidir. Lakin Nikol Paşinyanın separatçılarla gərginliyi və son açıqlamasında Şuşanın işğaldan öncə əhalisinin 90%-dən çoxunun azərbaycanlılardan ibarət olması haqqında çıxışı bunu deməyə əsas verir ki, Paşinyan Soçi görüşündə çox ehtiyatlı davranacaq. Paşinyan Brüssel görüşündə özü və ölkəsi üçün müsbət dividentlərə ümid edirdi. Lakin gözlədiyi həyata keçmədi. Eyni zamanda əgər Paşinyan Soçi görüşünü sabotaj etməyə çalışırsa da, Sankt-Peterburq görüşünə diplomatik nizam qaydalarında yanaşır. Brüssel görüşündə Kremlin nəzarətində olan məsələlər müzakirə olunduğu üçün Rusiya Prezidenti Vladmir Putin yola saldığımız ilin sonunda Ermənistan və Azərbaycan lideri ilə birlikdə bir sıra məsələləri müzakirə edə bilər. Bu məsələlər də konseptual xarakterdə yəni iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, sərhədlərin delimitasiyasıdır. Siyasi gündəlikdə bir sıra humanitar əsaslı problemlər də vardır. Təhlükəsizlik mühitinin gücləndirilməsi üçün səylərin davam etdirilməsi də görüşün predmetinə daxil ola bilər. Azərbaycanın diplomatik üstünlüyü ilə keçən bütün görüşlərin Sankt-Peterburqda da davam etdirilməsi gözlənilir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə