"Azərbaycan son 18 ildə" FOTOLAR

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı "Azərbaycan son 18 ildə" adlı tədbir keçirilib. İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət sarayında keçirilən tədbirdən öncə əl işlərindən hazırlanmış rəsm sərgisinə baxış keçirilib. Daha sonra ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, qalib Sərkərdə Cənab İlham Əliyevin 18 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı sədrinin vəzifələrini icra edən Sevil Əhmədova müstəqil Azərbaycanın son 18 il ərzində keçdiyi möhtəşəm inkişaf yoluna nəzər salaraq qeyd edib ki, son 18 ilin uğurlarının təhlili bu fikri böyük inam və qətiyyətlə söyləməyə əsas verir ki, Prezident İlham Əliyevin hər bir vədi əməli fəaliyyətində öz əksini tapıb: "Ötən illər ərzində Azərbaycanın müdafiə qabiliyyəti gücləndirildi. Ərazi bütövlüyümüzü təmin etmək iqtidarında olan və bunu 44 günlük İkinci Qarabağ müharibəsində təsdiqləyən müzəffər ordumuzun həm döyüş qabiliyyəti artırıldı, həm də müasir hərbi texnika ilə təminat həyata keçirildi. Azərbaycan hərbi qüdrətini möhkəmləndirməklə yanaşı, haqlı tərəf kimi informasiya cəbhəsində də üstünlük əldə etmək üçün ciddi səylər göstərdi. Prezident İlham Əliyevin xarici ölkələrə hər bir səfəri, hər bir müsahibəsi Azərbaycan həqiqətlərinin, keçmiş Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin təqdimatı oldu. Bu gün böyük fəxrlə qeyd etdiyimiz "Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir" fikri təbii ki, ötən illər ərzində həyata keçirilən siyasətin, böyük səylərin nəticəsidir. Azərbaycan haqqın, ədalətin tərəfində olduğunu yürütdüyü müstəqil siyasəti ilə bir daha dünyaya nümayiş etdirdi".

Tədbirdə YAP İsmayıllı rayon təşkilatının üzvləri İsmayıllı rayon təhsil şöbəsinin müdiri Rövşən Əliyev, partiya veteranı Şəfaqət Rəsulov, şəhid anası Aynurə Mirzəliyeva, İsmayıllı Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və İsmayıllı Regional Mədəniyyət Mərkəzinin rəisi Elçin Nəcəfli və digərləri çıxış edərək bildiriblər ki, ölkə başçısı Cənab İlham Əliyevin 2003-cü ildə xalqın yekdil dəstəyi ilə Prezident seçilməsi müstəqil Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı oldu. Həyata keçirilən regional və beynəlxalq miqyaslı enerji layihələri Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə, dünya miqyasında isə əsas söz sahibinə çevirmişdir. Bütün bunlar isə Prezident Cənab İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti nəticəsində hasil olmuşdur. Prezident seçildiyi gündən ordu quruculuğu, Azərbaycan Silahlı Qüvvələrinin ən müasir silah və texnika ilə təchiz olunması Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev üçün prioritet istiqamətlərindən biri olmuşdur. Məhz bunun nəticəsində Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusundan birinə çevirilmişdir. Tədbirin sonunda İsmayıllı rayon mədəniyyət şöbəsinin instrumental ansamblının vətənpərvər mahnılarından ibarət çıxışı təqdim edildi.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə