"Bu günün yaranması ümumilli liderimizin xalqımıza bir töhfəsidir" -DEPUTAT MÖVQE BİLDİRDİ
"31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliy Günü bizim xalqımızın və dövlətimizin ən mübarək günlərindən biridir. Bu birlik günüdür, bu həmfikirlik günüdür, bu azərbaycançılıq günüdür. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq azərbaycanlıların ürəyinin bu vətənlə döyündüyü bir gündür". Bunu SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, bu günün yaranması da ümumilli liderimizin xalqımıza bir töhfəsidir. İlk dəfə Naxçıvan Ali Sovetinə rəhbərlik edən Heydər Əliyev məhz bu günün yaranması təklifi ilə çıxış etmişdi. Bundan sonra bu gün bir bayram kimi rəsmiləşmişdi. Dünya azərbaycanlılarının birliyi çox vacib və həm siyasi, həm mənəvi bir hadisədir. Bu birliyin möhkəmlənməsində ümumilli liderin çox böyük xidməti və zəhməti olmuşdur.
Musa Quliyev bu barədə fikrini belə izah edib: "Məhz ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında insanlar birləşərək Azərbaycan üçün dəstək oldular. Məhz ümumilli lider bütün xarici ölkələrə səfəri zamanı Azərbaycan diasporasını bir yerə topladı. Onlara Azərbaycanı sevmək, Azərbaycanın haqq işini dəstəkləmək üçün yol xəritəsi öyrətdi. Ondan sonra ümumumilli liderin sərəncamları ilə dünya azərbaycanlılarının konfransları keçirildi. Diasporla iş üzrə dövlət komitəsi yarandı. Bundan sonrakı dövrdə də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dünya azərbaycanlılarının birliyi daha da möhkəmləndi. Bu birlik xalqımızın dünyada tanıdılması, mədəniyyətimizin dünyaya tanıdılması, 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işinin dəstəklənməsində olduqca böyük rol oynadı. 44 günlük Vətən müharibəsində biz dünyanın hər yerindən Azərbaycana dəstək mesajları aldıq. Bu həm də bizim xaricdəki diasporalarımızın fəaliyyəti ilə bağlıdır. O insanlar Azərbaycanın elmini, mədəniyyətini, mənəviyyatını, mətbəxini dünyaya tanıtmaqla elə bil ki, dünyanı Azərbaycana yaxınlaşdırmış oldu. Ona görə də, biz bu bayramı əziz bir bayram kimi qeyd edirik. Hesab edirəm ki, birlik bizim dünyada uğurumuzun ən böyük açarlarından biridir. Birliyimiz mübarək olsun! Bu münasibətlə bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edirəm!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB