“Prezidentimiz xalqın iradəsini, milli maraqlarını tam şəkildə müdafiə edir” - PARTİYA SƏDRİNİN MÜNASİBƏTİ

“Prezidentimiz xalqın iradəsini, milli maraqlarını tam şəkildə müdafiə edir” - PARTİYA SƏDRİNİN MÜNASİBƏTİ

"2003-cü ildə xalqının mütləq iradəsi əsasında hakimiyyətə gələn, "Mən hər bir azərbaycanlının Prezidentiyəm" tezisini özünə şüar edən, hər bir azərbaycanlını vahid məqsəd, amal uğrunda birləşdirən möhtərəm İlham Əliyev cənabları müasir Azərbaycanın zəfər tarixini yaradan şəxsiyyətdir. Cənab İlham Əliyevin dövlət başçısı olduğu ötən 18 ilin hər günü, hər saatı ölkəmizin inkişaf strategiyasının yol xəritəsidir. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi liderdir. Cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçilərkən qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olub. Bütün sahələr üzrə planlaşdırılmış inkişaf yolu uğurla keçilib. 18 ildir ki, güclü iqtisadiyyat Azərbaycanın milli maraqlar üzərində qurulan prinsipial siyasətinin təməlində dayanan əsas amil qismində çıxış edir. Özünün iqtisadi və bu əsasda siyasi müstəqilliyini tam təmin etməsi Azərbaycanın tarixi nailiyyətidir. Ötən dövrdə ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin tam təmin olunmasını yüksək dəyərləndirən cənab Prezident İlham Əliyev “Mən dəfələrlə demişəm və həyat bunu göstərir ki, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər, əgər sən kimdənsə asılısansa, ya kreditdən asılısansa, ya başqa dövlətdən asılısansa, heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan və ona görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq”, deyə vurğulayıb. Cənab Prezidentin siyasi iradəsinə uyğun olaraq bu gün dövlətin ən çətin anlarda vətəndaşın yanında olmaq ənənəsi formalaşıb". Bu fikirləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin fikrincə, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı zəfər Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaratdı.

“Bu qələbəyə gedən yol hər saatı, hər anı hesablanmış, planlaşdırılmış bir yol oldu. Bu qələbəni təmin edən amillərdən danışarkən bir çox məqamlara toxunmaq gərəkir. Möhtərəm Prezidentimizin dövlətin iqtisadi gücünü qalibiyyət formuluna çevirmə bacarığı, diplomatik müstəvidə kərpic-kərpic hörülmüş uğurlar, bir zamanlar nəinki haqq səsi eşidilməyən, hətta məruz qaldığı soyqırımlara belə etinasız yanaşılan Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə qazanılan nüfuz, bir sıra aparıcı təşkilatlarda uğurlu təmsilçilik və rəhbərlik bu qələbənin əsas şərti kimi çıxış etməkdədir. Bir sözlə, Azərbaycanın son 200 illik tarixində qazandığı ən böyük uğur cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, təmkini və böyük siyasi dühası sayəsində əldə olundu. Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam təmin edilməsinə nail olmaq cənab Prezident İlham Əliyevin fəaliyyətində ana xətti təşkil edib. Həmişə milli maraqlardan çıxış edən dövlətimizin başçısı heç vaxt Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində güc tətbiq etməklə Azərbaycanın əzəli torpaqları olan Qarabağı və ətraf 7 rayonu işğal etməsi faktı ilə barışmayıb. Dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Qarabağ münaqişəsinin tarixi ədalət və beynəlxalq hüquq normaları çərçivəsində, yəni respublikamızın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması şərti ilə həllini tapması üçün mümkün olan hər şeyi edib. Cənab Prezident İlham Əliyev bu məqsədlə beynəlxalq platformalarda, siyasi müstəvidə Azərbaycanın ədalətli mövqeyini özünəməxsus diplomatik məharətlə əsaslandırıb. Dövlətimizin başçısının Münxen Təhlükəsizlik Konfransında, “Valday” Diskussiya Klubunda işğalçı dövlətin baş nazirinə verdiyi tarix dərslərini hər kəs yaxşı xatırlayır. Həmin tədbirlərdə işğalçı dövlətin rəhbəri, bir qayda olaraq, dərsini yaxşı bilməyən uşaq durumunda qalırdı", deyə Əsli Kazımova bildirib.

Partiya sədri onu da qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini şanlı qələbə ilə başa vurduq.

“Silahlı Qüvvələrimiz torpaqlarımızın xeyli hissəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. 2020-ci ilin noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin geri qaytarılmasından sonra düşmən müharibəni davam etdirməyin mənasız olduğunu başa düşərək onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Bu, Azərbaycan Prezidentinin tarix qarşısında, xalq qarşısında ən böyük xidməti oldu. Vətən müharibəsində qələbəmizin memarı Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.

Bir ildən artıqdır ki, Azərbaycanın qəlbi Qarabağla, Vətən müharibəsi zəfəri ilə döyünür. Tarixi ədalətin bərpası, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, Cənubi Qafqazın yeni inkişaf yolu məhz cənab İlham Əliyevin adı ilə bağlıdır. Cənab Prezident İlham Əliyevin qətiyyəti, fenomenal fəaliyyəti Ermənistanı və onun havadarlarını tam tərksilah edib. Soçidə, Brüsseldə Azərbaycan öz qələbəsinin siyasi təməllərini daha da möhkəmləndirməkdədir. Bütün bunların əsasında isə Azərbaycanın liderinin sözün bütün mənalarında böyük fəaliyyəti dayanır. Mahir siyasətçi, qətiyyətli lider kimi Prezident İlham Əliyev öz xalqının iradəsini, milli maraqlarını bütün cəbhələrdə tam şəkildə ifadə və müdafiə edir, qoruyur", deyə partiya sədri Əsli Kazımova qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə