Prezident İlham Əliyev davamlı inkişaf modelinin müəllifidir

Prezident İlham Əliyev davamlı inkişaf modelinin müəllifidir

Hər birimizə məlumdur ki, sabit və davamlı dövlətçilik ənənələrini formalaşdırmaq, həmin ənənələri inkişaf etdirmək hər dövlət başçısının iradi qabiliyyətinin təzahürü olmur. Davamlı dövlətçilik ənənələrini formalaşdırmaq üçün yüksək mənəvi keyfiyyətə, ali bəşəri və milli ideyalara, ümummilli mənafelərə sidq - ürəkdən bağlı olmaq lazımdır. Müasir dövlətçilik tariximizin parlaq siması, böyük şəxsiyyəti Ulu Öndər Heydər Əliyev məktəbi dövlət quruculuğunu öyrədən ən mükəmməl məktəbdir. Bu məktəbin yetirməsi cənab Prezident İlham Əliyev tarixin axarını dəyişən ideya və prinsiplərlə Azərbaycanın davamlı inkişaf modelini yaratmışdır. Cənab Prezident İlham Əliyevin lider kimi böyüklüyü daim uzaq hədəflərə hesablanmış və Azərbaycanın inkişafı uğrunda milli məqsədləri önə çəkən siyasət yürütməsi olmuşdur. Məhz ölkədə aparılan genişmiqyaslı yenidənqurma işləri, həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına zəmin yaratmışdır.

“Əsl siyasət – konkret, real iş görməkdən ibarətdir” deyən cənab Prezident İlham Əliyev 2003-cü ildən bəri verdiyi vədlərə sadiq qalaraq Azərbaycanın davamlı inkişafı uğrunda yorulmadan çalışmaqdadır. Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən cənab İlham Əliyev xalqın problemlərinə həssaslıqla yanaşır və bütün məmurlar qarşısında bunu öhdəlik olaraq qoyur. Dövlət başçısının gerçəkləşdirdiyi uğurlu diplomatiya Azərbaycanın bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir.

44 günlük Vətən Müharibəsində qazanılmış tarixi zəfərlə cənab Prezident İlham Əliyev dünya tarixində yeni bir səhifə açmışdır. İşğaldan azad edilmiş torpaqlarımızda ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyimiz qısa zamanda bərpa edilməyə başladı. Bölgədə aparılan genişmiqyaslı quruculuq işləri, beynəlxalq hava limanlarının, yeni dəmir yolu xətlərinin tikintisi bölgənin inkişafına, bununla da bütün Cənubi Qafqaz regionunun tərəqqisinə əhəmiyyətli təkan verəcəkdir. Azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, həmin ərazilərdə su mənbələrindən istifadə edilməklə su elektrik stansiyalarının tikintisi də məhz davamlı inkişaf modelinin tərkib hissəsidir.

Məhz ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi üçün dövlət proqramları hazırlanmışdır. Bu proqramlar əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, yaşayış səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, Azərbaycanın regionlarının hərtərəfli tərəqqisinə yol açır. Son illərdə Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tutmuşdur. Bunun səbəbi də ölkə başçısı tərəfindən həyata keçirilən davamlı inkişaf modelidir. Bu modelin hazırlanması və həyata keçirilməsi Dayanıqlı İnkişaf məqsədlərinin icrasını institusional və siyasi baxımdan daha da səmərəli edir. Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş və çevik siyasəti, uzaqgörənliklə qəbul etdiyi qərarlar qarşıdakı illərdə ölkəmizin dayanıqlı və davamlı inkişafını təmin edəcəkdir. Bu haqlı yol Azərbaycan xalqına daha firavan həyat və uğurlu gələcək bəxş edəcəkdir. Bu yolda hər birimizin səfərbər olması müqəddəs amalımız və vətən qarşısında borcumuzdur. Daha güclü Azərbaycan naminə hər bizimizə uğurlar arzulayıram!

Aqşin Bağırov

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr əvəzi

Bütün xəbərlər Facebook səhifəmizdə