Azərbaycan artıq qlobal güc olma yolunda ciddi şəkildə addımlar atır - EKSPERT RƏYİ
“Prezident İlham Əliyevin İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi həm Qərbin Postmünaqişə dövrünə töhfələrinin təmin olunması, həm də indiyə qədər tətbiq edilmiş ikili standartların qınanması baxımından olduqca uğurlu tezisləri əhatə edir. Müsahibə zamanı Avropa İttifaqının xüsusən humanitar məsələlərdə verə biləcəyi faydalar bir daha vurğulanıb, İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səylərinin böyük əhəmiyyət kəsb etdiyi bildirilib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Ekspertin sözlərinə görə, humanitar məsələlər əsasən birgəyaşayışın təmin olunması, minaların təmizlənməsi prosesinə yardım edilməsi və kommunikasiya xətlərin açılması üçün maliyyə yardımlarının göstərilməsini ehtiva edir: “Bu məqamların xüsusilə vurğulanması həm də beynəxlalq aləmə ciddi mesajdır ki, biz müharibəni bitirmişik. Artıq müharibə sonrası problemlərə baxırıq. Təəssüf ki, Ermənistan dövləti həm müharibə öncəsi, həm müharibə vaxtı, həm də postmünaqişə dövründə müxtəlif səpkidə cinayətlər törətmiş və Azərbaycanın o dövlət üçün yaratdığı avantajlardan yararlanmaq əvəzinə beynəlxalq hüququn prinsiplərini pozmaqla məşğul olub. Bu müsahibədə cənab Prezident məhz həmin məsələyə toxunaraq bir daha rəsmi İrəvanın və erməni cəmiyyətinin diqqətinə çatdırıb ki, Azərbaycanın yaratdığı reallıq əslində onların özləri üçün optimaldır və nə qədər ki, bu üstünlüklərdən istifadə etmirlər, o qədər uçuruma doğru sürətlə addımlayırlar. Mina məsələsinin vurğulanması da çox əhəmiyyətli məqamdır. Çünki erməni tərəfi diversantların qaytarılmasına qarşılıq olaraq saxta xəritələr təqddim edərək hər zaman olduğu kimi özlərini yenə dünyaya günahsız, müharibə qaydalarına əməl edən dövlət kimi tanıtmağa çalışırlar və bu minvalla masada əllərini gücləndirmək istəyirlər”.
Z.Qarayeva vurğulayıb ki, bu baxımdan cənab Prezidentin minaların saxta olduğu və müharibə bitdikdən sonra 200 nəfərə yaxın insanın minalar səbəbindən həlak olub və ya ağır yaralandığını diqqətə çatdırması ölkəmizin siyasi masada aparılan saxta manevrlərə qarşı tutarlı cavabı idi: “İlham Əliyev hər iki dövlətə Aİ tərəfindən təqdim edilən ianələr məsələsinə də toxunaraq, açıq şəkildə yardım paketlərinin miqdarında qeyri-bərabərlik olduğunu da diqqətə çatdırıb. Biz ikili standartların qurbanı olsaq belə yenə həm əlaqədar qurumlara, həm də Ermənistana sülh əlimizi uzatmağa davam edirik. Humanist xalq və dövlət olaraq, problemlərin həllini sülh, inteqrasiya, əməkdaşlıq meyillərinin yaranmasında görürük. Bu töhfələri yalnız öz ölkəmizə deyil, qonşu və region ölkələrə də təmin etməklə göstəririk ki, Azərbaycan artıq regional gücdür və qlobal güc olma yolunda ciddi şəkildə addımlar atır. Əgər, qlobal güclər bizim yaratdığımız geosiyasi reallıqlarla barışıb ayaqlaşırsa, demək ki, bu pafoslu fikir deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB