Təhsil sahəsində islahatlar daha da dərinləşir TƏHLİL

Təhsil sahəsində islahatlar daha da dərinləşir TƏHLİL

Dövlət başçısının imzaladığı sərəncamlar təhsilin daha uğurlu gələcəyinə hesablanıb

Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşir, müasir zamanın tələblərə uyğunlaşdırılır. Dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilən Azərbaycanda geniş şəkildə təhsil sahəsində həyata keçirilən islahatlar davamlıdır. Qloballaşan dünyanın "Təhsil və informasiya əsri" kimi səciyyələndirilməsi təhsilin keyfiyyəti baxımından yeni mərhələnin zəruriliyi meydana çıxıb. Müasir dövrümüzdə təhsil sahəsində islahatların ən mühüm mərhələsi yaşanılır. Təhsilin məzmunu və keyfiyyəti və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri gedir. Təhsilin beynəlxalq standartlara uyğunlaşdırmaq üçün atılan addımlar, onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin "qara qızıl"ın insan kapitalına çevrilməsi çağırışı öz nəticəsini verir.

Dövlət başçısının dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə ilə imzaladığı "Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında" Sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə veriləcək.

Dövlət başçısının "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında" Sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin regional idarələri yaradılır. Belə ki, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1090) 1-ci hissəsi ləğv edilir. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 664 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 891) dəyişikliklər edilir. Sumqayıt şəhər, Abşeron, Xızı rayon təhsil şöbələrinin əsasında Abşeron – Xızı Regional Təhsil İdarəsi, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon təhsil şöbələrinin əsasında Dağlıq Şirvan Regional Təhsil İdarəsi, Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi əv s. yaradılacaq. Nazirliyin regional təhsil idarələrinin yaradılması ilə əlaqədar onların maddi-texniki təminatı məsələləri də öz həllini tapacaq.

Eyni zamanda, 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması bu sahədə çalışanların rifahının yüksəlməsinə ayrılan diqqətdir. Dövlət başçısı tərəfindən təhsilə böyük önəm verilməsi, yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi Azərbaycan təhsilinin dünya standartları səviyyəsində qurulmasına səbəb olub. Təbii ki, dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər ölkəmizin uğurlu gələcəyindən xəbər vermiş olur. Məlumdur ki, təhsil hər zaman yeniliklərə və islahatlara açıq bir sahədir. Təhsilin maddi-texniki bazasının gücləndirilməsi, onun infrastrukturunun müasir tələblər səviyyəsində təşkili təhsilin prioritetlərinin dünya elminin inkişaf tendensiyaları istiqamətində qurulmasında əhəmiyyətli rol oynayıb. Təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi məqsədi ilə dövlət proqramları qəbul edilmiş və layihələr həyata keçirilib.

Təbii ki, gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından təhsilin məzmununun yenilənməsi mühüm prioritetlərdəndir. Qeyd edək ki, dünyada gedən qloballaşma və inteqrasiya prosesləri ölkəmiz üçün yüksək elmi potensiala malik mütəxəssislərin hazırlanmasını tələb edir. Təhsilin inkişafına ayrılan yüksək diqqət, həm də, Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Ardıcıl olaraq təhsil sahəsində köklü islahatların aparılması bu sahənin inkişafına böyük təkandır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə