Beynəlxalq ictimaiyyət Azərbaycanın "peyvənd millətçiliyi"nə qarşı təşəbbüslərini dəstəkləyir ŞƏRH

Beynəlxalq ictimaiyyət Azərbaycanın "peyvənd millətçiliyi"nə qarşı təşəbbüslərini dəstəkləyir ŞƏRH

Beynəlxalq ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəkləyir. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər edilməsi istiqamətində qlobal liderliyini davam etdirir. 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev "peyvənd millətçiliyi"ni, varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı qeyri-bərabərliyi bir daha tənqid etmiş və bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunması ilə bağlı Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasında qətnamənin irəli sürüləcəyini elan etmişdir.

Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə dekabrın 16-da BMT Baş Assambleyasında 179 ölkənin dəstəyi ilə qəbul olunub. Bu gün dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdəndir. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı videoformatda çıxışı zamanı bildirdiyi kimi, "COVID-19 pandemiyası bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam edir. Hökumətimiz ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir".

"Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarıdır" - deyən Cənab Prezident Qoşulmama Hərəkatının Sədri qismində Azərbaycanın bir sıra qlobal təşəbbüslər irəli sürdüyünü diqqətə çatdırıb: "2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil etmişdir. Zirvə toplantısı zamanı mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsini təklif etdim. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəkləndi və 2020-ci il 3-4 dekabr tarixlərində xüsusi sessiya baş tutdu". Dövlət başçısı inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmışdı.

AZƏRBAYCAN PANDEMİYAYA QARŞI QLOBAL SƏYLƏRİ SƏFƏRBƏR EDƏN İLK ÖLKƏLƏRDƏNDİR

Peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin sözlərinə görə, davam edən "peyvənd millətçiliyi", inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Belə ki, dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi az gəlirli ölkələrin payına düşmüşdür.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırıb, dörd ölkəyə isə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib.

Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirmişdi. Azərbaycan pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Peyvənd millətçiliyinə qarşı ən çox mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanınıb və qəbul edilib.Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamənin qəbul edilməsi ilə beynəlxalq ictimaiyyətin Prezident İlham Əliyevin COVID-19 pandemiyasına, "peyvənd millətçiliyi"nə qarşı təşəbbüslərini bir daha dəstəklədiyini nümayiş etdirmiş oldu.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə