Qafqazda gərginliyin yaranmasında Eçmiədzin katolikosluğu dayanır TƏHLİL

Qafqazda gərginliyin yaranmasında Eçmiədzin katolikosluğu dayanır TƏHLİL

Qədim tarixə malik olan Azərbaycan müstəqiliyinin əldə olunması xalqımızın həyatında yadda qalan bir tarixdir. Ancaq mövcud reallıqlar və faktlar ondan ibarətdir ki, Azərbaycan demokratiya və tərəqqi yolunda, həmçinin, dövlət quruculuğu yolunda bir sıra maneələrlə qarşılaşmışdır. Erməni daşnak avantüristlərinin “böyük Ermənistan” xülyasını həyata keçirmələri ilə yalançı təbliğatları Qafqaz bölgəsində milli qırğınların başlanmasına gətirib çıxardı. Bu vəhşi qırğınlar Bakı, Naxçıvan, İrəvan, Zəngəzur və Cənubi Azərbaycan şəhərlərində davam etmişdir. “Ermənistan dövləti” yaratmaq ideyasını dəstəkləyən və onu maliyyələşdirən, əsasən, kilsələr olmuşdur və bu kilsələr içərisində daha çox fəallıq göstərən Eçmiədzin və Qandzasar idi. Alban kilsəsi olan Qandzasar öz müstəqilliyini VII əsrin əvvəllərində məhz erməni kilsəsinin hiyləgər fəaliyyəti nəticəsində itirərək, erməni kilsəsinə tabe edilmişdi. Məhz bundan sonra xristian albanların “erməniləşdirilməsi” siyasəti həyata keçirilməyə başlamış, Alban mədəniyyətinin nümunələri erməni dilinə tərcümə edilərək yerli dildə olan abidələr məhv edilib izləri tarixdən silinmişdir. Qarabağda olan beş məliklik mənşəcə alban olub, sonradan erməniləşməyə məruz qalmışdılar. Qarabağın 30 illik işğalı zamanı da erməni Alban mədəniyyət nümunələrini erməniləşdirməyə cəhd etmişlər, ancaq torpaqlarımız azadlığına qovuşmaqla saxtakarlıqlar aradan qaldırılmış və tarixi ədalət pərpa olunmuşdur. O vaxtlar erməni millətçiliyinin mühüm mərkəzi İrəvan xanlığının ərazisində yerləşən Eçmiədzin katolikosluğu idi. İri torpaq sahələrinə malik olan və böyük gəlir götürən Eçmiədzin katolikosları təkcə dini deyil, həm də müəyyən dərəcədə siyasi hakimiyyətə malik idilər. Uzun vaxtlar ərzində erməni kilsəsi öz yerini dəyişərək sonda Eçmiədzində mərkəzləşmişdi. Bundan sonra Azərbaycanda yaşayan ermənilər azərbaycanlılardan iri torpaq sahələri almağa başladılar. Məsələn, XVII əsrdə Apostol Foma tərəfindən azərbaycanlı iri feodal Xoca Fətəlibəy Tusinin mülkündən torpaq sahəsi alınmışdı.

O dövrdə Şərur-Dərələyəz, Sürməli, Naxçıvan qəzalarında vəziyyət

Məhz Eçmiədzin kilsəsinin bu uzaqgörən siyasəti Azərbaycan ərazisində “erməni torpaqlarının” yaranmasına səbəb olmuşdur. Ermənilərin ərazi iddialarının əsassız olduğunu belə bir fakt təsdiq edir ki, bu millətçilərin zorla qoparıb almaq istədikləri Şərur-Dərələyəz, Sürməli, Naxçıvan qəzalarında azərbaycanlılar əhalinin 2/3 hissəsini, Cəbrayıl, Zəngəzur, Cavanşir və Göyçə ilə yanaşı, Qazax qəzalarında isə çoxunu təşkil edirdi. Belə ki, İrəvan qəzasının özündə xalqın 46 faizini azərbaycanlılar təşkil edirdi. Erməni millətçiləri ərazi mübahisələrini zor şəraitində və eləcə də başqa dövlətlərin indiki kimi yardımına arxalanaraq həyata keçirməyə çalışırdılar.

Türk dövləti tərəfindən məğlub olmuş erməni quldur dəstəsinin başçısı Andranik Ozanyan öz ordularının qalıqları ilə qaçaraq Ermənistanda gizlənmişdir. Azərbaycan-Türk orduları 1918-ci ilin yayında Bakı ətrafı istiqamətində döyüşlərin getməsindən istifadə edən Andranikin quldur dəstələri Zəngəzur qəzasına basqın etdi. Əhaliyə ultimatum verərək əhali Zəngəzurdan çıxıb getməli və yaxud Erməni dövlətinin hakimiyyətini qəbul etməlidirlər. Silahsız əhali erməni quldurun ultimatumunu rədd etdi. Erməni bandaları müsəlman əhalisini bütövlükdə öldürməyə başladılar. Bu cinayətləri araşdıran Fövqəladə Tədqiqat Komissiyasının məlumatına görə, 1918-ci ilin yay-payız aylarında erməni bandaları tərəfindən Zəngəzurda 115 kənd, bütün müsəlman kəndləri dağıdılmışdır. Bu kəndlərdə 7729 nəfər azərbaycanlı, o cümlədən, 4474 qadın və uşaq öldürülmüş, 50 min adam qaçmışdır. Erməni bandaları Baqum adlı kənddə 400 nəfər qaçıb məscidə doluşmuşdular. Ermənilər bu binanın pəncərələrindən əl bombaları atdılar və binanın hər tərəfinə od vurub yandırdılar. 1919-cu ilin fevralında Nəriman Nərimanov Daşnaq xəyanətkarlığı haqqında demişdir. “Daşnaqlar əllərində “böyük Ermənistanın xəritəsi və geniş proqramı Peterburqda əyləşib “Böyük “Ermənistan” yaratmaqla məşğul idilər. Hətta gürcü millətçiləri belə, daşnaqların bu həyasız hərəkət tərzindən dəhşətə gəlmişdirlər... Bütün inamla bildirirəm ki, Rusiyada o zaman mövcud olan milli partiyaların heç biri daşnaklar qədər xəyanətkar mövqe tutmamışlar. Əgər düşmən səninlə mübarizədə üzbəsurət dayanırsa, o, əleyhdar üçün o dərəcədə təhlükəli deyil. Lakin düşmən zahirdə səninlə oyun oynayır, ürəyində isə özünün vəhşi və satqın fikirlərini daşıyırsa, belə düşmən təhlükəlidir və ona qarşı ehtiyatlı olmaq gərəkdir... Qolitsin dövründə daşnaklar inqilabçı partiya sayılardı. Vorontsov-Daşkov zamanında isə onun ayağını öpənlər ən qəddar əks-inqilabçı idilər. Səbəbi də bu idi ki, Vorontsov onlara vəd etmişdir ki, müharibədən sonra “Böyük Ermənistan” yaradacaqdır. Ancaq türklər Sarıqamışda qələbə çalandan sonra daşnakların Tiflis şəhərindəki rəhbəri Xatisov (Xatisyan) qorxuya düşüb türklərlə dostluq üçün zəmin hazırlamağa başladı: daşnakların bu əlaməti indi də durur. Əgər Qafqazda Sovet quruluşu baş tutsa, daşnaklar dərhal öz maskalarını dəyişəcəklər və bu dəfə komonist olub Azərbaycanda və Gürcüstanda iş başına keçəcəklər... ”(ADR, tarix, ictimai-siyasi və ədəbi-mədəni həyat. Azərbaycan Dövlət Nəşriyyatı Poliqrafiya Birliyi. Bakı, 1992, səh.40). 1917-ci il oktyabr çevrilişi rus müstəmləkəçiliyinə yeni qüvvə verdi. Qafqaz cəbhəsindən dönən rus əsgərləri bolşeviklərin fitnəkarlığı sayəsində Baklya hərəkət etdilər. Rus əsgərləri aclıq və tökülmüş vəziyyətdə Bakı Soveti qulluğunda olmağı əsas tuturdular. Hərbi İnqilab Komitəsi Tiflisdən çıxarılıb Bakıya gətirildi. I Dünya müharibəsindən geri dönən 8 min silahlı erməni birləşmələri, eləcə də daşnaklardan ibarət 20 minlik silahlı qüvvə Bakıda yerləşdirildi. Sonradan həmin daşnak qüvvələri Bakıda və Azərbaycanın bölgələrində kütləvi şəkildə azərbaycanlıların qırğınlarını törətmişlər.

Ermənilərin Üçkilsəyə köçürülməsi

Ermənilərin Azərbaycan ərazisində məskunlaşması prosesi 1441-ci ildə erməni katolikosluğunun Kilikiyadan Azərbaycan Qaraqoyunlu dövlətinin ərazisi olan Üçkilsəyə köçürülməsindən sonra başlanmışdır. Ermənilərin İrəvan torpaqlarını hansı vasitələrlə ələ keçirmələri haqqında Madendaranda (əslində, Mətndaran-əlyazma saxlanan yer) qorunan 1687-ci ilə aid tarixi sənəddə göstərilir ki, biz (yəni ermənilər) Azərbaycan türklərinə məxsus olan torpaqları “…Ya satın alır, ya işğal edir, ya sahibinin əlindən çıxarır, ya rüşvət verib alır, ya bəxşiş kimi əldə edir, ya da zorla ələ keçiririk”.

Rusiya ermənilərdən bir alət kimi istifadə etmək üçün onların Qafqazda yerləşdirilməsində xüsusi fəallıq göstərmişdir. Bununla Rusiya Cənubi Qafqazda möhkəmlənmək və özünün gələcək işğalçılıq planlarını reallaşdırmaqdan ötrü mövcud Türkmənçay və Ədirnə müqavilələrinin şərtlərinə istinad edərək erməniləri az bir vaxt ərzində İran və Osmanlı imperiyaları ərazilərindən tam şəkildə Şimali Azərbaycana köçürməyə başladı. Bununla da, Rusiya İran arasında bağlanmış Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə, rus çarizminin təkidi ilə İranda yaşayan ermənilərin Azərbaycan ərazisinə köçürülməsi rəsmiləşdirildi.

1829-cu il senyabrın 2-də Osmanlı imperiyası ilə Rusiya arasında imzalanmış Ədirnə sülh müqaviləsinin 13-cü maddəsinə əsasən, Osmanlı ərazisində yaşayan ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Ermənilərin bu ərazinin yerli əhalisi deyil, gəlmə olduqlarını başqa xristian qaynaqları ilə yanaşı, elə erməni mənbələri də təsdiqləyir.

Türkmənçay müqaviləsi və I Nikolayın “erməni vilayəti” yaradılması barədə fərmanı

Türkmənçay müqaviləsinin imzalanmasının (1828-ci il 20 mart) ertəsi günü rus çarı I Nikolay “erməni vilayəti” yaradılması barədə fərman verdi. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə, İran hökuməti müharibə vaxtı öz dövlətinə xəyanət edərək ruslara qulluq etmiş şəxslərin (əsasən, ermənilərin) Rusiya işğalı və tabeliyində olan torpaqlara köçürülməsinə əngəl törətməməli idi. Belə bir vaxtda - 1827-ci ilin mayında rus generalı Paskeviçin xüsusi tələbnaməsi əsasında ermənilər arasında nüfuz sahibi olan polkovnik Lazarev (Qazaros Lazaryan) köçürülmə işlərinə rəhbərlik etmək üçün Təbrizə komendant təyin edildi.Rus ordularının Təbrizə basqını zamanı (13 oktyabr)Lazarevin çağırışından riqqətə gələn ermənilər yenə də xəyanət edərək Təbrizin darvazalarını rus ordusunun üzünə açdılar.

Köçürülən kasıb erməni ailələrinə kömək etmək üçün rus dövlətinin xəzinəsindən 25 min rubl gümüş pul ayrılmışdı.1828-ci ildekabrın 24-də Lazarevin Paskeviçə yazdığı yekun hesabatında göstərilirdi ki, köçürmə işi 1828-ci il fevralın 26-da başlamış və iyunun 11-də başa çatmışdı. Lazarev 1828-ci il martın 9-da Paskeviçə yazdığı raportunda qeyd edirdi ki, artıq 4500 erməni ailəsi köçürülərək Araz çayının İran tərəfindəki sahilinə gətirilmişdir.

1828-ci il mayın 26-da Gürcüstandakı baş qərargah rəisinə təqdim edilən raportda isə bildirilirdi: ”Rusiyaya məxsus olan vilayətlərə xristianların köçürülməsi müvəffəqiyyətlə aparılır .Artıq Qarabağda 279, İrəvan vilayətində isə 948 ailə məskunlaşdırılmışdır. Polkovnik Lazarevin vədinə əsasən, köçürülən ailələrin sayı 5 minə çatdırılmışdır.”

İ.Şopenin yazdığına görə, İrandan köçürülən ermənilərdən yalnız 366 ailə (1715 nəfər) İrəvan şəhərinin özündə, 265 ailə (1110 nəfər) Naxçıvan şəhərində və 36 ailə (482 nəfər) isə Ordubad ərazisində məskunlaşdırıldı. Xaricdən köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində yerləşdirildi. Beləliklə, İrəvan əyalətində 4559 ailə (23588 nəfər), Naxçıvan ətrafında 2137 ailə (10652 nəfər), Ordubad dairəsində 250 ailə (1340 nəfər) yerləşdirildi.

Nəticədə, əzəli Azərbaycan torpaqları hesabına yaradılan qondarma erməni vilayətinə 35560 nəfərdən ibarət erməni ailəsi köçürüldü. Lazarevin hesabatından məlum olur ki, üç ay yarım ərzində İran ərazisindən 8249 xristian – erməni ailəsi İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdür ki, bu da ən azı 40 min nəfər demək idi. Həmin illərdə Rusiya dövlətinin xəzinəsindən 14 min manat qızıl və 400 min manat gümüş pul xərclənmişdi. Bununla yanaşı, rus tədqiqatçısı N.Smirnov İrandan 90 min erməninin köçürülərək Azərbaycan ərazilərində məskunlaşdırıldığını yazır.

Tarixi hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, İran erməniləri Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə - yeni vətən yaratmaq məqsədilə köçürülmüşdür. Bu işləri həyata keçirməkdə xüsusi canfəşanlıq göstərən hərbçilər və din xadimləri rus çarizmi tərəfindən mükafatlandırılırdılar.

İrəvan xanlığından didərgin salınan azərbaycanlılar

İkinci Rusiya-İran müharibəsində qələbə çalan rus qoşunları 1828-ci il iyunun 14-də Paskeviçin komandanlığı altında Gümrü yaxınlığında 12 minlik qoşunla Arpaçaydan Şərqi Anadoluya hücuma başladı. İyunun 23-də Qars qalası işğal edildi. Rus qoşunları iyulun 24-də Axalkalakini, avqustun 15-də Axıskanı, 22-də Ərdahanı, 28-də Bəyazidi işğal etdi.

1829-cu ilin yazında müharibənin yenidən alovlanması nəticəsində rus qoşunları Ərzurumu, daha sonra Muşu, Oltunu və Bayburtu işğal etdilər. İrəvan xanlığından - öz ata-baba yurdlarından didərgin salınan azərbaycanlılar ən çox Şərqi Anadoluda sığınacaq tapmışdılar. Rus qoşunlarının Şərqi Anadoluya hücumları zamanı qırğınlara və yenidən bu ərazidən köçkün halına düşməyə düçar olan yenə də azərbaycanlılar idi. Onlar bu dəfə də, əsasən, Türkiyənin içərilərinə köçməyə məcbur oldular.

1829-cu ilin avqustunda rus qoşunları Balkan ətrafından İstanbula irəliləyərkən II Sultan Mahmud Rusiya dövlətinə barışıq təklif etdi. Bu addım 1829-ci il sentyabrın 2-də Ədirnə müqaviləsinin bağlanması ilə nəticələndi. Axalkələk qalası Axıska şəhəri Rusiyaya birləşdirildi. Ruslar tərəfindən işğal edilmiş Qars, Trabzon, Bəyazid və Ərzurum paşalıqları isə Türkiyəyə qaytarıldı.

Ədirnə sülhünün 13-cü maddəsinə əsasən, Türkiyənin işğal olunmuş torpaqlarındakı ermənilərə 18 ay ərzində daşınan əmlakları ilə bərabər Rusiya təəbəliyinə keçmək hüququ verilmişdi. Türkiyədə yaşayan erməniləri yenicə işğal olunmuş Azərbaycan ərazilərinə köçürmək, həmçinin, Türkiyə ilə sərhədboyu ərazilərdə də ermənilərin say üstünlüyünü təmin etmək məqsədilə 1829-cu il oktyabrın 10-da Paskeviç rus imperatoru I Nikolaya raport yazıb Ərzurumda və Qarsda yaşayan ermənilərdən 10 min nəfərin Gürcüstanda və “erməni vilayətində” yerləşdirilməsinə icazə istədi.1829-cu il noyabrın 18-də hərbi nazir Çernişev Paskeviçə çar I Nikolayın onun təklifini bəyəndiyini bildirdi.

Rus general-mayoru N.Bercmanın ermənilərin Qarsdan Gümrüyə yola salınmasında iştirakı

Türkiyənin Qars və onun ətrafından köçürülən ermənilər yaşadıqları ərazilərin iqliminə uyğun olaraq Ələyəz (Alagöz) dağı ətrafındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi. Rus general-mayoru Bercman Qarsdan Gümrüyə yola salınan 400 erməni ailəsinə sənəd təqdim etdiyini bildirirdi. İrəvan yaxınlığında Sərdarabad qalasında olan 270 ev həmin vaxt ermənilər tərəfindən zəbt edilmişdi. Bir qədər keçdikdən sonra M.Vladkin ermənilərin bu əraziyə köçürülməsi haqqında yazırdı: ”İrəvan quberniyasında yaşayan ermənilərin əksəriyyəti buranın yerli sakinləri olmayıb,1828-1829-cu illər müharibəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər”.

1830-cu il yanvarın 22-də Paskeviçin Çernişevə verdiyi məlumata görə, Qars və ətraf ərazilərdən köçən 2500 erməni ailəsi onun sərəncamına əsasən, yaşadıqları yerin iqliminə uyğun olaraq Ələyaz dağı ətrafında -Pəmbək distansiyasıdakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi. Türkiyədən köçürülən ermənilər Axıska, Pəmbək-Şorəyel və ”erməni vilayətində” yerləşdirildi. Talış mahalı,Göyçə gölü ətrafı və Baş Abarana 14044 erməni ailəsi köçürülmüşdü. Ərzurumdan köçürülən 7288 erməni ailəsindən 500-ü, eləcə də Ərdahandan 67 erməni ailəsi Axıska paşalığı ərazisində, 1050 ailə Borçalı distansiyasında və Çalqa ətrafında, qalan 1305 ailə isə Pəmbək və Şorayel distansiyalarında yerləşdirilmişdi. Hesablama komissiyasının sayına görə, Osmanlı dövləti torpaqlarından 84 min nəfərdən artıq erməni və yunan köçürüldüyü məlum olur. Lakin 1831-ci il aprelin 24-də qraf Paskeviçin adına verilmiş əlahəzrət buyruğunda rus dövləti tərəfindən Türkiyə vilayətindən köçürülmüş xristianlar, yəni erməni və yunanlardan ibarət 14 mindən çox ailə (90 min nəfərə qədər) üçün 380 min gümüş pulun ayrıldığı bildirilirdi. İ.Şopenin apardığı siyahıya almanın nəticələrinə görə 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra “erməni vilayətinə” Türkiyədən 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürdü köçürülmüşdu. Rusiya imperatorunun fərmanı ilə “erməni vilayəti” yarandığı vaxt İrəvan əyalətində İrəvan, Sərdərabad, Şərur və Sürməli dairələri yaradıldı.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə