Azərbaycan brendi olan "ASAN xidmət"ə beynəlxalq miqyasda maraq artır TƏHLİL
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində dinamik inkişaf edən Azərbaycan müasir çağırışlarla səsləşən innovativ təşəbbüsləri ilə də dünyanın diqqət mərkəzindədir. Dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və bu qurumun "ASAN xidmət" mərkəzləri Azərbaycanda innovativ islahatlar sahəsində əsl yenilik oldu. İnformasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə etməklə, fəaliyyət göstərən "ASAN xidmət" mərkəzləri ölkəmizdə vətəndaş-dövlət qulluqçusu münasibətlərini yeni səviyyədə qurmağa, şəffaflığı təmin etməyə, bürokratik əngəlləri, mümkün korrupsiya və bu qəbildən olan digər mənfi halları aradan qaldırmağa imkan verib. "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmətin daha yaxşı göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur ki, bu vətəndaş məmnunluğuna səbəb olub. Vətəndaşlara göstərilən xidmətlərdən məmnunluq dərəcəsi 98–100% arasında dəyişir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışların birində bildirib ki, bu mərkəzlərdə şəffaflığın dərəcəsi mütləqdir: "ASAN xidmət"in əsas xüsusiyyətlərindən biri də odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi. Dövlət başçısı bildirib ki, ictimai xidmətlər demək olar ki, ən korrupsiyalaşmış sahələrdən biri idi. İnsanlar onlara qanun çərçivəsində təqdim ediləcək bir arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar. Bu gün qeyd olunan hallar Azərbaycanda tamamilə aradan qaldırılıb. Prezident İlham Əliyev bildirib ki, «Bu, bir də onu göstərir ki, harada güclü iradə var, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq".
"ASAN XİDMƏT" TƏCRÜBƏSİ BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ ÖYRƏNİLƏCƏK
Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzləri beynəlxalq mükafatlara layiq görülüb. Bu gün "ASAN xidmət"in fəaliyyəti Avropa İttifaqında, Avropa Parlamentində, Böyük Britaniya parlamentində, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın "ASAN xidmət" modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. Fəaliyyətə başladığı zamandan bu günə qədər bir neçə beynəlxalq dərəcəli sertifikata layiq görülüb, Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Cənab İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq təşkilatlar "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirlər: "BMT "ASAN"ı fərqləndirib, mükafat verib. Bu da əlbəttə ki, görülən işlərin nəticəsidir". "Uğur 2013" "səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə" nominasiyasının qalibi olub. İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikatı alıb. "ASAN xidmət" BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında birinci yerə layiq görülərək, xüsusi mükafat və diplomla təltif edilib. Dövlət Agentliyi ilə ISESCO arasında imzalanan Birgə Əməkdaşlıq Proqramına əsasən, qabaqcıl idarəetmə üzrə "ISESCO-nun ASAN mükafatı" təsis olunub. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan "ASAN xidmət"ə dünyada böyük maraq var. Dövlət başçısı çıxışlarının birində vurğuladığı kimi, "ASAN xidmət" Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur: "O məhsul ki, bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə "ASAN xidmət"lə maraqlanır. Bizim "ASAN xidmət" bir neçə ölkə ilə müvafiq sənədlər imzalayıb və artıq bir neçə ölkədə "ASAN xidmət" mərkəzləri yaradılır".
Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət"in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunduğundan bu bir nümunəyə çevrilib. Artıq "ASAN xidmət" təcrübəsi Birləşmiş Ərəb Əmirliklərində öyrəniləcək. Əlbəttə ki, bu, təqdirəlayiqdir və bu modelin öyrənilməsi vətəndaşlara yüksək keyfiyyətli xidmətlərdən qaynaqlanır. Yarandığı zaman məsafəsində "ASAN xidmət" öz fəaliyyətini genişləndirir, həm coğrafi əhatə, həm də xidmətlərin sayı artır. "ASAN xidmət"in tərkibinə "ASAN Kommunal", "ASAN həyat", ABAD - Ailə Biznesinə ASAN Dəstək layihəsi də daxildir. ABAD layihəsi dövlət ailə təsərrüfatlarının inkişafında xüsusi rol oynayır.
Bir sözlə, "ASAN xidmət" mərkəzlərində vətəndaşların müraciətlərinə daha qısa zaman kəsiyində baxılması, onlara daha səmərəli xidmətlərin göstərilməsi və dövlət xidmətlərinin sadələşdirilməsi üçün hər cür şərait yaradılıb. Azərbaycan brendi kimi dünyaya səs salan "ASAN xidmət" qısa müddətdə uğur qazanıb və dünyaya nümunə olan modelə çevrilib. Prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan "ASAN xidmət" dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB