Azərbaycanın geostrateji mövqeyi daha da cəlbedici olacaq - EKSPERT RƏYİ
“Azərbaycan Prezidenti cənab İlham Əliyev dekabrın 14-də Brüssel səfəri zamanı İspaniyanın "El Pais" qəzetinə müsahibə verib və burada bir sıra mühüm məsələlərə toxunub. Eyni zamanda post-münaqişə dövrünün reallıqları haqqında cənab Prezidentə bir sıra suallar ünvanlanıb və eləcə də Avropa İttifaqı kontekstində Ermənistanın baş naziri ilə keçirilmiş görüş haqqında da bir sıra fikirlər söylənib. Cənab Prezident Ermənistan tərəfinə bir daha sülh sazişi haqqında öz fikirlərini bildirib. Həmçinin, münaqişəyə qədərki dövr haqqında danışıb”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Ekspertin sözlərinə görə, bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin bərpası, Zəngəzur dəhlizinin hüquqi rejimi haqqında da bir sıra fikirlər deyilib: “Cənab Prezidentə verilən suallar içərisində Rusiya prezidenti Vladimir Putin və Aİ-nin prezidenti Şarl Mişelin vasitəçilik imkanlarının təklif edilməsindəki fərqlər sual olunub. Cənab Prezident cavabında hər iki şəxsin bu məsələdə böyük yardım göstərdiyini bildirib. Avropa İttifaqının humanitar məsələlərin həll olunmasında dərin təcrübəsi var. Bu cür olan görüşlər Soçidə də keçirilib. Münaqişənin tarixi haqqında məlumat verən cənab Prezident 27 il ərzində BMT TŞ-nin qətnamələrinin, Avropa Şurasının, Avropa Parlamentinin, ATƏT-in qərarlarının icra olunmadığını bildirib. Beynəlxalq Ədalət Məhkəməsi ilə bağlı verilən suala cavab Azərbaycanın arqumentləşdirilmiş mövqeyindən ibarət olub.
Digər tərəfdən 44 günlük müharibənin hərbi seqmentinə dünyada böyük maraq olduğu üçün hərbi kontekstdə də sual ünvanlanıb. Azərbaycanın kəşfiyyat və zərbə xarakterli dronları əsasən Türkiyə və İsrail istehsalıdır. Azərbaycanın yerli istehsalı olan kəşfiyyat xarakterli dronlar da müharibədə öz sözünü deyib. Azərbaycanın hərbi məhsullara olan marağı barədə də cənab Prezident fikirləri bölüşüb. Çünki Ermənistanda hələ də revanşizm əhvalı ilə yaşayan insanlar var və bölgədə revanşizm təhlükəsi sabitliyi pozur. Azərbaycanın isə bütün imkanları ilə sərhədlərimizi müdafiə etməyə çalışdığını bildirib”.
İ.Hüseynov vurğulayıb ki, eyni zamanda enerji təhlükəsizliyi barədə cənab Prezidentə sual ünvanlanıb və Cənub Qaz dəhlizinin sonuncu seqmentinin 2020-ci ilin sonlarında istifadəyə verilməsi nəticəsində Aİ-nin enerjiyə olan asılılığı böyük ölçüdə aradan qaldırılacaqdır: “Nəzərə almaq lazımdır ki, son zamanlar Aİ-nin qaz ehtiyyatları azalmaqdadır və təbii qazın qiyməti isə sürətlə artır. Aİ üçün qaz idxalının həm də Rusiyadan asılılığının azaldılması mühüm əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycan qazına olan maraq getdikcə artmaqdadır. Azərbaycan iqtisadiyyatı əsasən xam neft və təbii qaz ixracı hesabına inkişaf edir. Bu həm də təhlükəsizlik konstekstindən də vacib məqamdır. "Trans-Adriatik" qaz kəmərinin uğurla istifadəyə verilməsindən sonra Xəzərin Azərbaycan sektorunda hasil olunan qaza böyük maraq var, bu barədə həm də Avropanın enerji tədqiqatçıları hesabatlarda qeyd edirlər. Cənubi Qafqaz regionu bu gün Aİ-nin əsas maraq dairəsindədir. Təbii ki, bu qaz xəttinin çəkilməsi Azərbaycan, Gürcüstan və Türkiyənin siyasi iradəsi sayəsində baş verib. Digər tərəfdən Azərbaycanın iqtisadi diplomatiyası sayəsində həyata keçirdiyi uğurlu siyasət bu layihəyə investisiya qoyuluşunu daha da cəlbedici edib. Kommersiya baxımından da bu layihə Aİ üçün enerji layihələrinin şaxələndirilməsi kimi nəzərdən keçirilir. Ona görə də bu layihəyə maraq perspektivdə daha da genişlənəcək. Gələcəkdə Yaxın Şərqdən, həmçinin Xəzərin Şərq bölgəsində böyük ehtiyyatları olan Türkmənistan və Qazaxıstan qazının da nəqli nəzərdən keçirilə bilər. Bu isə Azərbaycanın tranzit imkanlarını daha da artırır və Aİ üçün ölkəmizin geostrateji mövqeyini daha da cəlbedici edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB