Fransada qarşıdan gələn prezident seçkilərində millətçi siyasətçinin qalib gəlməsi ermənilər üçün əlavə problemlər yaradacaq və ərəb dünyası ilə də münasibətləri korlayacaq. Bu barədə erməni mətbuatında analitiklər tez-tez çıxışlar edir, geniş müzakirələr aparırlar.
Fransa prezidentliyinə namizədlərin artıq irəli sürülmə mərhələsində Ermənistana, "erməni soyqırımı"na, Qarabağ məsələsinə və burada yaşayan ermənilərin "öz müqəddəratını təyinetmə hüququ"na münasibət bildirmələri köhnə ənənəyə çevrilib. Fransa ermənilərinin rəğbətini qazanmaq, onların səsini oğurlamaq üçün namizədlər niyə yarışır, niyə ölüm-dirim savaşına çıxır. Bu, səbəbsiz deyil. Bəri başdan deyək ki, nəinki Fransada, o cümlədən dünyanın əksər ölkəsində keçirilən seçkilərdə səsvermə hüququ olan yalnız ermənilər səslərini hərraca çıxarırlar. Bu hərracın motivi də yalnız siyasidir. Yəni Ermənistanı, erməniləri, qondarma "erməni soyqırımı"nı tanı, səsim peşkəşdir. Fransada sayı 750 mindən bir milyona qədər olan ermənilər Ermənistanda yaşayan ermənilər kimi deyillər, onlar siyasi al-verin gedişlərini çox gözəl bilirlər.
2022-ci ilin aprelində Fransada prezident seçkiləri keçiriləcək. Və artıq namizədlərin irəli sürülməsi prosesinə başlanıb. Belə görünür ki, ermənilər indiki şəraitdə yaxşılarda yaxşılıq axtarmaq istəmirlər. Hazırkı prezident Makronun Ermənistana yanaşmasında fərqlilik onu deməyə imkan verir ki, erməni icması növbəti seçkilərdə də ona hər cür dəstək verməyi düşünür. Amma yox, Fransadakı ermənilər sağlam düşüncənin əksinə getməyə qərar veriblər və prezidentliyə namizəd, 63 yaşlı yazıçı və jurnalist, əlcəzairli yəhudi əsilli Erik Zemmura bir sırada durmağı düşünürlər. Soruşmaq olar ki, burada nə var? Əsrlər boyu Fransa erməniləri bu ölkənin vətəndaşları olublar və prezidentliyə namizədlərdən hansına səs verəcəklərini yaxşı bilirlər. Seçim etdikləri namizədin şəxsiyyətində problemlər olmasaydı, bununla razılaşmaq olardı. Axı Zemmur ifrat sağçıların namizədidir. Yəni onun baxışları faşizmə yaxındır və faşistlərin fəaliyyətinə tam olaraq haqq qazandırır.
Məsələn, Zemmur müsəlman ölkələrindən gələn miqrantlara qarşı çıxır, islamofob və antisemit bəyanatları ilə seçilir və hətta bir neçə dəfə müsəlmanlara nifrəti qızışdırdığına görə cərimələnib. Bundan əlavə, o, əvvəllər "erməni soyqırımı"nı inkar etmənin kriminallaşdırılmasının əleyhinə olsa da, sonradan erməni icması ilə dost olmağın daha sərfəli olduğunu düşünüb ritorikasında dəyişiklik edib. Yəni faşist baxışlı adi ultramillətçi. Ondan daha radikal, yalnız Hitler və Mussolininin pərəstişkarı Jan-Mari Le Pen ola bilər.
Ən təəccüblüsü isə qarşıdan gələn prezident seçkilərində iştirak edən Fransanın erməni icmasının Zemmuru dəstəkləməsidir. Görünür, Fransa erməniləri Almaniyanın acınacaqlı təcrübəsini unudublar. Axı, ilk vaxtlar hətta alman yəhudiləri də nasistlərin hakimiyyətə gəlişini dəstəkləyib, Hitlerin güclü əli ilə nizam-intizamı bərpa edəcəyini, sabitliyi bərqərar edəcəyini gözləyirdilər. Əgər xatırlayırsınızsa Hitler hər şeyi qaydasına salandan sonra onu dəstəkləyən, hakimiyyəti qazanmaqda kömək edən yəhudilərə və "aşağı irqin" digər xalqlarına Almaniyada artıq yer olmadığını bildirdi və ölkəni tərk etməyənlərə qarşı bəşəriyyətin ən ağır cinayətini - soyqırımını törətdi.
Doğrudanmı ermənilər başa düşə bilmirlər ki, Fransa prezidenti seçilərsə Zemmurun anti-immiqrasiya siyasətinin zərbəsi ilk növbədə hələ də bu ölkədə qeyri-titullu xalq kimi yaşayan erməni əsilli Fransa vətəndaşlarına, o cümlədən Rusiya və ABŞ-da olduğu kimi, ən çox Fransaya köçmək istəyən Ermənistan vətəndaşlarına dəyəcək. Bəs Zemmurun immiqrasiya siyasətini tətbiqindən sonra ermənilərə istisna hal kimi viza veriləcəkmi? Cavab isə yoxdur.
Bu günlərdə Fransanın erməni icmasının təşkilatçılığı və maddi dəstəyi ilə Zemmur Ermənistana səfər etdi. Ermənistan mətbuatı onun Ermənistana səfərini geniş şəkildə işıqlandırdı. Yazdılar ki, prezidentliyə namizəd Zemmur bizim böyük dostumuzdur və Fransa bundan sonra da Ermənistana hər cür köməklik göstərəcək. Zemmur da borclu qalmadı, Çiçernakaberddə "soyqırımı" abidəsini ziyarət etdi, tvitterdə Ağrı dağına baxarkən çəkdirdiyi fotonu da paylaşdı. Fotoya ermənilərin xoşuna gələn altyazı verdi: “Ermənistanla Türkiyə sərhədində, Ağrı dağının qarşısında. Mən ermənilərə demək istəyirəm ki, onlar əsrlər boyu necə bir müqavimət modeli olublar”.
Lakin bu gəlişigözəl sözlərə deyəsən ermənilər tez aldanıblar. Halbuki, Zemmur öz islamofob ritorikasında və siyasətində ermənilərdən və Ermənistandan ancaq alət kimi istifadə etdiyini hələlik ermənilərin az bir qismi anlayıb. Ona görə də ermənilərə sual verməyin vaxtı çatıb, bu faşist təbiətli adam Ermənistana və ermənilərə lazımdırmı? Zemmurun Fransada və xaricdə ərəblərlə hər hansı problemi ola bilər, lakin bu o demək deyil ki, onun fikirlərini bölüşməyə, hətta daha çox onun ərəblərə qarşı və İslamofob siyasətindən sonra ona əməl etməyə fransızlar, üstəlik Fransada yaşayan ermənilər borcludurlar.
Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri pisdir, amma eyni zamanda müsəlman ölkələri arasında İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Livan, Suriya ilə yaxşı münasibətləri var. Bu ölkələr, Rusiyanın əsas “müttəfiqi”ndən və daha çox KTMT-dən fərqli olaraq Ermənistana həmişə hərtərəfli dəstək veriblər. Belə çıxır ki, ermənilərin müsəlman ölkələri ilə, o cümlədən ərəb ölkələri ilə əlaqələri faşist Zemmurun xatirinə qurban verilməlidir. Bunu isə Zemmurun Ermənistana səfərini pisləyən Fransa ermənilərinin müəyyən hissəsi başa düşür.
Makronun isə ermənilərin Zemmura rəğbətini və seçkilərdə verəcəkləri dəstəyi unudacağı heç inandırıcı görünmür. Makron qalib gəlsə onda ermənilərin müsibətli günləri başlayacaq.
Bəs Erik Zemmur kimdir?
"Bird in Flight" nəşri Erik Zemmuru Fransanın Donald Trampı adlandırıb. Trampın fransız versiyası adlandırılan bu şəxs 1958-ci ildə Paris ətrafında anadan olub. Siyasətçinin valideynləri 1954-1962-ci illərdə Əlcəzairin Müstəqillik Müharibəsi zamanı Fransaya köçmüş bərbər yəhudiləridir. Atası feldşer, anası evdar qadın olub.
Erik iki dəfə Milli İdarəçilik Məktəbinə prezident Emmanuel Makron da daxil olmaqla, bir çox fransız siyasətçisinin məzun olduğu təhsil müəssisəsinə daxil olmağa çalışıb, lakin Zemmur buna müvəffəq olmayıb. Sonra Politexnik Tədqiqatlar İnstitutuna sənəd verib və jurnalist olub.
1990-cı illərin ortalarından bəri Zemmur onlarla siyasi və tarixi oçerklər yazıb. "Le Quotidien de Paris" və "Le Figaro" qəzetlərində işləyib, RTL radiostansiyasında şəxsi proqrama rəhbərlik edib, on il "Paris Premiere" kanalında tok-şou aparıcısı olub, həmçinin 2019-cu ildən hər gün sağçı CNews kanalında çıxış edib. Mediada işlədiyi müddətdə Zemmur polemikanı sevən, İslam və immiqrasiya, qadınların və LGBT insanların hüquqları ilə bağlı gurultulu bəyanatlardan çəkinməyən, siyasi düzgünlüyü tanımayan və ictimai qalmaqallardan qorxmayan təxribatçı jurnalist kimi şöhrət qazanıb.
Belə ki, o, CNews-da yüz minlərlə izləyicinin izlədiyi şouda miqrant övladlarını “quldur”, “qatil” və “zorlayan” adlandırması nifrətin qızışdırılması kimi qəbul edilib. Ümumilikdə Zemmur on altı dəfə belə pozuntularda ittiham olunub. O, iki dəfə günahkar bilinib və cərimələnib, lakin əksər hallarda jurnalist söz azadlığı hüququnu müdafiə edə bilib. Hətta Zemmurun fikirlərini bölüşməyənlər də onun natiqlik istedadını və öz fikirlərini auditoriya qarşısında müdafiə etmək bacarığını qeyd edirlər.
Zemmur fransız sağçı siyasətçiləri Eduard Balladur və Jak Şirakın tərcümeyi-hallarını yazıb və 2006-cı ildə cəmiyyətin feminizasiyasını tənqid etdiyi və gender rollarının tarixdən kənar, universal qavrayışına qayıtmağa çağırdığı "Birinci Cins" kitabını nəşr etdirib. 2014-cü ildə o, ən çox satılan (500.000 nüsxədən çox satılan) "Fransız İntiharı" kitabını yazıb. Müəllif orada Fransa dövlətinin tənəzzülünün 1970-ci illərdən başladığını və bunun səbəbi kimi ənənəvi dəyərlərin, feminizmin, immiqrasiya və bərabərlik prinsiplərinin rədd edilməsi olduğunu iddia edir.
2021-ci ildə Zemmurun “Fransa hələ son sözü deməyib” adlı yeni əsəri işıq üzü görüb. Bu əsərdə o, İslama qarşı kəskin çıxış edir və onu Fransa mədəniyyəti və millətin gələcəyi üçün əsas təhlükə kimi təqdim edir. “The Guardian” yazır ki, kitabda Zemmur mümkün “irq müharibəsi” ilə bağlı xəbərdarlıq edir və ağdərili heteroseksual kişilərin etnik azlıqların və sözdə “gey lobbisi”nin təzyiqi altında olduğunu vurğulayır.
1980-ci illərin ortalarından etibarən Erik Zemmur siyasi başlanğıc üçün zəmin yaratdı və nəşrlərdə, radio verilişlərində və televiziya şoularında ifrat sağçı fikirləri açıq şəkildə dəstəkləyib. 30 noyabr 2021-ci ildə o, Fransa prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqladıqdan sonra jurnalist televiziyadakı işini tərk etməli olub. Zemmur prezident seçkilərinə qatılma səbəbini açıqlayarkən deyib: "İstəyirəm ki, gələcəkdə fransız qadınları hicab taxmasın, əcnəbilərə tabe olmasın".
Zemmurun doqquz dəqiqəlik çıxışındakı səhnə 1940-cı ildə Şarl de Qollun nasist Almaniyasına qarşı müqaviməti davam etdirməyə çağırdığı fransızlara müraciətini xatırladır. Zemmur vurğulayıb ki, Janna d'Ark və XIV Lüdovik Fransası yoxa çıxıb və immiqrasiya dövlətin bütün problemlərini daha da ağırlaşdırır. Versal Sarayının kadrları və videodakı Napoleon haqqında filmlərdən parçalar metrodakı qara dərili insanların fotoşəkilləri, dağıdılmış kilsələrin çərçivələri və küçə döyüşləri ilə əvəzlənir. Ölkədə "müasirliyin deqradasiyası” baş verir.

Vədlər və qalmaqallar
Erik Zemmur israr edir ki, müsəlmanlar ölkəni “müstəmləkələşdirir” və İslam Fransa dəyərlərinə uyğun gəlməyən bir dindir: "Assimilyasiya olunmayan bütün immiqrantları öz ölkələrinə geri göndərmək lazımdır. Fransız uşaqlara Məhəmməd kimi əcnəbi adlardan istifadə etməyi qadağan etmək lazımdır. İmmiqrasiya təkcə mədəni dəyərlərin itirilməsini sürətləndirmir. Müsəlman kişilər fransız qadınları üçün təhlükə, eləcə də potensial terror mənbəyidir".
Zemmur seçiləcəyi təqdirdə təhsil müəssisələrində gender bərabərliyi proqramını ləğv edəcəyini, milli borcun azaldılmasını və Fransanın suverenliyini qaytaracağını vəd edib. Siyasətçi ölkənin NATO-dan çıxmasını dəstəkləyir. O, həmçinin anti-feminist fikirlərini bölüşməyə davam edir və sözdə “LGBT təbliğatını” pisləyir.
2021-ci ilin aprelində Zemmurun məsləhətçisi olan qadını zorla öpdüyü bildirilir, lakin o, günahını etiraf etməyib.
Erik Zemmur Fransanın solçu mediasını “ölkəyə nifrət edən təbliğat maşını” adlandırıb: "Onların müəllifləri Fransa tarixinə və mədəniyyətinə tüpürüb millətin yox olmasını istəyənlərdir".
Zemmurun kitablarında təkcə qalmaqallı açıqlamalar deyil, həm də tarixi qeyri-dəqiqliklər diqqət çəkir. Müəllif Fransanın keçmişdə digər xalqlara qarşı törətdiyi cinayətlərə, o cümlədən İkinci Dünya Müharibəsində öz imicini yaxşılaşdırmağa haqq qazandırmağa çalışıb. Zemmur faşist Almaniyası ilə əməkdaşlıq edən marşal Filip Petenin kollaborsionist rejiminə haqq qazandırır. Siyasətçi II Dünya müharibəsində Fransa vətəndaşlığı olmayan yəhudilərin düşərgələrə deportasiya olunmaq üçün ekstradisiya edildiyini, qalanlarının isə dövlətin himayəsində olduğunu bildirib. Zemmurun iddiası həqiqətə uyğun deyil. "New York Times" qəzetinin yazdığına görə, Fransa yəhudi icmasının liderləri tərəfindən bu, tənqid edilib.
Noyabrın 30-da Erik Zemmur 2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlamışdı. Bir həftə sonra o, Beziersdə 10 mindən çox "Reconquista" tərəfdarının iştirak etdiyi ilk seçkiqabağı mitinqi təşkil etdi. SOS Racisme təşkilatının üzvləri də orada olublar - Zemmurun çıxışı zamanı orada olanların diqqətini “İrqçiliyə yox” şüarı olan köynəklərə çəkmək üçün stullarda dayanıblar. Buna cavab olaraq fəallar döyülüb və təhlükəsizlik xidməti onları oradan çıxarmalı olub.
“Financial Times”ın yazdığına görə, siyasətçi irqçi olmadığını bildirib və əlavə edib ki, biz ölkəmizi, vətənimizi, irsimizi qoruyuruq və övladlarımıza Fransanı həmişə tanıdığımız kimi ötürmək istəyirik. Buna baxmayaraq 8 minə yaxın insan Paris küçələrinə çıxaraq Zemmurun prezidentliyə namizədliyinin irəli sürülməsinə etiraz edib və onu ksenofobiya, homofobiya və qadınlara qarşı ayrıseçkilik siyasəti aparmaqda ittiham edib.
Bəli, Fransanı qarşıda daha ağır vəziyyət gözləyir. Ölkənin 1970-ci illərdən başlamış tənəzzülü daxili çəkişmələr də bir az da dərinləşdirib. Məhz buna görədir ki, Fransanın xarici siyasəti bütün anlamı ilə uduzur. Sarkozinin prezidentliyi dönəmində rəsmi Paris Liviyada müharibəni yalnız alovlandıra bildi. Bundan o tərəfə isə gedə bilmədi. ABŞ-ın hərbi müdaxiləsi olmasaydı Liviyada başlanmış "ərəb baharı" "fransız baharı" ilə əvəzlənəcəkdi. Çünki Fransa supergüc statusunda deyil. Bundan sonra Parisdən Paris olmayacağı kimi, Makron və Zemmurdan da Şarl de Qol çıxmayacaq.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB