Dekabrın 12-də Biləsuvar rayonunda xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb. Biləsuvar rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı, hüquq-mühafizə orqanları, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Biləsuvar rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının birgə təşkilatçılığı ilə Rayon Gənclər Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirin açılışında ilk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canında keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirdi ki, tarix sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalqın məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz və qürur duyduğumuz böyük Azərbaycanlı idi. Çıxışının sonunda Faiq Qürbətov qeyd etdi ki, Heydər Əliyev cismən aramızda olmasa da, onun ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır. Bu gün müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı ilə, onun iradəsi, istedadı, əzmi, vətən sevgisi, yorulmaz fəaliyyəti ilə bağlıdır. Azərbaycan xalqı ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini daim uca tutacaq, böyük Heydər Əliyev yolu ilə gedərək, bu yolun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək bu ideyaların gerçəkləşdirilməsində qüvvə və səylərini əsirgəməyəcəklər.
Tədbir Bakı Kamera Orkestri kollektivinin çıxışları ilə davam etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB