YAP rəhbərliyi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

YAP rəhbərliyi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

Yeni Azərbaycan Partiyasının rəhbərliyi, İdarə Heyəti, Veteranlar Şurası, Gənclər Birliyinin üzvləri, YAP- ın Milli Məclisdəki deputatlar qrupu Ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət ediblər. SİA xəbər verir ki, partiya nümayəndələri dahi şəxsiyyətin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.

1993-cü ilin yayında, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük Qayıdış idi və Ulu Öndər müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətlərdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.

Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıdan, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınan böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə