Qələbənin rəmzi Zəfər paradı - MƏQALƏ

Qələbənin rəmzi Zəfər paradı - MƏQALƏ

10 dekabr 2020-ci il... 44 günlük Vətən müharibəsinin – düşmənin başını əzən “Dəmir yumruq” əməliyyatının möhtəşəm sonluğu – Zəfər paradı...
Azərbaycan xalqının tarixi yaddaşına qızıl hərflərlə yazıldı Zəfər paradı... Böyük türk dünyasının tarixində yeni bir hadisə oldu bizim Zəfər paradı...
Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu paradın tarixi əhəmiyyətini elə həmin paraddakı çıxışında çox gözəl vurğulamışdır: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
O günü – Zəfər paradını mən böyük sevinc və qürurla xatırlayıram: Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradını Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdilər. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak edirdilər. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri iştirak edirdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi, Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə olmaqla yanaşı, beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Vətən müharibəsi ərzində də, Zəfər paradı günündə də ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürü idi.
Zəfər paradında Azərbaycan ordusunun hərbi arsenalı: 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi.
44 günlük Vətən savaşının hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qisminın, eləcə də ermənilərin hərbi texnikalarının nömrə nişanlarından düzəldilmiş “Qarabağ Azərbaycandır!” lövhəsinin nümayiş olunması rəsmi İrəvanın öz ordusunun yenilməzliyi haqqında yaratdığı mifin tarixi ədaləti bərpa etmiş Azərbaycan ordusu tərəfindən darmadağın edilməsinin əyani sübutu idi.

Vətən müharibəsində Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğradı. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən onları tezliklə sağaltmalarını xahiş edirdilər ki, döyüş meydanına qayıdıb müqəddəs missiyalarını başa vursunlar. Məhz Ali Baş Komandanına güvənən qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.

Bir məqamı xüsusi qeyd etmək istəyirəm: Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirildi. Bu tarixi anları izləyərkən 30 iilik arzuları çiçək açmış xalqımızın hər bir vətənpərvər övladının qəlbi qürurla doldu. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi.
Zəfər paradı – prezident-xalq birliyindən güc alan, təkcə müasir texnika ilə deyil, Vətənə məhəbbəti və düşmənə nifrəti ilə silahlanan müzəffər ordumuzun zəfər yürüşünün məntiqi yekunu idi.
Zəfər paradı – 30 illik məğlubiyyət utancından qurtulan anam Azərbaycanın, nəhayət ki, qürurla və fəxrlə “Qarabağ Azərbaycandır!” – deyə dünyaya meydan oxuması idi.
Mən isə yazımı bu böyük sevgidən və qürurdan yaranmış şeirlərimdən biri ilə bitirmək istəyirəm:

QARABAĞ AZƏRBAYCANDIR

Bunu deyir yüksək-yüksək kürsülərdən
xalq adından
Öz xalqından ilham alan
gözəl insan –
Heydər oğlu böyük İlham:
“Qarabağ Azərbaycandır!”
Yaşa, yaşa, Azərbaycan!

Bunu dedi bu yurd üçün
bir yumruqtək
birləşərək
Düşmən ilə ölüm-dirim savaşına -
cəngə qalxan
neçə qoca, neçə cavan:
“Qarabağ Azərbaycandır!”
Yaşa, yaşa, Azərbaycan!

Bunu dedi elin igid övladları
Əlfiləri, Təbrizləri,
İlqarları, Poladları,
Mübarizi doğan
zaman:
“Qarabağ Azərbaycandır!”
Yaşa, yaşa, Azərbaycan!

Bunu dedi yurd yolunda,
el uğrunda
Bircə dəfə “uf” demədən
qurban gedən
neçə min can:
“Qarabağ Azərbaycandır!”
Yaşa, yaşa, Azərbaycan!

Bunu dedi şəhidlərin,
qazi olan igidlərin
çiçək açmış yarasından
fışqıraraq axan al qan:
“Qarabağ Azərbaycandır!”
Yaşa, yaşa, Azərbaycan!

Bunu dedi Kəlbəcərin
diş göynədən bulaqları,
Cəbrayılın salxım-salxım
sırğalı üzüm bağları,
Şuşamızın şiş dağları,
o dağlardan
asta-asta, aram-aram
qalxan duman:
“Qarabağ Azərbaycandır!”
Yaşa, yaşa, Azərbaycan!

Bunu dedi Xocalıdan
məlul-məlul qalxan ahlar,
Bunu dedi imarətdən
məğrur-məğrur baxan ruhlar.
Bunu dedi əzəmətli
çinarlar yurdu Zəngilan:
“Qarabağ Azərbaycandır!”
Yaşa, yaşa, Azərbaycan!

Bunu deyir “Dəmir yumruq” səfərindən,
44 gündə qazanılan
əbədilik zəfərindən
qürur duyan
ağbirçəkli Azərbaycan:
“Qarabağ Azərbaycandır!”
Yaşa, yaşa, Azərbaycan!

Kəmaləyəm, bir anayam,
müəlliməm,
Bunu dedim ürəyimdən
damla-damla - misra-misra süzülərək
axıb gələn bu şerimlə:
Qoy eşitsin bütün cahan:
“Qarabağ Azərbaycandır!”
Yaşa, yaşa, Azərbaycan!

Kəmalə Əliyeva

Əməkdar müəllim, Xəzər rayonu, E.Əliyev adına 234 №-li tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə