Mina xəritələrini təhvil verməsi üçün Ermənistana təziq gücləndirilməlidir - EKSPERT ŞƏRH ETDİ
“Nə qədər ki, Ermənistan mina xəritələrinin tam və dürüst şəkildə Azərbaycana təhvil verməyib, bu məsələ həll olunmuş sayıla bilməz. Bu həm də o deməkdir ki, Ermənistanın Azərbaycana qarşı düşmən niyyəti və təcavüzü hələ də davam etməkdədir. Minalanmış ərazilərin xəritələr dəqiq şəkildə əldə olunmazsa, həmin əraziləri tam olaraq təmizləmək və insanların həyatını potensial ölüm təhlükəsindən xilas etmək mümkün deyil”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspertin sözlərinə görə, biz artıq neçənci dəfədir ki, Ermənistanın bizə verdiyi mina xəritələrinin qeyri-dəqiq və saxta olduğunun şahidi oluruq: “İlk dəfə Gürcüstan və ABŞ-ın vasitəçiliyi ilə Ağdama aid olan mina xəritələrini təhvil versələr də, təxminən 97 min minanın olduğu deyilən xəritənin sonda saxta olduğu üzə çıxdı. Məlum oldu ki, bu xəritə heç də minaların yerlərini əks etdirmir və cəmi 25 faiz dəqiqliyə malikdir. Daha sonra ermənilər Rusiyanın vasitəsilə daha bir minalanmış ərazi xəritələri verdilər və üçüncü dəfə isə bu günlərdə BMT-nin tövsiyəsi ilə guya mina xəritələrini Azərbaycana təhvil verildi. Lakin bəlli oldu ki, bu xəritələr də saxtadır. Bütün bunlar göstərir ki, Ermənistan mina xəritələrini vermək taktikası ilə nəyinki öz təcavüzkarlığını davam etdirir, eyni zamanda dünya ictimaiyyətini aldadır. Məsələ burasındadır ki, ilk əvvəldən Ermənistana mina xəritələri ilə bağlı oyun oynamaq və bu mina xəritələrinin Azərbaycana təhvil verilməsini hansısa bir mübadilə predmetine çevirməsinə imkan vermək lazım deyildi. Ermənistan açıq-aşkar bu məsələ üzərində oyun oynadı. Hər dəfə mina xəritələri adı ilə saxta sənədləri Azərbaycana verməklə özünün maraqlı olduğu bir sıra dversantları geri almağa nail oludu. Beləliklə, Ermənistanın daxili siyasətinə hesablanmış müəyyən oyunlar oynadılar və üstəlik Azərbaycanı aldatdılar”.
A.Quliyev vurğulayıb ki, mina xəritələrinin verilməsi hər hansı bir mübadilə predmeti deyil və ola bilməzdi: “Beynəlxalq hüququn prinsiplərinə görə hər hansı bir şərt olmadan müharibədən sonra əraziləri minalamış tərəf məcburi şəkildə həmin xəritələri qarşı tərəfə verməlidir. Yəni, Ermənistan heçnəsiz buna məcbur edilməli idi. Dövlətlərin və beynəlxalq təşkilatların vasitəçiliyi nəticə vermədiyi üçün fikrimcə, Rusiya vasitəsilə Ermənistana təziqləri gücləndirmək lazımdır. Çünki Rusiyanın vasitəçiliyi ilə Soçidə baş tutmuş görüşdə qəbul olunmuş bəyanatda ilk dəfə olaraq mina xəritələri bağlı məsələni özündə əks etdirən sənəd qəbul olunub. Artıq, Ermənistan humanitar əməkdaşlıq prinsipləri çərçivəsində mina xəritələrini Azərbaycana təhvil verməklə bağlı öhdəlik götürüb. Məhz, buna görə Rusiyanın əli ilə Ermənistana təziqi gücləndirmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə