Geosiyasi proseslər və erməni revanşistlərin boş ümidləri

Bakı Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun sözügedən mövzi ilə bağlı “Geosiyasi proseslər və erməni revanşistlərin boş ümidləri” məqaləsini təqdim edirik
Geosiyasi proseslər və erməni revanşistlərin boş ümidləri

Beynəlxalq münasibətlər və qol mübarizələrinin tarix boyu dəyişən dinamikasına bələd olan mütəxəssislər heç dəyişməyən bir həqiqəti də qəbul edərlər: Avrasiyaya hansı güc hakim olarsa, dünya miqyasında təsir və hegemoniyasını sürdürərək super güc olma vəsfini də qoruyur. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Hörmətli dinləyicilər, TRT “Türkiyənin səsi” radiosundan “Qafqaz gündəmi” rubrikamızda Bakı Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun sözügedən mövzi ilə bağlı “Geosiyasi proseslər və erməni revanşistlərin boş ümidləri” məqaləsini təqdim edirik. Mətni oxuyur mən Sevda Mirzə.

Amerika prezidenti olmuş Bil Klinton çıxışlarının birində XXl ərsdə ABŞ-ın ən stratejik vəzifəsinin Avrasiyada bir ittifaq və ya blokun formalaşmasını əngəlləmək olduğunu bildirmişdi.

Sakit okeandan Aralıq dənizinə qədər min ili keçən bir zaman ərzində regionun dominant gücü türklər idi. Rusiya və Avropanın güclənməsi, rusların Xəzər və Qaradəniz bölgələrinə doğru yayılması, Avropanın bu strateji coğrafiyalara yönəlik müstəmləkə iştahı oyun və mübarizələri mürəkkəbləşdirdi. Türk və rus gücünün bir-biri ilə mübarizəsi ümumilikdə Qərbin daha da güclənməsinə səbəb oldu. Belə olunca çoxşaxəli münasibət və maraqlar sisteminin tənzimlənməsinə, yeni dünya nizamına ehtiyac yarandı. Çinin yüksəlişi və Qərbin hər iki tərəfi çevrələyərək zəyiflətməyə çalışması türk-rus münasibətlərinin xarakterini dəyişdi. Azərbaycanın Qarabağ Zəfəri ilə birlikdə bu mənada təkcə Cənubi Qafqaz deyil, geniş coğrafiyalarda da prosesin seyrinə təsir edən yeni bir vəziyyət ortaya çıxdı. Əlbəttə, burada tarixi-mədəni, demoqrafik, coğrafi-iqtisadi imkanları etibariylə birliyini gücləndirərək getdikcə təsirini artıran bir Türk-İslam gücünün geosiyasi faktor olması, tarixi İpək Yolunun yenidən canlanması, Türkiyə-Pakistan-Azərbaycan ittifaqının dərinləşən hərbi əməkdaşlığı da həlledici rol oynayıb.

Türk-rus uzlaşmasının test edildiyi məsələ olaraq Azərbaycan- Ermənistan münasibətlərinin tənzimlənməsinin, Zəngəzur dəhlizinin açılmasının, bölgəyə həqiqi sülh və əməkdaşlıq havasının hakim olmasının əhəmiyyəti böyükdür. Ancaq İpək Yolu üzərində təhlükəsizlik və stabillik məsələsi, yollar və dəhlizlərə nəzarət, Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi, Türkmənistan qazının Transxəzər layihəsi ilə Türkiyə və Avropa bazarlarına çıxarılması, Ukrayna-Rusiya gərginliyinə qədər bir-biri ilə əlaqəli olan mürəkkıb maraqlar qrafikinə bağlı bir şahmat oyunun davam etdiyini görmək lazımdır.

Türk Dövlətləri Təşkilatının İstanbul görüşündən sonra təməllərini Türkiyə, Pakistan və İranın atdığı Orta Asiya dövlətləri və Azərbaycanı da öz çətiri altında birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad toplantısında torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin edən Azərbaycanın təbrik edilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından Zəngəzur dəhlizinin açılmasının vacibliyinə toxunulması, İran-Azərbaycan-Türkmənistan arasında qaz müqaviləsinin imzalanması Türk-İslam aləminin yüksəlişi ilə birlikdə bütün bölgə xalqlarının da xeyrinədir. Xüsusilə, İran rəsmilərinin bölgənin etno-demoqrafik həqiqətləri, yeni geosiyasi reallığa uyğun olmayan erməni meyilli, Zəngəzur dəhlizinin açılmasına qarşı olan açıqlama və hərəkətlərini artıq tərk edərək Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etməsi də diqqət çəkicidir. Şübhəsiz, rəsmi Tehranın bu fikrə gəlməsində Bakı-Ankara-İslamabad ittifaqının yaratdığı güc tarazlığı, təcrid və iqtisadi çətinliklər içindəykən buna Azərbaycanla da gərginliyin əlavə edilməsinin ağır nəticələrinin ola biləcəyi, yüksək səviyyəli görüşlərdən sonra rəsmi Moskvanın 10 Noyabr Müqaviləsinin ən önəmli maddəsi kimi Zəngəzur dəhlizinə dəstək verilməsinin müəyyənedici rolu olub.

Mürəkkəb konfiqurasiya hörgüsü içində görünsə də, bu müsbət prosesləri təmin edən məcburiyyətlər faktorunun təməlində Türkiyə-Azərbaycan qardaşlığının və türk dünyası birliyinin də yatdığı unudulmamalıdır. Bu strateji güc yüksəlişinin gətirəcəyi yeni Avrasiya uzlaşmasının təmin edilməsi dövlətçilik refleksləri azalan, xarici dairələrin müdaxilə və yönləndirmələrinə gedən Ermənistanın ən zəif halqası Qarabağ müharibəsindən sonrakı siyasi proseslərdən də aydın görünməkdədir. Milli imkanlarıyla tərs mütənasib ifrat ambisya və iddialarından qurtula bilməyən erməni siyasətçiləri istədiklərini ala bilmədikdə hətta dövlətlərinin varlığına belə borclu olduqları Rusiyadan uzaqlaşmağı, Qərbin təsir dairəsinə girməyi, Azərbaycan ordusunun zəfəriylə dəfn etdiyi erməni meyilli Minsk Qrupunu təkrar diriltməyə çalışaraq Xankəndi və ətraflnda yaşayan azsaylı ermənilərə status məsələsini gündəmə gətirməkdədirlər. Rəsmi İrəvan iqtidarı tez, ya gec bu oyunda sınaqdan keçirməyə çalışdığı bütün yolların onları əslində vəziyyətlə - tarixi həqiqətlərlə barışaraq Türkiyə və Azərbaycanla normallaşmaya apardığını, başqa alternativlərinin olmadlğını anlayacaqdır. Nə Soçi, nə də Brüssel görüşləri ölkələrin bir-birinin ərazi bütövlüklərini tanımaları zərurəti, “Zəngəzur dəhlizi, ya Laçın dəhlizi” həqiqətini dəyişdirə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə