Azərbaycan İƏT-in ən fəal üzvüdür - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına 30 ildir ki, üzvdür və Azərbaycan İƏT-in ən fəal üzvüdür. Üzv olduğu bu müddət ərzində öz xarici siyasətində prinsipliliyi tətbiq edib". Bu sözləri SİA-ya açıqlamasında deputat Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, söhbət tərəfdaşlıq və əməkdaşlıq, qarşılıqlı maraqlar üzərində qurulan təşkilatdan gedir: "Beynəlxalq hüququn müdafiəsi, haqq-ədalətin müdafiəsi istiqamətində Azərbaycanın addımları hər zaman çox yüksək qiymətləndirilib və bu təşkilat Azərbaycan ərazisinin işğalı ilə bağlı, Azərbaycana qarşı Ermənistanın törətdiyi cinayətlərlə bağlı dəfələrlə Azərbaycana öz dəstəyini göstərib və müvafiq sənədlər qəbul edib. Azərbaycan məhz əməkdaşlıqla bağlı, ümumi mədəni - mənəvi dəyərlərlə bağlı bu əməkdaşlığa böyük önəm verib. Bununla belə Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirib. Həmçinin digər təşkilatlarla da məhz eyni xətti həyata keçirərək öz mövqeyi inkişaf etdirir və böyük dəstək qazanır.

Ermənistan tərəfi Azərbaycana qarşı işğal zamanı onun mənəvi, mədəni dəyərlərini məhv edib. Bunu islam ölkələri görməlidirlər ki, məscidləri dağıdıb və yaxud orada donuz saxlayan qüvvələrin məqsədi nədir. Bununla yanaşı Azərbaycan dünyada islamafobiyaya qarşı mübarizə aparır. Azərbaycan siyasəti hər zaman mədəniyyətlərin, dinlərin bir-biri ilə qarşılıqlı inkişaf etdirilməsi istiqamətində olub. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında da öz rolunu hər zamankı kimi davam etdirir və hər zaman öz dəyərlərini müdafiə edir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə