Xalq öz ordusu ilə necə birlik olduğunu nümayiş etdirdi - MÜNASİBƏT BİLDİRİLDİ

“Zəfər paradı Azərbaycanın şanlı qələbədən sonra öz hərbi gücünün və xalqın dövlətlə, ordu ilə, cənab Ali Baş Komandanın siyasəti ilə vəhdət olduğunun növbəti göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, Azərbaycan uzun illər ərzində öz müdafiə sənayesini və eyni zamanda ordu birləşmələrini inkişaf etdirib və müxtəlif hərbi paradlar təşkil olunub: “44 günlük müharibədən qalibiyyət qazanaraq çıxan Azərbaycan bu qələbənin şərəfinə 10 dekabr 2020-ci ildə Zəfər paradı keçirmişdir. Bu paradın digər paradlardan mənəvi və tarixi əhəmiyyəti daha böyük idi. Bu hər bir formada həm ölkəmizin qüdrətini bir daha göstərdi, həm də ölkədə siyasi münasibətlər sisteminin mükəmməlliyini nümayiş etdirdi. Xalqın öz ordusu ilə öz prezidenti ilə necə birlik olduğunu göstərdi. Eyni zamanda gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və ümumilikdə dövlətə, vətənə bağlılığı ilə əlaqədar paradın maarifləndirici xarakterinin də mühüm olduğunu düşünürəm və ümid edirəm ki, bütövlükdə həmin bu paradla bağlı materiallar yalnız dekabr ayında deyil müxtəlif dövrlərdə tədris ocaqlarında gənclərimizə aşılanacaq və onların hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm komponentlərdən birinə çeviriləcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə