Brüsseldə daha çox humanitar mövzular müzakirə olunacaq - ANALİTİK AYDINLIQ GƏTİRDİ

“Əslində Soçi görüşündən gözlədiyimiz nəticəni əldə edə bilmədik, amma əsas odur ki, üç lider görüşdü və belə qərara gəlindi ki, kommunikasiya xətləri açılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi analitik Elxan Şahinoğlu deyib.

“Bu görüşdə sərhədlərin müəyyənləşməsi ilə danışıqlara başlanması vurğulandı. Lakin çox təəssüf ki, hər iki məsələdə konkret vaxt göstərilmədi, sadəcə deyildi ki, məsələlərin həllini sürətləndirmək lazımdır. Bəli, Soçi görüşündən sonra yenə də ermənilər görüşü pozdular və heç bir nəticə olmadı. Bu da o deməkdir ki, Ermənistan bu dəhlizi açmaq mövzusundan qaçır. Sadəcə burada əsas söz sahibi Rusiya olmalıdır, yəni Rusiya əgər istəyirsə bu məsələ həll olmalıdır. Brüsseldə isə daha çox humanitar mövzular müzakirə olunacaq. Ermənistanın əsas mövzusu onların “əsir” dediyi mövzudur, bizim mövzumuz isə minalanmış ərazilərin xəritəsinin verilməsi mövzusudur. Düzdür son bir neçə gün öncə ölkələr arasında dəyişmə oldu, yəni bizə xəritə verdilər biz də qarşılığında 10 diversantı təhvil verdik. Lakin o xəritələrin həqiqəti əks etdirməsi haqqında məndə tam əminlik yoxdur. Çünki, Azərbaycan Prezidenti İlham Əliyev də vurğulayıb ki, o xəritələrin çoxu saxtadır. Mən düşünürəm ki, gələcəkdə ilk olaraq bizə verilən xəritələrin həqiqiliyini yoxlamalıyıq, sonra hansısa qarşılıqlı addım atmalıyıq. Brüssel görüşündən nəticə çıxacağına müsbət yanaşmıram, amma fikir mübadiləsinin aparılması bizim üçün faydalıdır. Biz masadan qaçmırıq, əksinə müharibədən sonra biz masaya daha çox maraqlıyıq. Ermənistan isə masadan qaçmağa davam edir. Brüsseldə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində danışıqlar olacaq. Ola bilsin Avropa İttifaqı Rusiyadan geri qalmasın deyə hər hansı bir ümumi cümlələrlə ifadə olunmuş bəyanat da qəbul olundu. Əgər Soçi bəyanatı tam işləmirsə Brüssel bəyanatının işləyəcəyini zənn etmək o qədər də düzgün olmazdı”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə