10 dekabr Zəfər paradı – “Qarabağ Azərbaycandır” kəlamının nidası! ANALİTİK

Siyasət və döyüş meydanında işğalçı düşməni layiq olduğu yeri göstərilməklə yanaşı, bir daha sübut edildi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz.

Azərbaycan əraziləri düz 30 ilə yaxın düşmənin ayaqları altında inildəyirdi, işğal altında əzilir və yadların əlində talanırdı. Qarabağımız və ətraf rayonlarımız 1990-cı illərin əvvəllərindən Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində qanlı-qadalı hədəfə çevrilmişdi. Əslində isə mənfur düşmənin işğalçılıq siyasətinə 1980-ci illərin sonlarından başlanılmışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı, öldürüldü, soyqırımlarına məruz qaldı. Dünya isə susurdu və bu ədalətsizlik beynəlxalq aləmin gözləri qarşısında davam edirdi. Yalnız bütün bunlara baxmayaraq, xalq inanırdı və bilirdi ki, ətrafında birləşdiyi LİDER faktoru torpaqlarımızı murdar düşmən tapdağından azad edəcək – bu inam, bu ümid yaşayırdı, çünki onun reallaşmasına kimsə şübhə etmirdi.

200 ildən sonra yazılan yeni və qürurlu tarixi səhifəmiz!

Nəinki Qarabağımız, eləcə də Zəngəzurumuz, Göyçəmiz, İrəvan mahalımız, Vedibasarımız, Zəngibasarımız, Dərələyəzimiz, Basarkeçərimiz Azərbaycanın tarixi torpaqları kimi daim qəlblərimizdə yaşadılmaqda idi və bu gün də yaşayır, yaşadılır. Bax, bu inamın söykəndiyi əyilməz, sınmaz mütərəqqi sahibi var idi – Prezident və Ali Baş Komandan İlham Heydər oğlu Əliyev!

Azərbaycan son 200 illik tarixində itirdiyi torpaqlarını qaytara bilmədiyi bir halda, İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, uzaqgörən siyasəti, vətəninə və torpağına olan nəhəng məhəbbəti, güclü ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti ilə torpaqlarımız işğaldan azad edildi. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır və həmin iqtidarını döyüş meydanlarında isbatlamış oldu, sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub. Siyasət və döyüş meydanında işğalçı düşməni layiq olduğu yeri göstərilməklə yanaşı, bir daha sübut edildi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz.

Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və Prezident İlham Əliyevin imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamları əsasında hər il 8 noyabrda Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edildi. Bu tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Və bu gün qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Qürur duyuruq ki, uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi. O dəmir yumruq ki, düşmənin başından vurmaqla belini qırdı. 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi! Sözsüz ki, asan yolla qələbə qazanmaq olmur.

Zəfər paradı Böyük Vətən müharibəsində faşizm üzərində Qələbə münasibətilə Moskvada keçirilən tarixi hərbi paraddan sonra postsovet məkanında keçirilən ilk qələbə paradıdır

Lakin daha bir möhtəşəm tarix 10 dekabr 2020-ci ildə şahidi olduğumuz möhtəşəmlikdir – QƏLƏBƏ PARADI! Dövlətimizin başçısı İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə xalqa təbrikində vurğulamışdı ki, döyüş meydanında, siyasi müstəvidə qazandığımız Qələbə ölkəmiz üçün yeni dövr açır. 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanının şahdləri olduğumiz üçün isə xoşbəxtik! Bütün dünyanın gözü qarşısında və cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

Burada bir vacib məqamı mütləq qeyd etmək lazımdır. Bu Zəfər paradı Böyük Vətən müharibəsində faşizm üzərində Qələbə münasibətilə Moskvada keçirilən tarixi hərbi paraddan sonra postsovet məkanında keçirilən ilk qələbə paradıdır. Daha bir vacib məqam ondan ibarətdir ki, hər iki parad faşizm üzərində Qələbənin paradıdır. Birincisi, alman faşizmi, ikincisi isə erməni faşizmi üzərində Qələbənin paradıdır. Bu parad İkinci Qarabağ müharibəsi adını almış 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbənin parlaq nümayişidir. Bu paradın özünəməxsus xüsusiyyəti, digər paradlardan fərqi var...

İlham Əliyev 2018-ci ildə deyirdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq Meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”

Prezident İlham Əliyevin hələ 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq Meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Bəli, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları hər zaman olduğu kimi öz vədinin üzərində dayandı və sözünü əməli şəkildə sübuta yetirdi!

Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi

Zəfər paradında bir millət, iki dövlət olaraq Türkiyə-Azərbaycan birliyi də nümayiş olundu. Bu gün, sözün əsl mənasında, tariximizə yazılan unudulmaz bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Paradda vətən mübarizəmizdə şəhid olan azərbaycanlıların sayı qədər türk əsgəri iştirak etdi. Bəli, Türkiyə və Azərbaycanın birliyi qardaşlığın ən gözəl nümunəsidir, tarixi bağlılıqdır. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Azərbaycan-Türkiyə həmişə sevincli, kədərli günlərində eyni sevinci, eyni kədəri keçirib və bu gün də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər paradında da iştirak etdi.

BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi

Daha bir məqam isə budur ki, Zəfər paradı ilə nidası qoyulan hərbi uğurumuzu bərkidən amil uzun illər ərzində davam etdiyimiz diplomatik mübarizəmizdir. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradıldı məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır, Qarabağ Azərbaycandır və 2020-ci ilin 10 dekabr tarixində Azalıq Meydanından necə deyərlər, suyu süzülə-süzülə keçən əzilmiş, yanmış, məhv edilmiş, eləcə də qənimət olaraq ələ keçirilmiş mənfur düşmən texnikaları da dünyanın diqqətindən yayınmadı. Bu, düşmənin rüsvayçı məğlubiyyətinin bariz sübutu oldu. Məhz Qarabağ Azərbaycandır nidası bu tarixdə dünyaya səs salmış oldu.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...