Paşinyan nə qədər çevik hərəkət etmiş olsa öz işini asanlaşdıracaq - MÜNASİBƏT BİLDİRİLDİ

“2021-ci il tarixində Rusiya Federasiyasının Soçi şəhərində keçirilən üçtərəfli görüşün məqsədi gələcəkdəki işlərin planlaşdırılmasına yönəlmiş bir görüş idi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aqil Məmmədov qeyd edib.

Onun sözlərinə görə, bir il bundan öncə bağlanmış üçtərəfli bəyanatda nəzərdə tutulmuş maddələrin icra vəziyyətinə, son zamanlar Ermənistan və Azərbaycan arasında yaranan insidentlərə və bir il bundan öncə Rusiya sülhməramlılarının Qarabağda müəyyən olunmuş ərazidə fəaliyyətinə münasibət bildirilmişdir: “Onu qeyd edim ki, son zamanlar Rusiya ilə Azərbaycan arasında yaranmış müsbət münasibətlər yeni bir müstəvidə çox uğurla inkişaf etdirilir, yəni məsələlərin bu formada cərəyan etməsi təbii ki, üçtərəfli görüşdə də Azərbaycan tərəfə öz müsbət təsirini göstərməlidir.

Bu gün 15 mindən artıq gənc Azərbaycan vətəndaşlarının, tələbələrinin Rusiya ali məktəblərində təhsil almaları və onlara göstərilən münasibət, onlara yaradılan şərait bunların əyani sübutudur. Bu cür münasibətlər iki ölkə arasında körpü rolunu oynayır. Gələcəkdə münasibətlərin müsbət şəkildə irəliləməsinə öz təsirini göstərəcəkdir. Sülhməramlıların fəaliyyətini ümumilikdə müsbət qiymətləndirmək olar. Bu görüş zamanı bəyanat qəbul edilmişdir. Bu bəyanatda da bir çox qəbul edilmiş maddələr Azərbaycanın maraqlarına uyğun gəlir.

Üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Azərbaycan qarşısına qoyduğu məqsədlərə demək olar ki, tam nail olmuşdur. Bəyanatda ən əsas şərtlərdən biri ondan ibarətdir ki, Dağlıq Qarabağ ifadəsi işlənilməmişdir. Həmçinin Ermənistanın həmişə iddia etdiyi girovlar məsələsinə toxunulmamışdır, çünki bunların hamısı əsassız iddialardır. Əsir və girovlar bağlanmış üçtərəfli bəyanatdan sonra qaytarılmışdır. Yəni bu da Azərbaycanın sülh mövqeyində olduğundan xəbər verən addımlardan biridir. Sərhədlərin delimitasiyası və demarkasiyasına çağırış edilmişdir. Azərbaycan bunu daim vurğulamışdır. Avtomobil və dəmir yollarının açılması üçün layihələrin icrasına başlanılacağı bildirilmişdir. Hər hansı bir şərt qoymadan, digər problemlər olmadan Azərbaycan Respublikasının Prezidentinin mövqeyi bu sənəddə öz əksini tapmışdır. Hər üç ölkə Cənubu Qafqazda sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar tarixli bəyanatlardakı bütün maddələrin ardıcıl sürətdə yerinə yetirilməsini öz öhdələrinə götürüblər.

Rusiya prezidenti dəfələrlə mətbuat konfranslarında dəhliz ifadəsindən istifadə etmişdir. Ümumiyyətlə maraqların təmin olunması naminə birgə komissiyaların yaradılması da nəzərdə tutulmuşdur. Bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi sülh danışıqlarını daha çox ikitərəfli formata yönəldir. Yəni 26 noyabrda imzalanmış sənəddə Minsk qrupuna dair bənd qeyd edilməmişdir. Həmişə olduğu kimi ATƏT-in Minsk qrupuna daxil olan ölkələrdən ən fəalı Rusiya olmuşdur. Lakin digər dövlətin nümayəndələri bu 30 ilə yaxın müddətdə heç bir uğurlu addım atmamışlar. Bu məsələlərin gözləntiləri ondan ibarətdir ki, etibarlı münasibətlərin bərpa olunması istiqamətində addımlar atılmalıdır. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, regionda mehriban qonşuluq münasibətlərinin bərpası istiqamətində öz köməyini əsirgəməyəcək. Azərbaycan tərəfi 26 noyabr bəyanatında əks olunmuş aidiyyatı məqamların icrası istiqamətində müvafiq addımları atacaq. Azərbaycan daim öz fikirlərini bəyan etmiş, bu gün də həmin fikirlərin arxasındadır. Azərbaycan hər zaman məsələlərin sülh yolu həll etməyə çalışmış və bu yöndən öz mövqeyini davam etdirir. Düşünürəm ki, qarşı tərəf də bu məsələləri yaxşı qiymətləndirməlidir. Azərbaycanın sərhədlərini tanıyacaqlar, müəyyənləşdiriləcək və sülh sazişi bağlanılacaq. Bununla da regionda sülh şəraitidə qonşuluq siyasəti davam etdirilməlidir. Bundan başqa çıxış yolu yoxdur. Paşinyan bu istiqamətdə nə qədər çevik hərəkət etmiş olsa öz işini asanlaşdırmış olacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə