Rus hərbçiləri necə muzdlu oldular? - ANALİZ

Rusiyanın 2-ci Qərb Dairə Hərbi Məhkəməsində “Yenotlar” adlanan hərbləşdirilmiş qurumun işi üzrə məhkəmə prosesi başlayıb. Müttəhimlər kürsüsündə isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) mayor rütbəli iki keçmiş zabiti və 2011-ci ildə yaradılmış həmin özəl hərbi şirkətin rəhbəri oturub. Mövcud olduğu ilk vaxtlarda “Yenotlar”ın döyüşçüləri Donbass, Suriya və Dağlıq Qarabağ da daxil olmaqla müxtəlif hərbi münaqişələrdə iştirak ediblər. İstintaqın araşdırmasından da bəlli olur ki, zaman keçdikcə “uğur əsgərləri”ndən bəxt üz çevirib, "yenotlar" adi quldurlara çevriliblər. Üstəlik onlara FTX-nin yüksək rütbəli zabitləri rəhbərlik ediblər.

Rusiyanın elit hərbi qurumlarından toplanmış qalmaqallı “Yenotlar” muzdlu döyüşçülərindən ibarən bu qrupun yaranma tarixi də özünəməxsus şəkildə maraqlıdır. Onun yaradıcısı "Müqəddəs Rus" millətçi hərəkatının lideri İqor Manquşev hesab olunur. Donbassda münaqişə kəskinləşən zamanı o, həmfikirləri ilə birlikdə Ukraynanın bu bölgəsinə silahlıları necə göndərmək barədə düşünürdü və buna hansı status veriləcəyi barədə Rusiyanın yuxarı hərbi eşalonundakı dostları ilə məsləhətləşmələr aparırdı. 2014-cü ilin yazında Manquşevin “Müqəddəs Rus” təşkilatının digər nümayəndələri ilə birlikdə humanitar missiya adı altında Donbasa getdiyi barədə məlumatlar yayılmağa başladı. Ona həmin illərdə “Vodyanoy” kod adlı Roman Telenkeviç də dəstək olmuşdu.

Maraqlı burasıdır ki, Manquşevin rəhbərliyi altında Donbasda humanitar missiya adı altında fəaliyyət göstərən bütün muzdluların əlində, yaxud çantasının kənarından asılmış yenot oyuncağı var idi. Bu oyuncaq həm də onların talismanı hesab olunurdu. Vaxt keçdikcə missiya iştirakçıları özlərini “yenot” adlandırmağa başladılar. 2016-cı ilin may ayında isə Gənclərin Hərbi-Vətənpərvərlik Tərbiyəsi və Müdafiəsi üzrə Regional İctimai Təşkilatı “Birləşmiş Xalq İcma Birlikləri” – qısaldılmış “Yenot” kimi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Nəticədə "Müqəddəs Rus" "Ehtiyat" hərbi-vətənpərvərlik klubları birliyi ilə birləşdi. Əvvəlcə təşkilat qondarma respublikaların - LPR və DXR-in döyüşçüləri üçün humanitar yardım toplamaqla məşğul idi. Humanitar yardım, dərmanlardan əlavə separatçılara zirehli gödəkçələr, gecə görmə cihazları və digər döyüş sursatları göndərilirdi. Bir çox insanlar “Yenotlar”ın muzdlu olduğunu anladılar. Bu fikri insanların beynində formalaşdıran əsasən ukrayna mətbuatında dərc olunan məqalələr oldu.

“Yenotlar”ın üzvləri əvvəlcə heç bir döyüş əməliyyatlarında iştirak etmədiklərini iddia ediblər. Bununla belə, onların hərbi formada və silahla çəkdirdiyi fotoşəkillər arabir sosial şəbəkələrdə peyda olub. Bir vaxt təşkilatın saytında işə qəbulla bağlı elan verildi. Halbuki, elan mahiyyətinə və bütün əlamətlərinə görə "yenotlar"ı muzdlular kimi təqdim edirdi. Qrupun üzvləri isə muzdlu olduqlarını inkar edirdilər. Elanın müəllifləri arqument olaraq qeyd edirdilər ki, “Yenotlar” muzdlu ola bilməz, çünki belə şirkətlərin fəaliyyəti Rusiyada qadağandır. Amma bu təşkilata qəbul olmaq istəyən şəxslərin keçmiş hərbçi olmaları, münaqişə bölgələrində iştirakı əsas üstünlük kimi götürülürdüsə, artıq burada təşkilatın humanitar işlə məşğul olduğunu demək artıq görünür. “Yenotlar”a təcrübəli kadrlar lazım idi, çünki təşkilatın fəaliyyət coğrafiyası genişlənirdi. İşə qəbul olmaq istəyənlər Donbassda, Suriyada və Dağlıq Qarabağda hərbi əməliyyatlarda iştirak etdiklərini qeyd etməkdən çəkinmirdilər. Məhz buna görə, mediada "Yenotlar"ı birbaşa muzdlular adlandırırdılar. Amma təşkilatın rəhbərləri inanırdılar ki, Rusiyada belə təşkilatlara qanuni status veriləcək və onların Ukraynada, Suriyada və hətta Dağlıq Qarabağda fəaliyyətləri də qanuni sayılacaq.

Digər tərəfdən “Yenotlar”ın rəhbəri Manquşev tez-tez Ukrayna sərhəddində görünən FTX əməkdaşlarının onları kəşfiyyat məlumatları ilə təmin etmələrindən ilhamlanaraq artıq təşkilatının qanuni status alacağına inamını artırmışdı. Luqansk ətrafında apardıqları lokal əməliyyatlar nəticəsində Ukrayna hərbçilərindən ələ keçirdikləri hərbi sursatlar “Yenotlar”ın əl-qolunu açmaqla bərabər, həm qondarma respublikalarda, həm də Rusiyada diqqətləri özünə cəlb edə bilmişdi. Qrupun rəhbərləri bu bizneslə daha böyük uğur qazanacaqlarını düşünürdülər və əldə etdikləri döyüş təcrübəsi daha “səmərəli” işlərə qatılmağın vaxtı gəldiyini diqtə edirdi.

Amma “Enotlar” təşkilatında heç də hamı Manquşev kimi düşünmürmüş. Təşkilatın əksər üzvləri onlardan humanitar yox, hərbi əməliyyatlarda istifadə edilmələri fikir ayrılığına səbəb oldu, 2016-cı ildə “Yenotlar”la Manquşevin yolları ayrıldı. Manquşev “Yenotlar”ın bütün hesabatlarından silindi. Bundan sonra “Yenotlar”a təşkilatın rəsmi təsisçilərindən biri, “Vodyanoy” kon adlı Roman Telenkeviç rəhbərlik etməyə başladı.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, tale “Vodyanoy”u FSB-nin Moskva və Moskva vilayəti üzrə idarəsinin iki zabiti, mayorlar Aleksandr Mrişuk və Anton Baryakşevlə bir araya gətirib. “Yenotlar”ın keçmiş rəhbəri İqor Manquşev daim öz təşkilatı üçün pul qazanmaq imkanları axtaran, eyni zamanda siyasətçilər və güc blokundan uzaq olan digər nüfuzlu insanlar arasında səxavətli donorlar tapan adam kimi tanınırdı. Manquşevin gedişindən sonra təşkilatda sözün həqiqi mənasında maliyyə böhranı yaşandı.

Telenkeviçin isə fərqli bir sosial dairəsi var idi. Buna görə də, "Yenotlar"a FTX zabitlərinə güc dəstəyi vermək təklif edildikdə, heç kim etiraz etmədi və təəccüblənmədi. Həmin vaxtdan "böyük yoldaşlar"ın "Yenotlar"ın rəhbərinə göstərişləri başlandı və Telenkeviç öz növbəsində, xüsusi xidmət orqanlarının əməliyyatlarında iştirak etmək üçün tabeliyində olanlardan bir qrupunu göndərdi. Bu əməliyyatlardan biri 2016-cı ilin dekabrında baş verdi. FTX-nin xüsusi təyinatlıları Rusiyaya böyük miqdarda “boz” texnika idxal edən qrupa basqın etdi. Reyd çərçivəsində 27 milyon rubl dəyərində müxtəlif elektronika müsadirə edildi, ələ keçirilən əşyaların bir hissəsi isə oğurlandı.

Oğurlanmış hərbi sursat və texnikaların bir hissəsi Moskva vilayətində yaşayan Vladimir Aristarxov adlı şəxsin evindən və qarajından tapıldı. Əməliyyatda iştirak edənlərin yalnız ikisi rəsmi formada idi, qalanları qara maskada, üzləri örtülü şəkildə idilər ki, kimsə onları tanımasın. Sonradan məlum oldu ki, FTX əməliyyatçıları adı altında əməliyyatda iştirak edənlərin hamısı “Yenotlar”ın üzvləri imiş. Aristarxovun özü və ailəsi o qədər qorxmuşdular ki, əməliyyat keçirənlərin kimliyini soruşmağa cürət etməmişdilər. Aristarxova gömrükdən gizlin ölkəyə mal idxal etməkdə suçlamışdılar. Hadisədən sonra Roman Telenkeviç qərargaha bahalı telefonlar və ən əsası külli miqdarda pulla döndü. Təşkilat üzvlərinə ölkə üçün çox önəmli bir cinayətin üstünü açmaqda yardım etdiklərini və bunun qarşılıqsız qalmadığını anlatdılar. Təbii ki, yenotçular cinayət işlətdiklərinin fərqində deyildilər.

İstintaqçılar qrupun üzvlərinin işlətdikləri cinayət əməllərinin üstünü açdıqca məlum olub ki, FTX zabitlərinin rəhbərliyi altında təkcə “Yenotlar”dan Ukraynada yox, dünyanın bir çox münaqişə ocaqlarında muzdlu döyüşçü kimi istifadə ediblər. Dağlıq Qarabağda gdən 44 günlük savaşda Azərbaycana qarşı bu və digər yarımhərbi “vətənpərvər” döyüşçülərdən geniş istifadə olunub.

Ermənistan I Qarabağ savaşında xarici ölkələrdən gətirilmiş muzdlulardan geniş şəkildə istifadə edib, bu, danılmaz faktdır. Müharibədə iştirak edənlərin, erməni əsirliyində olan azərbaycanlıların dediklərinə görə, erməni silahlılarının önündə və bütün çətin əməliyyatlarda xarici muzdlular aktiv iştirak ediblər. Ermənilərin qəhrəman kimi təqdim etdikləri Monte Melkonyan ABŞ-ın Kaliforniya ştatında anadan olub. 1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələrin tərəfində döyüşüb. Bundan sonra Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştrak edib. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum təşkil edib. 1988-ci ildə isə Qarabağda münaqişə alovlanan kimi Monte öz dəstəsi ilə dinc azərbaycanlılara qarşı törədilən vəhşiliklərin törədilməsində öndə gedənlərdən olub.

Ermənilər dünyanın hər yerində olduğu kimi Rusiyada da muzdlu toplamaq kimi qanunsuz əməllərindən çəkinməyiblər. Erməni fondları tərəfindən maliyyələşdirilən həmin qruplar ölkəmizin haqq savaşında bizə qarşı savaşıblar. Düzdür Rusiya rəsmi şəkildə bu hadisələri inkar etsə də Şimal qonşumuzun ərazisində fəaliyyət göstərən “Vaqner”, “Yenotlar” kimi harımhərbi təşkilatlar müxtəlif dini, milli ideologiya ətrafında birləşərək başqa ölkələrin ərazisində münaqişələrdə iştirak ediblər. Bəşşar Əsəd hökumətinin köməyi ilə yüzlərlə suriyalını Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşməyə cəlb edənlər də erməni parası ilə Rusiyadakı mərkəzlər reallaşdırıblar.

İkinci Qarabağ müharibəsində də Ermənistan xarici ölkələrdən muzdluların gətirilməsinə veto qoymadı. Əksinə onların bölgəyə gətirilməsi sxemi rəsmi İrəvanın xeyir-duası ilə tərtib edildi və hadisələrin sonrakı gedişi də göstərdi ki, Livan, Rusiya, İrak, Suriya, Fransa, ABŞ kimi ölkələrdən gətirilmiş paralı əsgərlər Azərbaycana qarşı döyüşlərdə iştirak ediblər. Ermənistan tərəfi bu faktı gizlətmək üçün guya Azərbaycanın muzdlulardan istifadə etdiyini bildirir, amma reallıq başqadır. Məsələ burasındadır ki, ötən ilin sentyabr və oktyabr aylarında ölkənin Latakiya əyalətindəki Rusiyanın nəzarəti altında olan Xmeymim hərbi hava bazasından suriyalı muzdlu döyüşçülər Azərbaycana qarşı müharibədə ermənilərlə birgə vuruşmaq üçün göndərilib. Muzdlulara Liviyaya gedəcəkləri bildirilsə də, onlar Dağlıq Qarabağa gətirilib. Bu müddət ərzində 5 uçuş qeydə alınıb. Bundan başqa, ərəb muzdlularla yanaşı, Suriya mənşəli ermənilərin Livanın paytaxtı Beyrut və Suriya paytaxtı Dəməşqin hava limanlarından Ermənistana onlarla uçuşu təsdiqlənib. İlk iki dəstə oktayabrın 21-də Ermənistana göndərilib. Bununla əlaqədar döyüşçülərə və ailələrinə yanlış məlumat verilib. Hətta bir çox ailə oğullarının Liviyada müəyyən tapşırıqları yerinə yetirmək əvəzinə, Ermənistanda döyüşdüklərini eşidəndə şoka düşüblər.

Ermənistanda döyüşə göndərilən əsgərlər prosesin təfərrüatları barədə tam məlumatlandırılmayılar. Əvvəlcə onlar Liviyada pul üçün döyüşmək üçün qeydiyyatdan keçiblər. Liviyada aktiv döyüşlər dayandığı müddətdə Qarabağda döyüşlərin getdikcə intensivləşdiyinə görə işə qəbul olunanlar Ermənistana göndərildilər. Maaşlar ixtisasdan və tələb olunan bacarıqlardan asılı olaraq 1 000 ilə 2 000 dollar arasında dəyişib. Ancaq muzdlular yaralanma hallarında təzminat almaq hüququna malik deyildilər. Həm də itkin düşmüş əsgərləri axtarmaq və ya əsir mübadiləsi sövdələşmələri aparmaq kimi öhdəlik də olmayıb. Bir sözlə, sağ qalsan, pul qazanacaqsan, əsir düşsən, yaxud yaralansan nə danışıqlar aparmaq, nə mübadilə aparmaq, nə də müalicə olunmaq kimi şansın qalmır. Ona görə də Ermənistan rəsmiləri ordunun tərkibində muzdlu olmadığı barədə ötkəm danışmaq kimi yalançı görüntü yaradırlar.

Amma faktlar muzdluların sayının minlərlə olduğuna dəlalət edir. Ermənistana aparılan muzdlulardan birinin anası aldadıldığını dilə gətirərək bildirib ki, pula çox ehtiyac duyduğu üçün oğlunun Liviyaya getməsinə razı olub. Sentyabrın 18-də oğlu bir zabitin telefonundan istifadə edərək Xmeymim hava bazasından olduğunu deyib. Ondan sonra oğlundan xəbər çıxmayıb. Qarabağda gedən döyüşlərdə öldürüldüyünü eşidən qadın əvvəlcə buna inanmayıb, sonrakı dəlil sübutlar isə oğlunun Liviyada yox, Qarabağda döyüşdüyünü isbatlayıb.

Palmira şəhərindən digər bir muzdlunun qohumu isə avqustun ortalarında Liviyaya səyahət etmək üçün 31 yaşlı qohumunun adını siyahıya saldırıb. 15 nəfər idilər. Hamısı sentyabrın 11-də Palmira hava bazasında toplandılar və növbəti iki günü orada keçirdilər. Oradan onlar Xmeymim hava bazasına köçürülüb və Ermənistana göndərilib. Suriyalı muzdlu döyüşçülər Xmeymim hava bazasından Rusiya hərbi təyyarəsi ilə Ermənistana – Erebuni hava limanına aparılıblar. Muzdlular sentyabrın 19-22-də ardıcıl uçuşlarla göndərilib. Digərləri oktyabrın 12, 21 və 27-də göndərilib. Sentyabr və oktyabr aylarında Rusiya Qarabağda ölən azı 15 suriyalı muzdlu döyüşçünün cəsədlərini geri daşıyıb. 12 yaralı da Homs hərbi xəstəxanasına köçürülüb.

Sentyabr-noyabr aylarında Xmeymim Hava Bazasından 54 meyit gətirilib və çoxlu sayda yaralı xəstəxanaya yerləşdirilib. Orada qohumlarına bildiriblər ki, onlar Qarabağda döyüşüblər. Bir çox meyitlər isə müəyyən səbəblərdən ailələrə verilməyib. Maraqlı burasıdır ki, ölən və yaralanan muzdluların ailələrinə deyiblər ki, onlar “xaricdə milli vəzifə borcunu yerinə yetirərkən” öldürülüblər.

Araşdırmalar nəticəsində məlum olub ki, digər ölkələrdən onlarla erməni döyüşmək üçün Qarabağa aparılıb. Bir muzdlu erməni bu barədə danışarkən bildirib ki, döyüşçülər Suriyadan, Livandan, Cənubi Amerikadan və hətta Kanadadan gəlmişdi. 147 nəfərlik qrupa qısa müddətdə paytaxt Yerevandakı düşərgələrdə silahlarla davranmaq öyrədilib. Sonra hər biri 30 muzdludan ibarət bölmələr yaradılıb. Livanın Bürc Hammud şəhərindən olanlar Erməni Gizli Ordusunda (ASALA) qeydiyyatdan keçirdilər. Digərləri Rusiyanın vasitəçiliyi ilə Rizcan Sarancyanın komandanlığı altında muzdlu olaraq iştirak etdilər.

Qarabağ döyüşlərində iştirak etmək üçün Suriyadan və Livandan erməni millətindən olanların toplandığı barədə danışan Kesab şəhərində yaşayan ermənilərdən biri Qaro Mancikyan bildirib ki, iki dəstə “Cham Wings” hava yolları tərəfindən Ermənistana aparılıb. Növbəti qrupa erməni muzdluları və İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının digər üzvləri daxil idi. Müharibə başlayanda Kesab qəsəbəsinin erməni ailələri tam olaraq Livana köçürüldü. Bu prosesə başçılıq edən Livandakı ən böyük erməni siyasi partiyası olan Erməni İnqilab Federasiyası (Daşnaksütyun kimi də tanınır) bəzi erməni yaraqlılarını Qarabağa döyüşə göndərdi. Təxminən 200 erməni gəncinin niyyəti bu idi ki, döyüşdən sonra Ermənistan vətəndaşlığı alacaq.

Buradan belə görünür ki, Rusiyanın da daxil olduğu Livan, Suriya, Fransa, ABŞ kimi ölkələr rəsmi şəkildə muzdluların xidmətindən yararlanmadıqlarını və digər ölkələrə göndərmədiklərini bildirsələr də, həmin dövlətlərin niyyət və arzularını fərqli ölkələrdə mövqelənmiş, təşkilatlanmış yarım-hərbi təşkilatlar reallaşdırıblar.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə