Emil Səməndərov: “Sahibkarlar Vətənin tərəqqisi naminə əzmlə çalışmaq gücündədirlər” MÜNASİBƏT

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi, Azərbaycanın zəfəri, Ermənistanın isə kapitulyasiyası ilə başa çatdı. Qarabağ Zəfəri, ilk növbədə, iqtisadi inkişaf, dövlət və ordu quruculuğu sahəsində illərdir Azərbaycanın apardığı siyasətin uğurunu ortaya qoydu. Başqa sözlə, bu zəfər Heydər Əliyev strategiyasının və İlham Əliyev siyasətinin zəfəri idi. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı yaxşı imicini ciddi şəkildə daha da yaxşılaşdırdı və öz gücünü bütün dünyaya bir daha sübut etdi”.SİA xəbər verir ki, bu fikirləri sahibkar Emil Səməndərov mövzu ilə bağlı münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu zəfər Azərbaycanın və eləcə də bütün regionun iqtisadi inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdırdı, eləcə də sahibkarlığın növbəti və daha uğurlu inkişafı üçün öz töhfələrini verəcək: “Bu amillərdən ən vacibi Qarabağda əldə edilmiş hərbi qələbəni Azərbaycanın gələcək dinamik, davamlı sosial-iqtisadi inkişafına transformasiya edə biləcək əhali, xalq məmnunluğudur. İnanırıq ki, məmnun xalqımızın Prezident İlham Əliyev ətrafında daha da sıx birləşməsi post-müharibə dövründə iqtisadi və sosial islahatlara dəstəyi və etimadı daha da yüksəldəcək, islahatların səmərəliliyini əhəmiyyətli artıracaq. Eləcə də, xalq dövlət birliyinin güclənməsi və güclü siyasi iradənin mövcudluğu insanların həm də gələcəyə ümidini artıracaq. Nəticədə, ölkənin iqtisadi gücünün və iqtisadi potensialının artımının əsas şərti təmin olunacaq. Təbii ki, biz sahibkarlar da sözügedən istiqamətdə öz sözümüzü əməli fəaliyyətimizlə sübuta yetirəcəyik. Çünki ölkə iqtisadiyyatının özəklərindən biri də sahibkarlıq institutunun mövcudluğu və fəaliyyətidir. Kiçik, orta və böyük sahibkarlıq funksiyaları iqtisadi gücün verdiyi səmərələrdən qidalanmalı, ölkəmizin növbəti inkişaf yolunda dinamik işlər görülməlidir. Bizlər - sahibkarlar daim Vətənimizin, dövlətimizin tərəqqisi naminə hazırıq və hər zaman bu istiqamətdə əzmlə çalışmaq gücündəyik”.

Emil Səməndərov bildirib ki, Azərbaycan kiçik iqtisadiyyatlı ölkədir və bu amil həm iri həcmli qeyri-neft investisiyaların cəlb edilməsi, istehsalın həcminin kəskin artması, eləcə də dünyada proteksionist tədbirlərin güclənməsi ixracın artırılması üçün müəyyən problemlər yaradır. Lakin Qarabağın azad edilməsi Naxçıvanla Azərbaycanın birbaşa nəqliyyat əlaqələrinin qurulması nəticəsində ölkənin iqtisadi ərazisinin böyüdülməsi baxımından Azərbaycan-Türkiyə-Gürcüstan azad ticarət zonası iqtisadi regionlaşma çərçivəsində yeni perspektivlər vəd edən layihələrdən biri kimi görünür. Xüsusilə, Zəngəzur dəhlizinin açılması və nəqliyyat-kommunikasiyaların blokadadan çıxarılması üzərində aparılan işlər qarşıda daha böyük fəaliyyət planlarının olacağını proqnozlaşdırır: “O cümlədən, zəfərdən sonra Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafında bir növ dönüş baş verdiyini, bundan sonra bu əlaqələrin davamlı dərinləşərək davam edəcəyini demək mümkündür. Zəfərdən əvvəl ölkələrimiz arasında preferesial ticarət sazişi imzalanmış, Zəfərdən sonra isə bir çox istiqamətlərdə yeni əməkdaşlıq sazişləri bağlanmışdır. Bura iki ölkə arasında gediş-gəlişdə vizanın aradan qaldırılması, şəxsiyyət vəsiqələri ilə qarşılıqlı gediş-gəlişin təmin edilməsi, İqdır-Naxçıvan qaz xəttinin çəkilməsi, Qars-İqdır-Naxçıvan dəmiryolu xəttinin tamamlanması, investisiyalar, nəqliyyat, inşaat və media sahəsində strateji əməkdaşlıq daxildir. Prezident İlham Əliyevin də elan etdiyi kimi, Qarabağın inşasında Azərbaycan və Türkiyə şirkətləri bərabər şəkildə fəaliyyət göstərəcəklər”.

Sahibkar sonda bildirib ki, Qarabağ ərazisinin 20 faizinin işğalını və Qarabağın dağlıq hissəsinin Azərbaycandan ayrılmasını əsaslandırmaq üçün Ermənistanın ən çox istifadə etdiyi uydurma arqumentlərindən biri ondan ibarət olub ki, ermənilər yaşayan ərazilər Azərbaycanın digər ərazilərilə müqayisədə guya daha az inkişaf edib. Lakin 30 ilə yaxın bir müddətdə işğal altında olan ərazilərin mövcud vəziyyəti bir daha göstərdi ki, həmin ərazilər həqiqətən inkişaf baxımından Azərbaycandan çox geridə qalıb və Ermənistan, Qarabağın separatçı rejimi həmin əraziləri inkişaf etdirə bilməyib və etdirə biməz.

“Quruculuq, yaradıcılıq, xalqın rifahının yaxşılaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın missiyasıdır və əminəm ki, Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ dünyanın ən inkişaf etmiş regionlarından birinə çevriləcək”, deyə Emil Səməndərov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə