“Brüsseldə humanitar mövzular gündəmə gələcək” POLİTOLOQ ŞƏRH ETDİ

“Brüsseldə humanitar mövzular gündəmə gələcək” POLİTOLOQ ŞƏRH ETDİ

Brüsseldə daha çox humanitar mövzular gündəmə gələcək. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri qeyd edib ki, əgər Soçidə dəhliz və kammunikasiya xətləri, o cümlədən sərhədlərin müəyyənləşməsi mövzusu müzakirə olundusa, bununla bağlı ortaq bir açıqlama yayımlandısa, Brüsseldə bu məsələlərlə bağlı dərin fikir mübadiləsinin aparılacağını zənn etmir.

“Humanitar məsələ dedikdə, ermənilər, Ermənistanın baş naziri Nikol Paşinyan onların əsir, bizim isə haqlı olaraq diversant kimi qiymətləndirdiyimiz erməni hərbçilərinin geri qaytarılması məsələsi nəzərdə tutulur. Bizim də tələbimiz var humanitar məsələ ilə bağlı ki, minalanmış ərazilərin xəritəsi tamamilə verilməlidir. Paşinyan deyir ki, həmin xəritələrin tamamını bizə verməyə hazırdır, amma bizim ən azı təcrübəmiz var və bu bir ildə bizə verdikləri xəritələr saxta çıxdı, 20-25 faizi düz çıxdı. Yəni, bizə saxta xəritələr lazım deyil, bizə həqiqəti əks etdirən xəritələr lazımdır. Əgər onlar bizə verilərsə, bəli, biz də fikirləşə bilərik ki, həmino diversantların bir hissəsini geri təhvil verək. Əgər bizə yenə də saxta xəritələr verəcəklərsə, biz o diversantları niyə Ermənistana təhvil verməliyik? Bu barədə əlbəttə ki, Brüsseldə fikir mübadiləsi aparıla bilər. Mümkündür ki, Brüsseldə Avropa İttifaqının dəstəyi ilə hansısa ümumi sözlərdən ibarət bir açıqlama, bəyanat da yayımlansın, amma bizim üçün önəmli olan danışıqların gedişatıdır. Biz danışıqlardan qaçmırıq, masada oturmağa hazırıq və masadan da əsas istəyimiz odur ki, problemli məsələlər həllini tapsın”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə