İƏT-in XV Zirvə Toplantısında verilən qərarlar Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi - Bəhruz Quliyev

Azərbaycan dövlətinin və xalqının Qarabağ Zəfərindən sonra əsas hədəflərdən biri də işğaldan azad olunmuş ərazilərimizin sürətli bərpası, həmçinin iqtisadi imkanların genişləndirilməsi oldu. Xüsusilə, Qarabağ iqtisadi regionu ilə yanaşı, Şərqi Zəngəzur iqtisadi regionunun yaradılaraq bu xüsusda işlərin sürətləndirilməsi, nəqliyyat və dəmir yolu dəhlizlərinin açılması istiqamətində başladılan işlər önəm kəsb edir. Bu mənada, Prezident İlham Əliyevin apardığı siyasət, məhz qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına doğru yönəlib. İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən XV Zirvə Toplantısı və orada qəbul edilən Bəyannamə də qeyd edilənlərin təzahürüdür və burada cənab İlham Əliyevin praqmatik liderliyi bir daha özünü sübuta yetirmiş olur. Bu sözləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspert mövzu ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib ki, Zirvə Toplantısının mahiyyəti həm də ondan ibarətdir ki, orada qəbul edilən qərarlar yalnız Avrasiya qitəsini deyil, bütövlükdə dünyanın bir sıra ölkələrini də əhatə edir. Prioritetlərin müəyyən edilməsində Azərbaycanın əsas mövqelərdən birini nümayiş etdirməsi əlbəttə, dövlət başçımızın məqsədyönlü siyasətinin məntiqi nəticəsidir.

“İƏT-ə üzv dövlətlərin hər biri ayrı-ayrılıqda Prezident İlham Əliyevi və Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbə münasibətilə təbrik etdi və bu, həm də belə qənaətə gəlməyə əsas verir ki, artıq inkişaf və tərəqqi dövrünə qədəm qoyulur, əsasən də Zəngəzur dəhlizinin açılması dəyişilməz şərtə çevrilir. Qəbul olunmuş bəyannamədə bir sıra əhəmiyyətli məqamlar da ehtiva olunmaqdadır və bu məqamların hər biri Zəngəzurdan beynəlxalq aləmə açılan qapı rolunu oynamaqdadır. Türkmənistan və digər İƏT-ə üzv dövlətlər Zəngəzur dəhlizindən istifadə etməklə Türkiyəyə, Qara dəniz regionuna və Avropa bazarlarına rahat çıxış əldə edəcəklər. Bu dəhliz eyni zamanda, birləşdirən körpü rolunu oynamaqdadır. Ona görə də artıq İƏT-ə üzv ölkələr, hətta bu qurumda olmayan dövlətlər belə Azərbaycanla əməkdaşlığın vacibliyini anlayır, dəstəkləyirlər, bu əməkdaşlığın qısa zamanda başlanmasını istəyirlər”, - deyə Bəhruz Quliyev vurğulayıb.

“Əlbəttə, bu məsələdə Ermənistan tərəfi artıq öz ətrafında baş verən hər hadisəni dərk etməli, nəticələr çıxarmalıdır, əks halda hətta onun istəyi olmasa belə qarşıya qoyulan məqsədlərin hər biri reallaşdırılacaq və buna kimsənin şübhəsi də yoxdur”, deyən siyasi ekspert daha bir vacib məqama da toxunub: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Qazaxıstanın, Qırğızıstanın və Tacikistanın ölkəmizi tarixi qələbə münasibətilə təbrik etmələri, artıq bütün görünməyən tərəfləri də açır və isbat edir ki, Ermənistanın KTMT üzvü olmasına rəğmən, bu qurumdakı müttəfiqləri müharibənin deyil, inkişafın tərəfdarıdırlar. Eləcə də İrəvanın da necə deyərlər, “daşı ətəyindən tökməsinə” və bu inkişaf trayektoriyasına qatılmağa dəvət edirlər. Şübhəsiz ki, bütün bunlar Azərbaycan Prezidentinin siyasi-diplomatik qələbəsinin davamıdır".

“Daha bir mühüm amil budur ki, Azərbaycan Prezidenti İlham Əliyevin İƏT-ə üzv ölkə rəhbərləri ilə münasibətlərini daha da möhkəmləndirməsidir və bu xüsusda İranla yeni müstəvidə əməkdaşlığın qiymətləndirilməsi, həm İran, həm də Azərbaycan dövlət başçılarının inkişaf edən münasibətlər xəttində yeni eraya qədəm qoyulduğunu bildirmələri regional siyasətin uğur təməli olaraq dəyərləndirilir”, - deyən Bəhruz Quliyev vurğulayıb ki, bütün bu kimi məqamlar ən qısa zamanda öz töhfələrini verəcək, Azərbaycan həm regionda, həm də dünyada siyasi, iqtisadi, diplomatik cəhətdən öz mövqelərini daha da möhkəmləndirmiş olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...