Zəngəzur dəhlizinin açılması qarşılıqlı faydalı əməkdaşlıq üçün daha geniş imkanlar formalaşdıracaq - TAHİR BUDAQOV

Xəbər verdiyimiz kimi, Qazaxıstanın paytaxtı Nur-Sultanda “Nur Otan” Partiyasının İctimai Siyasət İnstitutu tərəfindən təşkil edilən “Qazaxıstan siyasi-partiya sisteminin təkamülü: çağırışlar, nailiyyətlər və perspektivlər” Beynəlxalq Forumu keçirilir. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edir.

Forum iştirakçılarını salamlayan "Nur Otan" Partiyası sədrinin birinci müavini Bauırjan Baybek görüşün Qazaxıstanın müstəqilliyinin 30 illiyi ərəfəsində keçirildiyini vurğulayıb. O, Qazaxıstanın 30 illik inkişafının əsas nailiyyətləri sırasında sülh və təhlükəsizliyin təmin edilməsini, nüvə arsenalından imtina olunmasını, Semipalatin poliqonunun bağlanmasını, yeni paytaxtın tikintisini və qədim Türküstanın inkişafını, region dövlətləri ilə mehriban qonşuluq münasibətlərini və 15 min kilometr dövlət sərhədinin delimitasiyasını, bazar iqtisadiyyatına keçid üzrə əsaslı islahatları və milli fondun yaradılmasını, sosial və nəqliyyat infrastrukturuna irimiqyaslı investisiyaları, əhalinin sayının artmasını, eləcə də bir çox digər məsələləri qeyd edib.

Onun sözlərinə görə, bütün bunlar səmərəli fəaliyyət göstərən dövlət ictimai-siyasi institutları, inkişaf etmiş insan kapitalı, qazaxıstanlıların həyat səviyyəsinin yaxşılaşdırılması, həmçinin müstəqillik illərində dominant siyasi qüvvə olan çoxpartiyalı sistem – “Nur Otan” Partiyası sayəsində mümkün olub. 2019-cu ildən partiya-siyasi sistemin inkişafı dövlət başçısı Kasım-Jomart Tokayevin həyata keçirdiyi siyasət nəticəsində davam edir.

Hazırkı qlobal problemlərin bütün dövlətlərdən sıx qarşılıqlı fəaliyyət və koordinasiya tələb etdiyini, hakim partiyalar arasında əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulayan Bauırjan Baybek Forumun yalnız partiyaların deyil, həm də dövlətlərin və xalqların dostluğunun, gələcək əməkdaşlığının möhkəmlənməsinə töhfəsini verəcəyinə əminliyini bildirib.

Qazaxıstan Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Dauren Abayev deyib ki, partiya sisteminin təkamülünün əsas mərhələlərindən biri bu yaxınlarda "Nur Otan" lideri Nursultan Nazarbayevin hakim partiyanın sədri səlahiyyətlərinin Prezident Kasım-Jomart Tokayevə verilməsi haqqında qərarı olub.

Plenar iclasda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov bildirib ki, Forum siyasi partiyalar arasında münasibətlərin inkişafına, fikir mübadiləsinə və bu sahədə zəngin təcrübəyə mühüm töhfə verəcək.

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin müxtəlif sahələri əhatə etdiyini, dostluq, qardaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığını, ümummilli lider Heydər Əliyevin və elbası Nursultan Nazarbayevin Azərbaycan-Qazaxıstan münasibətlərində etimadın qurulmasına və inkişaf etdirilməsinə, Yeni Azərbaycan Partiyası ilə “Nur Otan” Partiyası arasında səmərəli və qarşılıqlı faydalı münasibətlərin yaradılmasına böyük töhfə verdiklərini vurğulayan T.Budaqov bu gün də Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyevin və Kasım-Jomart Tokayevin şəxsi dostluq əlaqələrinin, məqsədyönlü siyasətinin ölkələrimiz arasında dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin uğurlu inkişafını təmin edən aparıcı amil olduğunu bildirib.

“Ölkələrimiz arasında istər ikitərəfli, istərsə də çoxvektorlu münasibətlər yüksək dinamikaya malikdir, onların inkişafı davamlı xarakter daşıyır və imzalanmış ikitərəfli sənədlər əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi üçün əlverişli siyasi-hüquqi zəmin yaradıb. 2021-ci il noyabrın 12-də İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə səsləndirilən fikirlər dost və qardaş ölkələr, o cümlədən Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərdi və dövlətlərimizin qarşısında yeni perspektivlər açdı”, - deyə YAP Sədrinin müavini qeyd edib.

O deyib ki, bununla yanaşı, Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsi həm Cənubi Qafqaz regionunda, həm də bütövlükdə Avrasiyada yeni geostrateji reallıqların formalaşmasına gətirib çıxarıb. Yeni yaradılmış əməkdaşlıq platforması nəinki regionun xalqları və dövlətlərinə, həm də bir çox ölkələrə, o cümlədən regional və beynəlxalq güc mərkəzlərinə, həmçinin dost Azərbaycana tərəfdaş olan ölkələrə mühüm dividendlər vəd edir.

YAP Sədrinin müavini bildirib ki, Zəngəzur dəhlizinin açılması, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası qarşılıqlı faydalı əməkdaşlıq üçün daha geniş imkanların formalaşmasına imkan verəcək. Şübhəsiz ki, bu, əhəmiyyətli iqtisadi potensiala və tranzit imkanlarına malik Qazaxıstan üçün də faydalı, səmərəli və əhəmiyyətli olacaq.

Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafından bəhs edən Tahir Budaqov hər iki ölkənin hakim partiyaları - Yeni Azərbaycan Partiyası ilə “Nur Otan” Partiyası arasında müntəzəm təmasların çox mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyaları və dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin bəzi aspektləri barədə məlumat verən Tahir Budaqov YAP ilə birləşmək istəyən 6 siyasi partiyanın müraciətinin müsbət cavablandırılmasının, Partiyanın strukturunda ilk dəfə Veteranlar Şurası yaradılmasının Yeni Azərbaycan Partiyasının fəaliyyətində dinamizmə gətirib çıxaracağını diqqətə çatdırıb.

Bu gün partiya üzvlərinin böyük hissəsini gənclərin təşkil etdiyini və yeni üzvlərin mütləq əksəriyyətinin gənclər olduğunu vurğulayan T.Budaqov Yeni Azərbaycan Partiyasının gənclər üçün imkanların yaradılmasına, onlarda milli şüurun inkişafına və vətənpərvərlik ruhunun yüksəldilməsinə həmişə xüsusi diqqət yetirdiyini, bu prosesin bu gün də davam etdirildiyini deyib. Bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın inzibati-coğrafi sərhədlərindən kənarda çox mühüm missiya yerinə yetirir - beynəlxalq münasibətləri formalaşdıraraq inkişaf etdirir.

Diqqətə çatdırılıb ki, regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının digər ölkələrin siyasi partiyaları və partiya təşkilatları ilə səmərəli münasibətləri ölkəmizin beynəlxalq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfədir.

Sonda Tahir Budaqov bildirib: “Beynəlxalq forum partiyalarımız arasında münasibətlərin inkişafı üçün mühüm platforma olacaq. Forumun işinə və onun bütün iştirakçılarına bir daha uğurlar arzulayıram. Fürsətdən istifadə edərək Sizi qarşıdan gələn Birinci Prezident Günü və ölkənin müstəqilliyinin 30 illiyi münasibətilə təbrik edir, dost Qazaxıstan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram”.

Digər çıxış edənlər Qazaxıstanın partiya-siyasi sisteminin formalaşmasında "Nur Otan" Partiyasının rolunu qiymətləndirib, demokratiya və ümumi dəyərlərin inkişafında irəliləyişlə bağlı təəssüratlarını bölüşüblər.

Forum işini noyabrın 30-da davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...