Vasitəçi tərəfsiz və ədalətli olmalıdır ŞƏRH

Vasitəçi tərəfsiz və ədalətli olmalıdır ŞƏRH

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə təsis edilən ATƏT-in Minsk Qrupu yarandığı gündən münaqişənin həlli yolunda heç bir səmərəli təşəbbüs göstərmədi. Azərbaycan bu 28 illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Amma bunların nəinki heç biri olmadı, hətta Ermənistana BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı azacıq da olsa, beynəlxalq təzyiq belə göstərilmədi. Həmsədrlər Ermənistana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini tətbiq etmək əvəzinə, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yumdular. ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin hərbi həll yolunu inkar edərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirməyə və münaqişəni diplomatik-siyasi yollarla nizamlamağa uğursuz cəhdlər etmişdi. Nəticədə, etimadı itirən bu qurumun fəaliyyətsizliyi problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həllinə gətirib çıxardı. Və 44 günlük Vətən müharibəsində ərazilərimizin işğaldan azad olunması uğrunda apardığımız mübarizə bütün beynəlxalq qanunlara görə ədalətli olmaqla, dünya erməniliyinə, erməni təəssübkeşliyinə böyük zərbə oldu. Prezident İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz «Dəmir yumruq» siyasəti yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayaraq 44 gün ərzində işğal altındakı torpaqlarını azad etdi, ərazi bütövlüyünü təmin etdi.

“Vasitəçilər vəziyyətlə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistanla əlaqələrinin nə dərəcədə yaxın olmağından asılı olmayaraq neytral olmalıdırlar”

Prezident İlham Əliyev İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirmişdir ki, ATƏT-in Minsk Qruppu fəaliyyətə başladığı andan hər zaman Azərbaycanın əleyhinə olub: “Yəni onların əvvəldən fəaliyyəti, mövqeyi bu gün də daxil olmaqla hər zaman bizim əleyhimizə olub. Hesab edirəm ki, gələcəkdə də belə olacaq, heç bir dəyişiklik edilməyəcək. Buna görə Ermənistanla bizim aramızda təxribatlar, gərginliklər, anlaşmazlıqlar, ümumiyyətlə, hər hansı bir problemlər baş verdikdə Azərbaycan bu məsələləri özü yoluna qoyur, özü də həll edir. Bizə ATƏT-in Minsk qrupu kimi vasitəçi lazım deyil. Çünki onların mövqeyi ortadadır. Fransanın bu günlərdə özlərini dövlət adamları kimi adlandıran separatçı qurumun iki cinayətkarını yüksək səviyyədə qəbul etməsi, onlarla görüşlər keçirməsi, bəyanatların verilməsi, yəni bu Fransanın mövqeyi deyilmi? Təbii ki, mövqeyidir. Bu 44 günlük müharibə dövründə Fransa və onun prezidenti Emmanuel Makron ermənilərdən çox ermənilik edirdi. Bu gün də həmin mövqeyi davam etdirirlər. Ona görə də bizə Fransa kimi həmsədr lazım deyil. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu kimi həmsədrlik edən qurum lazım deyil. Biz torpaqlarımızı işğaldan azad etmişik, qalan digər problemlərimizi də tədricən həll edəcəyik”.

Bəli, dövlət başçısı onu da bildirib ki, Prezidenti İlham Əliyev müsahibələrində dəfələrlə vurğulayıb ki, vasitəçi tərəfsiz və ədalətli olmalıdır: "Vasitəçilər vəziyyətlə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistanla əlaqələrinin nə dərəcədə yaxın olmağından asılı olmayaraq neytral olmalıdırlar".

“Artıq münaqişə tarixdə qalıbdı. İndi isə yeni dövr başlayıb – quruculuq dövrü, bərpa dövrü”

Bu günlərdə Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən dövlət başçımız bir daha Ermənistanla aparılan əvvəlki danışıqlardan söz açaraq dedi ki, BMT TŞ-nin daimi üzvü olan beş ölkədən üçünün ATƏT-in Minsk qrupuna həmsədrlik etməsinə baxmayaraq, 28 il ərzində lazımi imkanlar çərçivəsində heç bir əməli iş görülmədi: “Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın yox, onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Çünki Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, Minsk qrupunun həmsədrləri Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə məcbur etsəydi, müharibə baş verməzdi. Lakin Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıbdı. İndi isə yeni dövr başlayıb – quruculuq dövrü, bərpa dövrü”. Bəli, artıq müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Artıq Azərbaycanın həyatında yeni dövr - quruculuq, torpaqlarımızın bərpası dövrü başlanıb. 30 ilə yaxın dövrün işğalının Ermənistana nə verdiyini yalnız və yalnız bir sözlə ifadə edə bilərik ki, uğursuzluq. Ermənistan Azərbaycanla eyni vaxtda müstəqillik qazansa da, işğalçı dövlət formal müstəqilliyi ilə diqqət çəkib. Asılı vəziyyətdə yaşayan bir ölkənin güclü iqtisadiyyatdan, ordudan danışması qeyri-mümkündür. İkinci Qarabağ müharibəsində Zəfərimiz Azərbaycanın qarşısında böyük imkanlar açıb. Və bu gün Ermənistanın müdafiəsinə qalxan, erməni lobbisinin əlində alətə çevrilən dövlətlər və siyasi mərkəzlər yaxşı anlayırlar ki, status məsələsini ortaya atmaqla Azərbaycana təsir edə bilmələri qeyri-mümkündür.

Prezident İlham Əliyev ATƏT sədri Ann Linde ilə görüşdə bir daha Ermənistanla aparılan əvvəlki danışıqlardan söz açaraq dedi ki, bu proses artıq tarixə qovuşub. Kommunikasiyaların açılması ilə bağlı danışıqların müxtəlif səviyyələrdə bir neçə mərhələsi baş tutub. Məhz yeni kommnukasiyaların açılması məsələsi müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq.

Azərbaycan Prezidentinin söylədiyi kimi, bu da bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Azərbaycan buna hazırdır: “Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik”.

Prezident İlham Əliyev ATƏT sədrinin diqqətinə çatdıraraq bildirib ki, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlayıb. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb: “Həqiqətən də, işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir”.

ATƏT sədri Ann Linde isə bildirib ki, ATƏT-in əsas prioriteti Avropada təhlükəsizlik sistemini müdafiə etmək və təhlükəsizliyi demokratiyaya, insan hüquqlarına və qanunun aliliyinə bağlayan hərtərəfli konsepsiyaya dəstək olmaqdır. ATƏT münaqişənin həllinə töhfə vermək üçün əlində olan imkanları bir daha nəzərdən keçirəcək. Odur ki, bu kontekstdə, əlbəttə, beynəlxalq hüquq, beynəlxalq insan hüquqları, humanitar qanun, qadınlar, sülh və təhlükəsizlik bizim üçün prioritet məsələlərdir. Bu məsələlər üzərində birlikdə çalışmaq mümkündür.

Göründüyü kimi, Azərbaycanın ATƏT-lə münasibətlərində yeni mərhələ başlayır. Prezident bir daha bəyan etdi ki, hər zaman öz prinsiplərinə sadiq qalan Azərbaycan bundan sonra da bu siyasətini davam etdirəcək. Bu da ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Göründüyü kimi, artıq Minsk qrupu və onun həmsədrlərinin addımları məşhur el məsəlimizdə deyildiyi kimi, “öz cəzandır, çək!”. Bizim artıq nə danışıqlara, nə Minsk Qrupuna, nə də həmsədrlərə ehtiyacımız var. Bizim öz tənzimləyicimiz – “dəmir yumruğumuz” var. Necə ki, 44 gündə də bu yumruq öz tarixi missiyasını layiqincə yerinə yetirdi... Ədalət Zəfər çaldı. Ermənistan da, onun yanında duranlar da layiqli cavablarını aldılar. Prezident İlham Əliyevin sözləri ilə desək: “Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox!...Bu, reallıqdır...”

Bir sözlə, həqiqət budur ki, indiki şəraitdə bizim ATƏT-in Minsk Qrupuna ehtiyacımız yoxdur. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu kimi həmsədrlik edən qurum lazım deyil. Biz torpaqlarımızı işğaldan azad etmişik, qalan digər problemlərimizi də tədricən həll edəcəyik.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə