“Ermənistanın danışıqlara cəlb olunmaqdan başqa çarəsi yoxdur” POLİTOLOQDAN MARAQLI YANAŞMA

“Ermənistanın danışıqlara cəlb olunmaqdan başqa çarəsi yoxdur” POLİTOLOQDAN MARAQLI YANAŞMA

Ermənistan baş naziri Nikol Paşinyanın danışıqlar masasına gətirilməsi Azərbaycan dövıətinin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloqun sözlərinə görə, Ermənistan rəhbərliyi başa düşdü ki, Azərbaycanı hərbi ritorika ilə hədələmək onlara heç nə qazandıra bilməz.

“Xüsusən sərhədyanı ərazilərdə törədilən son hərbi təxribatlar Ermənistanın acizliyini, Azərbaycanın isə gücünü və iradəsini növbəti dəfə nümayiş etdirdi. Bu mənada, artıq Ermənistanın danışıqlara cəlb olunmaqdan başqa bir çarəsi yoxdur. İrəvanın Brüsseldə görüş təklifinə müsbət siqnal verməsi bu aspektdən qiymətləndirilməlidir.

Görüşün niyə məhz Avropa İttifaqı tərəfindən təşəbbüs edilməsi məsələsinə gəldikdə isə, hesab edirəm ki, bu, daha çox Qərbin postmünaqişə dövründə fəallaşmaq niyyəti ilə bağlıdır. Qərb Rusiyanın vasitəçilik imkanlarını daraltmaq istəyir. Bu yaxınlarda məhz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin birbaşa, heç bir vasitəçinin iştirakı olmadan təmas yaratması barədə tərəflər arasında razılıq əldə olundu. Bu təşəbbüs özü-özlüyündə Moskvanın arbitr rolunu zəiflətməyə xidmət edir. 15 dekabr tarixində keçirilməsi planlaşdırılan Brüssel görüşü həm də bu aspektdən diqqəti cəlb edir”, deyə politoloq Ceyhun Əhmədli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə