Təxribat yox, sülh yolu Ermənistan üçün faydalıdır - KOMİTƏ SƏDRİ ŞƏRH EDİB
“Ermənistanın törətdiyi təxribatlar daha çox onun özünə qarşı yönəldilibdir, çünki, bu təxribatlar zamanı erməni silahlıları daha çox itgiyə məruz qalır, tutduqları mövqelərdən geri çəkilməyə məcbur olurlar. Hərbçilərini və hərbi texnikalarını itirən ermənilər bunun acı nəticələrini duyub bir müddət sakitləşsələr, ah-vay etsələr də, ancaq yenidən təxribat törətmək, terrora, suai-qəsdə cəhd etmək həvəsinə düşürlər. Bu, Ermənistandakı hakimiyyətsizlikdən, özbaşınalıqlardan, oradakı qüvvələrin, müəyyən silahlıların siyasi dairələrə xidmət etməsindən irəli gəlir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri diqqətə çatdırıb ki, Ermənistanın hərbi qüvvələrində bu gün keçmiş xuntanın, Koçaryan və Sarkisyanın, onların əlaltılarının təmsilçiləri kifayət qədərdir.
“Bir tərəfdən Paşinyanın acizliyi, hərbçilərə lazımi rəhbərlik edə bilməməsi, reallıqları düzgün qiymətləndirməməsi, vahid mövqe ortaya qoymaması, gah qərbə, gah Avropaya, gah Rusiyaya, gah İrana ümid bağlaması, digər tərəfdən baş nazirin müxalifətdə olanların hərbçilərə təsir etmək imkanlarında olmaları, təxribatlara üstünlük verərək, hadisələri gərginləşdirmələri sərhəddə xoşagəlməz halların baş verməsinə səbəb olmaqdadır. Ermənistan bu təxribatları törətməklə və itgilər verməklə, həm özünün məzlum obrazını yaratmağa, həm də Rusiyanı, KTMT-ni Azərbaycanla münaqişəyə cəlb etmək fikrindədir. Bu isə mümkün deyil. Çünki Azərbaycan beynəlxalq hüququn normalarına əsaslanaraq öz torpaqlarını düşməndən təmizləyibdir, Ermənistanın ərazilərinə təcavüz etməyibdir.
Artıq Qarabağ münaqişəsi yoxdur. Bu gün söhbət 10 noyabrda imzalanan bəyanatdan, bəyanatın şərtlərinin yerinə yetirilməsindən gedir. Sərhədlər dəqiqləşdirilməli, Zəngəzur dəhlizi açılmalı, erməni silahlı birləşmələrinin qalıqları Qarabağ torpaqlarından çıxarılmalıdır. Hətta Birləşmiş Millətlər Təşkilatı da bu bəyanatın şərtlərinin tez bir zamanda yerinə yetirilməsini vacib hesab edir və Ermənistanı təxribatlardan əl çəkməyə çağırır. BMT-nin yaydığı məlumatlarda bildirilir ki, Azərbaycan və Ermənistan 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatına uyğun hərəkət etməli, ziddiyətləri sülh yolu ilə həll etməyə çalışmalıdır.
Göründüyü kimi, Ermənistanın təcavüzkarlıq hərəkətlərinin bütün yolları bağlanıbdır. Açıq qalan sülh və danışıqlar yoludur. Ermənistan rəhbərləri bu yolu nə qədər tez tutsalar o qədər çox qazanarlar”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB