"Ağdama Qarabağın qapısı deyirdilər" - DEPUTAT MÖVQE BİLDİRDİ

"Ağdama Qarabağın qapısı deyirdilər" - DEPUTAT MÖVQE BİLDİRDİ

"20 noyabr Ağdam rayonunun işğaldan azad edilməsi günüdür. Əgər biz bu günə qədər rayonlarımızın işğal günlərini qeyd edirdiksə, çox böyük şükürlər olsun ki, artıq rayonlarımızın işğaldan azad olunmasını qeyd edirik. Ağdam rayonunun işğaldan azad edilməsi Azərbaycan dövlətçilik tarixində hərbi, siyasi qələbənin simvollarından biridir. Ağdam rayonu Azərbaycanın tanınmış, zəngin, imkanlı rayonlarından biri olub". Bunu SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

O, qeyd edib ki, çox haqlı olaraq Ağdama Qarabağın qapısı deyirdilər. Şairlərimiz hələ obrazlı olaraq Ağdamı Qarabağın toy otağı adlandırırdılar. Çünki doğrudan da, zəngin bir rayon idi. Çalışqan zəhmətkeş insanları var idi. Ümumilli liderin sovet dönəmində hakimiyyəti illərində Ağdam şəhəri və rayonu olduqca sürətlə qurulan və tikilən abadlaşan rayonlarımızdan biri idi. Təəssüflər olsun ki, ozamankı hakimiyyətin hərc-mərcliyi, səriştəsizliyi və satqınlığı nəticəsində Ağdam 1993-cü ilin iyulunda işğal edildi. Ağdam Azərbaycanın ən ardıcıl döyüşən və ən çox şəhid verən rayonlarından biridir. Ağdam camaatı Qarabağın işğalına ilk etiraz səsini qaldıran və sonadək mübarizə aparan qəhrəman vətəndaşlarımızdır. Amma, təəssüflər olsun ki, 1993-cü ilin iyunundan başlanan hakimiyyət böhranı Ağdamın da işğalını sürətləndirdi. Ağdam rayonun 70 faizi beləliklə işğal altına düşdü. Ağdam rayonunun işğalından sonra BMT-nin növbəti bir qətnaməsi qəbul edildi. Ağdamın və digər rayonların qeyri-şərtsiz azad olunmasına dair, amma bu qətnamə də digər qətnamələr kimi kağız üzərində qaldı.

Bu barədə Musa Quliyev fikirlərini belə izah edib: "Nəhayət, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin səyləri ilə Azərbaycan xalqı, Azərbaycan Ordusu bir yumruq kimi birləşərək, ötən ilin 27 sentyabrında müharibəyə başladı. 44 gün davam edən Vətən müharibəsi bütün torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. 10 noyabr bəyanatı ilə Ağdam, Kəlbəcər, Laçın rayonlarımız bir güllə atılmadan, bir əsgərimizin burnu qanamadan işğaldan azad edildi. Bu məhz cənab Prezidentimizn nailiyyəti və qəhrəmanlığı idi ki, əsgərlərimizi də, vətəndaşlarımızı da qorudu. Amma arzu etdiyimiz nəticəmiz də əldə olundu. Ağdamın işğalından üç gün sonra cənab Prezident. Ali Baş Komandan İlham Əliyev və birinci vitse prezident hörmətli Mehriban xanım Əliyeva Ağdama səfər etdilər. Bizim ictimaiyyətimizə və dünyaya məlum oldu ki. Ağdamda daş-daş üstündə qalmayıb. Yalnız Ağdamdakı cümə məscidinin minarələri və məscidin dağılmış və baxımsız binasından başqa bir salamat bina qalmayıb. Haqlı olaraq xarici jurnalistlər Ağdamı Qafqazın və ya Qarabağın Hiroşiması adlandırırlar. Buna baxmayaraq cənab Prezident digər işğaldan azad olunmuş ərazilər kimi Ağdamın da yenidən dirçəldilməsi ilə bağlı fərmanını verdi. Artıq Ağdamda yaşayış məntəqlərinin minadan təmizləmə prosesi başlayıb. Ağdam Şəhərinin baş planı hazırlanıb. Elə Ağdamda cənab Prezident ictimaiyyətə bu baş plan ilə bağlı məlumat verib. İnşallah daha gözəl bir Ağdamın səfərinə biz gedəcəyik. Minlərlə Ağdamlı öz həsrətində olduğu ata yurduna qayıdacaq. Bu yaxın bir zamanda baş verəcək. Üç böyük rayonun işğaldan şəhid vermədən azad edilməsi, həqiqətən, tarixi bir hadisədir. Eyni zamanda bu bir il ərzində çox böyük quruculuq işi aparılıb və delimitasiya, demarkasiya prosesi erməni təxribatlarına baxmayaraq davam edir. Bu təxribatlar zamanı şəhidlərimiz oldu, yaralılarımız oldu. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm! Ağdamın işğaldan azad edilməsi bizim tarixi qələbələrimizdən biridir. Bu tarix kitablarımızda araşdırılacaq və səndləşdiriləcək. Eyni zamanda Ali Baş Komandanın bir lider kimi əraziləri danışıqlar yolu ilə azad etməsi bir qəhrəmanlı səlnaməsi kimi tarixə qızıl hərflərlə yazılacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə