"Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır" FOTOLAR

"Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır" FOTOLAR

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş "Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır" mövzusunda onlayn konfrans keçirilib. Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən, millət vəkili Cavid Osmanov açıb. Sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

YAP-ın keçdiyi inkişaf yolu haqqında iştirakçılara ətraflı məlumat verən Cavid Osmanov bildirib ki, 21 noyabr 1992-ci il müasir Azərbaycan tarixinə yazılan tarixi bir gündür. Elə bir gün ki, həmin gündən yenicə dövlət müstəqilliyini qazanmış və böyük faciələrlə üzləşmiş Azərbaycan Respublikasının məhv olunmaqdan qurtulmasının əsası qoyulmuşdu: "1992-93-cü illərdə AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni etmişdi. Həm hakimiyyətə gəlmək üçün, həm də hakimiyyətdə olduqları zaman AXC-Müsavat cütlüyünün səriştəsiz və naşı fəaliyyəti, eyni zamanda bir sıra üzvlərinin xəyanətkarlığı nəticəsində dövlətçiliyimizə ağır zərbələr vurulmuşdu. İnsanlar birmənalı şəkildə dərk edirdilər ki, Azərbaycanı xilas etməyin yeganə yolu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsidir. Yeni Azərbaycan Partiyası yaranmasaydı və Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, biz tamamilə fərqli taleyi yaşayacaqdıq. Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın bəlalardan xilas olmasına gətirib çıxardı. Xaos, anarxiya, iqtisadiyyatda tənəzzül aradan qaldırıldı, böyük islahatlar həyata keçirildi, erməni təcavüzünün qarşısı alındı, separatizm yerində boğuldu və Azərbaycanın bugünkü inkişafa gəlib çatması üçün əlverişli mühit yarandı. Beləliklə, Yeni Azərbaycan Partiyası əsl ümumxalq partiyasına çevrildi".

Çıxış edən millət vəkili, YAP Təftiş Komissiyasının üzvü Elman Nəsirov bildirib ki, Azərbaycan Ulu Öndər Heydər Əliyev və Prezidentimiz İlham Əliyevin sayəsində bu gün dünya reytinqlərində ən yüksək yerlərdə durur. O, qeyd edib ki, bu gün insanlarımız sabit, sürətlə inkişaf edən ölkədə yaşamaqdan qürur duyurlar, doğma Azərbaycanımız Prezidentimiz, partiyamızın Sədri Cənab İlham Əliyevin rəhbərliyi altında hər bir azərbaycanlının fəxr edə biləcəyi bir məkana çevrilmişdir: "Bu uğurların əsasında xalqa xidmət etmək mədəniyyəti durur. Azərbaycan vətəndaşlarının böyük hissəsi də dərindən inanır ki, bundan sonra da uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının iqtidarı ilə bağlı olacaqdır. Bunu deməyə əsas verən vətəndaşların Prezident İlham Əliyevə dərin inamıdır. Bu inamı isə ötən il sentyabr ayının 27-dən başlayan, tariximizə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsində Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Böyük Qələbə daha da bərkitdi və əbədi etdi. Bu Qələbənin tarixdə mühüm yeri təkcə 30 il sonra torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də milli qürurumuzun qaytarılmasıdır. İndi hər birimiz azərbaycanlı olmağımızın qürurunu yaşayırıq. Bu tarixi Qələbəni müəyyənləşdirən daha bir cəhət isə onun döyüş meydanında igid oğullarımızın qanı-canı bahasına əldə olunmasıdır. Heç şübhəsiz, Azərbaycan bu Qələbəni qazanmaqla öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazdı".

Ağdaş rayon icra hakimiyyəti başçısının müavini Əli Kərimov çıxışında qeyd edib ki, ölkəmizdə gedən bütün proseslər, həyata keçirilən siyasət xalqımızın əsrlərdən bəri tarixi yaddaşında saxladığı arzularını gerçəkləşdirməyə - müstəqilliyini daimi, əbədi, dönməz etməyə imkan vermişdir: "YAP-ın tarix və xalq qarşısında ən böyük və ümdə vəzifəsi bu siyasi xəttə sadiq qalmaq, bu yolla inamla irəliləməkdir. Həyat artıq çoxdan sübuta yetirmişdir ki, ümummilli Liderimiz Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər qurum mövcud deyil".

Konfrans iştirakçılarına partiyanın yaradılmasının 29-cu ildönümü münasibətilə təbriklərini çatdıran Ağdaş şəhər ilk partiya təşkilatının sədri Şəhla Hacıbalayeva Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət nəticəsində Azərbaycanın güclü dövlətə çevrildiyini bildirib. Məhz ölkəmiz öz gücü ilə 30 ilə yaxın müddətdə Ermənistanın işağlı altında olan torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu möhtəşəm tarixi qələbə qazandı. Azərbaycanın əldə etdiyi parlaq zəfər eyni zamanda yeni reallıqlar yaratdı.

Konfransı yekunlaşdıran Cavid Osmanov bildirib ki, YAP hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır. Partiyanın VII Qurultayı da məhz yaranmış bu yeni reallıqlar fonunda cari ilin mart ayının 5-də keçirdi. Düzdür, bu günə qədər keçirilmiş olan hər bir Qurultay YAP-ın həyatında əlamətdar hadisə olaraq qalmışdır. Lakin VII Qurultay bir çox özəllikləri ilə əvvəlki qurultaylardan fərqlənir və bu Qurultay Yeni Azərbaycan Partiyasının həyatında yeni dönüş nöqtəsi hesab edilə bilər. Yeni Azərbaycan Partiyası yaranmasının 29-cu ilini qeyd edir və partiya gələn il keçiriləcək 30 illik yubleyinə yeniləşmiş formatda, daha fəal qədəm qoyur.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə